Azərbaycanı hədəfə almağa çalışanların kimliyi və məqsədləri bəllidir
Müsahibələr

Azərbaycanı hədəfə almağa çalışanların kimliyi və məqsədləri bəllidir

Avropa Şurası Parlament Assambleyası qış sessiyasının ilk günündə ölkəmizə qarşı təxribatçı addım atdı. Almaniyalı deputat Frank Şvabenin Azərbaycanın səs hüququnun məhdudlaşdırılması ilə bağlı təklifinə əksəriyyəti öz ölkələrinin hökumətinə müxalif şəxslərin olduğu iclasın üzvləri dəstək verdilər. Beləliklə, Azərbaycan nümayəndə heyəti AŞPA-dakı işini dayandırdı. 2001-ci ildən bəri üzv olduğumuz qurumun İkinci Qarabağ müharibəsinədək fəaliyyətsizliyinin ardından, artıq 4-cü ildir ki, sərgilədiyi qərəzli yanaşma onun haqqında şübhələri təsdiqlədi. Şuranı tərk edən nümayəndə heyətimiz qurumun iç üzünü bir daha ifşa etdi. Milli Məclisin deputatı, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva məsələ ilə bağlı suallarımızı cavablandırdı:

–Beynəlxalq dairələrin total hücumunun növbəti dalğası olan AŞPA-nın qərəzli addımı haqqında nə deyə bilərsiniz?

–Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Ölkəmiz hər zaman dünyanın nüfuzlu təşkilatları ilə sıx əlaqələr qurmağa çalışıb. Bu baxımdan, Avropa Şurası da istisna deyil. Azərbaycanın nümayəndə heyəti AŞPA-nın işində həmişə fəal iştirak edib, müzakirələrə çıxarılan məsələlərə öz münasibətini bildirib. Bizim fəaliyyətimizdə ən əsas məsələ bu beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması olub. Lakin bu məsələdə hər zaman Avropa parlamentarilərinin ikili standartları ilə üzləşmişik. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra müəyyən beynəlxalq dairələr ölkəmizə qarşı hücuma keçiblər. Bu "hücumlar" beynəlxalq hüququn və ədalət prinsiplərinin açıq-aşkar pozulması şəraitində baş verir. Son hadisələr göstərir ki, Avropa Şurası Parlament Assambleyası da özünün "erməni sevgisi" naminə Avropa dəyərlərini tapdalayır. Qurumun qış sessiyasının ilk günündə ölkəmizlə bağlı verilən qərar bunu təsdiqləyir.

30 il ərzində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib. Halbuki quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. 2001-ci ildə Azərbaycan bu təşkilata üzv olarkən AŞPA-nın Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi. Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. AŞPA nəinki Ermənistanın işğalçı siyasətini tanımadı, əksinə erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlarda qərəzli qətnamələr qəbul etdi. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün  düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir. Görünən odur ki, AŞPA müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrinin düşərgəsidir.

–Fransa və Almaniya tandeminin Şvabe nümunəsi ilə Qərbin hansı qaranlıq üzü ortaya çıxdı?

–Bilirsiniz ki, AŞPA 23 oktyabr 2023-cü il tarixində qəbul etdiyi "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamənin 23-cü bəndində açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror tədbirlərini hərbi əməliyyatlar kimi qiymətləndirərək "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən "ciddi narahatçılıq" ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələmişdi. Bu günlərdə təşkilatın ölkəmizə qarşı çıxardığı qərar da bu qərəzli fəaliyyətin davamıdır. Qış sessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi bunu göstərir. Deputatların etimadnamələrinin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Almaniyanı təmsil edən, sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürüb və həmin təşəbbüs təsdiqlənib. Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında əsassız olaraq 100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulmasını və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasının Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib.

Əslində qalmaqallı təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi məlum faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Eyni zamanda təşkilatın bu davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. Aydındır ki, Fransa və Almaniya tandem şəklində çıxış edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı istifadə etməyə çalışır. Görünən odur ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərməyə çalışır.

–Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı dayandırması bundan sonra baş verə biləcək hadisələrə necə təsir göstərəcək?

–Məlumdur ki, yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək təşkilatdakı mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldiyini bildirib. Təbii ki, bu qərarı zəruri edən amillər var və bu amillər əyani şəkildə ortadadır. AŞPA-nın sərgilədiyi qeyri-demokratik mövqe, konkretləşdirsək, ermənipərəst mövqe birmənalı qarşılana bilməz. Bu gün fərqli bəhanələrlə Azərbaycanı hədəfə almağa çalışanların kimliyi və məqsədləri bəllidir.

Azərbaycan güclü dövlətdir və heç kim bizimlə diqtə dilində danışa bilməz. Aydındır ki, AŞPA-nın qərəzli qərarının gerçək səbəbi ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. Dövlətimiz müstəqil və milli maraqlarımızı təmin edən siyasət həyata keçirir. Məhz bu siyasət nəticəsində biz tarixi zəfərə nail olmuşuq. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan bundan sonra daha da güclənəcək, müəyyən xarici dairələrin regiondakı məkrli planlanlarının qarşısını alacaq. Hər hansı ikili standartlar Azərbaycanın haqq yolunda irəliləməsinə mane ola bilməz. AŞPA ilə gələcək əməkdaşlığımız isə qurumun davranışlarından asılıdır.

Tacir SADIQOV,

"Respublika".