Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır və o torpaqlara qayıtmaq xalqımızın hüququdur
Müsahibələr

Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır və o torpaqlara qayıtmaq xalqımızın hüququdur

XX əsrin bəlası – Deportasiya

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixi ərazilər məsələsi, o cümlədən Qərbi Azərbaycan mövzusu xalqımızın ictimai-siyasi həyatında və dövlətimizin xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Azərbaycan xalqının son 300 illik tarixində, daha doğrusu, 1723-cü ildən bu günədək ilk dəfə olaraq qədim tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazilərinin XX əsrin əvvəlində qeyri-qanuni olaraq ermənilərə güzəştə gedilməsi və SSRİ dövləti tərəfindən bu ərazilərin Ermənistan SSR tərkibinə verilməsi məsələsi rəsmi səviyyədə müzakirə olunur. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərin ardından 2023-cü ildə suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə Qərbi Azərbaycana (indiki Ermənistan) qayıdış məsələsi yenidən aktuallaşmışdır. Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri Cəbi Bəhramovla görüşüb söhbət etdik. Onunla müsahibəni oxuculara təqdim edirik:

–Son vaxtlar Qərbi Azərbaycan torpaqlarına qayıdış məsələsi gündəmdədir. Bununla bağlı fikirləriniz maraqlıdır.

–İlk növbədə onu qeyd edim ki, son 200 il ərzində Azərbaycan xalqı, onun əraziləri çar Rusiyası və Sovet Rusiyası tərəfindən təcavüz və işğallara məruz qalmış, anneksiya edilmiş, bu ərazilərə qeyri-qanuni olaraq erməni əhalisi köçürülmüş, onlar işğal olunmuş Şimali Azərbaycan torpaqlarında məskunlaşdırılmışdır. Çar Rusiyası ilə Qarabağ xanlığı arasında imzalanmış 1805-ci il Kürəkçay, çar Rusiyası ilə Qacarlar dövləti arasında 1813-cü ildə imzalanmış Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri Azərbaycan xalqının təməl, yəni onun legitimlik, öz torpaqlarının sahibi olmaq hüququnun cinayətkarcasına pozulması idi. Bu azmış kimi, çar Rusiyasının imperatoru I Nikolay tərəfindən Azərbaycan xalqının hüquqlarını pozan daha bir cinayət törədilir: işğal olunmuş İrəvan və Naxçıvan xanlıqları ərazilərində qondarma inzibati qurum - "erməni vilayəti" yaradılır. Növbəti bağışlanılması mümkün olmayan addım 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Şurasının İrəvan şəhəri və onun ətrafında yerləşən 9 min kvadratkilometr ərazini ermənilərə güzəşt etməsidir. Belə ki, 1918-ci il mayın 29-da AXC Müsəlman Milli Şurasının (Protokol № 3, 4) və Sovet Rusiyasının 1920-1921-ci illərdə Qərbi Zəngəzuru Ermənistan SSR tərkibinə verməsi ilə onun sahibi olan Azərbaycan xalqının təməl hüququ, yəni legitimlik hüququ pozulmuşdur. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən Qacar dövləti və Osmanlı ərazilərindən ermənilərin Şimali Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülməsinə başlanıldı. Çar hökuməti tərəfindən aparılan bu məqsədyönlü siyasət XIX əsrdə də davam etmişdir. Çar məmuru, publisist N.Şavrov 1911-ci ildə yazırdı: "...hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 mln. nəfəri yerli əhali olmayıb, bizim tərəfimizdən buraya köçürülüb". 1890-cı ildə Tiflisdə "Daşnaksütyun" təşkilatının yaradılması ilə erməni millətçiləri bütün Qafqaz ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlara başladılar. Bu qanlı hadisələr 1905-1907-ci illərdə xüsusilə şiddətləndi. Həmin illərdə Şimali Azərbaycanın Zəngəzur, Qarabağ və digər bölgələrində minlərlə azərbaycanlı qətlə yetirildi.

1918-ci il may ayının 26-da Gürcüstan Cənubi Qafqaz Seyminin tərkibindən çıxmaq haqqında qərar qəbul etdikdən sonra, ayın 28-də Şimali Azərbaycandan Cənubi Qafqaz Seyminə seçilən deputatlar Azərbaycanın müstəqilliyi haqqında "İstiqlal Bəyannaməsi" qəbul etdilər. Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin hansı ərazilərdə elan ediləcəyini gözləyirdilər. Onlar Azərbaycan Milli Şurasına müraciətlərində Aleksandropolun (Gümrünün) Osmanlı Ordusu tərəfindən tutulduğunu bildirir və hüquqi məkanları olmadığı üçün siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsinin müzakirə olunmasını təklif etdilər. Bu baxımdan, Fətəli xan Xoyskinin AXC-nin xarici işlər naziri M.H.Hacınskiyə 1918-ci il mayın 29-da göndərdiyi məktub çox maraqlıdır. Fətəli xan Xoyski yazırdı: "...biz ermənilərlə bütün mübahisələri qurtarmışıq və onlar bizim ultimatumumuzu qəbul edəcəklər və müharibə qurtaracaqdır. Biz İrəvanı ermənilərə güzəştə getdik". Lakin bu məsələyə aid arxiv sənədlərinin son dərəcə dəqiqliklə öyrənilməsi və elmi təhlili zamanı qəbul edilən taleyüklü qərarda bütün beynəlxalq hüquq prinsiplərinin pozulması və Azərbaycan xalqının rəyi soruşulmadan qəbul edildiyi faktı təsdiq olunur.

Regionda baş verən hadisələrlə yanaşı, onun hüdudlarından kənarda da Bakı nefti ilə bağlı gizli və açıq siyasi sövdələşmələr aparılırdı. Bakı neftini ələ keçirmək uğrunda birləşən dövlətlərin Cənubi Qafqaz siyasətində erməni amili hər addımda özünü büruzə verirdi. Buna görə də bu dövrdə gedən hərbi-siyasi proseslər fonunda Azərbaycan xalqı Osmanlı dövlətinin yardımına ümid edirdi. 1918-ci il may ayının 24-də Tələt paşa Batum konfransındakı Osmanlı hökumətinin nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşəyə göndərdiyi teleqramda yazırdı: "Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən razı deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcək. İran və Amerikada olan bütün ermənilər orada toplanaraq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə çox asanlıqla birlikdə bizim əleyhimizə hərəkət edəcəklər".

106 il bundan əvvəl müdrikliklə deyilən bu sözlər bu gün artıq öz ağır dəhşətləri ilə reallığa çevrilmişdir. 1918-ci il mayın 29-da keçirilən ikinci iclasda İrəvandan olan Milli Şuranın üzvləri M.H.Seyidov, M.B.Rzayev və N.Nərimanbəyov yazılı şəkildə iki dəfə İrəvanın ermənilərə güzəştə gedilməsinə qarşı etiraz ərizəsi ilə müraciət etsələr də, iştirak edən 20 nəfər Milli Şura üzvü məsələyə münasibət bildirmədən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına razılıq verdi. Digər tərəfdən, dövrün arxiv sənədlərində bu tarixə qədər bütün Cənubi Qafqazın ərazisi 210.000 kvadratkilometr olmuşdur ki, onun da 61.5 min kvadratkilometri Gürcüstana, 9.000 kvadratkilometri güzəştə gedilən ərazi kimi ermənilərə, Brest və Batum konfranslarının qəbul etdikləri qərarlara görə 45.5 min kvadratkilometri isə Osmanlı Türkiyəsinə məxsus idi. Ermənilər əldə etdikləri güzəştlərdən dərhal sonra Şimali Azərbaycanın Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq ərazilərinin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Halbuki onlar 1918-ci ilin mayında Batum danışıqları zamanı bu ərazilərə iddia etməyəcəkləri barədə öhdəlik qəbul etmişdilər. Sual olunur: İrəvan şəhəri ermənilərə güzəştə gedilərkən şəhər əhalisinin və onları təmsil edənlərin rəyi soruşulmuşdurmu? Sənədlər təsdiq edir ki, heç bir rəy sorğusu və yaxud bu istiqamətdə hər hansı bir addım atılmamışdı. Bütün bunlar bu qərarın həm siyasi, həm də hüquqi cəhətdən nə qədər yanlış və bağışlanılmaz bir addım olduğunu təsdiq edir. Bu zaman da Azərbaycan xalqının legitimlik hüququ pozulmuşdur, çünki güzəştə gedilən ərazinin mülkiyyət hüququ xalqa məxsus idi. Bu hüququ çox təəssüflər olsun ki, biz özümüz pozmuş olduq. Əsas məsələ budur ki, beynəlxalq hüquq nöqteyi-nəzərdən götürəndə müasir Ermənistan adlanan qurum qeyri-qanunidir.

–1917-ci ilin oktyabrında Rusiyada baş vermiş hərbi çevrilişdən sonra dünyada "kommunizm kabusu" dolaşmağa başladı. Yəni Qərb ölkələri və ABŞ bolşevikləri özlərinin "düşmən"i hesab etsələr də, onlara hərbi və maliyyə yardımı göstərdikləri məlumdur. Bəs düşmənləri bizə qarşı birləşməyə sövq edən nə idi?

–Çox maraqlı sualdır. Bu gün dəyişməyən faktlardan biri də budur ki, Azərbaycan məsələsi gündəmə gələndə bütün düşmənlər dost olur. Ölkəmizin 2020-ci ildə qazandığı qələbədən sonra da bunun şahidi olduq. İran-ABŞ, İran-Fransa, İran-Almaniya və digər ölkələr. Beynəlxalq münasibətlərdə dost söhbəti yoxdur, bütün dövlətlərin öz mənafeyi var. Tarixə nəzər salanda görünür ki, zaman dəyişsə də, Azərbaycanla bağlı dünyada baş verən hadisələrin məqsəd və mahiyyəti eyni olaraq qalır. Həm 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti, həm 1991-ci ildə Azərbaycan Respublikası dövründə, həm də 2020-ci ildə Zəfər qazandıqdan sonra bir-birinə düşmən olan ölkələr birləşərək ölkəmizə qarşı qərəzli mövqelərini nümayiş etdirdilər. Bəs məsələ nədir? Məsələ ən qədim dövrlərdən bu günədək Azərbaycan torpağının təbii sərvətlərlə zəngin olması ilə bərabər, həm də onun əlverişli geosiyasi və strateji mövqeyə malik olmasıdır. İndi Böyük Azərbaycan ideyası hər kəsi qorxuya salır. Çünki dünyada bu qədər zəngin ikinci bir ölkə yoxdur. Elə sərvətinə görə də Azərbaycan dünyanın diqqət mərkəzindədir. Digər tərəfdən, son 200 il ərzində Qərb dövlətlərinin, çar Rusiyası və SSRİ dövlətinin əlində canlı ölüm alətinə çevrilən ermənilər və onların "böyük Ermənistan" xülyası Azərbaycan xalqı tərəfindən 44 günlük Vətən müharibəsi nəticəsində darmadağın edilmişdir. Bu da bütün düşmənləri yenə bir sırada birləşdirib, amma bütün bunlar bizi qətiyyən qorxutmur.

–Azərbaycan xalqının tarixi üçün yeni bir mərhələ başlayır. Bəs Qərbi Azərbaycana köç məsələsi ilə bağlı bundan sonra bizi nə gözləyir?

–Son 3 ildə qazandığımız uğurlar beynəlxalq müstəvidə yeni reallıqlar yaratdı. Güman edirəm ki, bu yeni erada bütün məsələlər həllini tapacaq. Şübhəsiz, birinci İrəvandan başlayacağıq. Azərbaycan Milli Elmlər Akademiyasında "Qərbi Azərbaycan tarixi" və digər şöbələrin yaradılması və buradakı fəaliyyətimiz elə bu məqsədə xidmət edir. Bizim başqasının torpağında gözümüz yoxdur, lakin öz tarixi torpaqlarımızı geri istəyirik. Tarix boyunca başımıza gələn ədalətsizlikləri, qanunsuzluqları unutmadıq. Bu gün Azərbaycan güclü dövlətdir. Güclü ordusu, dinamik iqtisadiyyatı və ən önəmlisi xalqın dövlətə sonsuz inamı vardır. Biz "Vətənindən məhrum edilənlərik" və bu ağrını hiss edirik. Zəngəzuru, Göyçəni, Zəngibasarı, Basarkeçəri, Dərələyəzi, Amasiyanı və ən başlıcası, qədim İrəvanı yadımıza saldıqca qəhərlənirik. Araşdırdıqca anlayırıq ki, heç bir səbəb, hüquqi əsas olmadan bizi Vətənimizdən məhrum ediblər. Sadəcə Qərbi Azərbaycan deyil, Azərbaycanın bütün torpaqları müqəddəsdir. Bu torpaqlar Babəki, Şəmsəddin Eldənizi, Nizamini, Nəsimini, Füzulini, Uzun Həsəni, I Şah İsmayılı, I Şah Təhmasibi, I Şah Abbası, Nadir şah Əfşarı, Səttar xanı, Əlimərdan bəy Topçubaşovu və nəhayət, ulu öndər, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevi yetişdirib. İrəvanı Osmanlı sultanı IV Murad 1635-ci il tarixli fətnaməsində belə göstərmişdi: "İran ilə Turan, Şirvan və Naxçıvan, Azərbaycan mülkünün gözünün nuru, abır-həyası İrəvan".

–Qərbi Azərbaycana qayıdış bütün dünya azərbaycanlılarının arzusudur. İnanırıq ki, dövlətimizin bu məqsədlə atdığı addımlar öz bəhrəsini verəcək. Bu, Azərbaycanın növbəti Qələbəsi olacaq. Cəbi müəllim, maraqlı müsahibəyə görə Sizə minnətdarlığımızı bildiririk.

–Sağ olun, təşəkkür edirəm.

Müsahibəni apardı:

Aiza ŞABANOVA,

"Respublika".