Xəzər Strateji Araşdırmalar İnstitutunun Baş direktoru, rusiyalı məşhur politoloq İqor Korotçenkonun "Respublika" qəzetinə məxsusi müsahibəsini təqdim edirik:
–Hörmətli İqor Yuryeviç, Azərbaycan tərəfindən sentyabrın 19-20-də lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etmişdir. Bununla əlaqədar Sizin fikirlərinizi bilmək maraqlı olardı.
–Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror tədbirləri və bunun nəticəsi olaraq Qarabağ üzərində Azərbaycanın suverenliyinin tam şəkildə bərqərar edilməsi, sözsüz ki, çoxillik qanlı münaqişədə nöqtəni qoymuş olduqca mühüm və əlamətdar bir addımdır. Erməni işğalçılarının və separatçıların dövrü bitdi. Qarabağ Azərbaycandır və bu, artıq həmişəlik belə olacaq! Heç şübhəsiz, Azərbaycanın bütün dostları, o cümlədən də Rusiya bunu alqışlayır. Çünki biz erməni işğalçılarının öz "əzabları" haqqında ən müxtəlif təbliğatçı proqramlarının şahidi olmuşuq, Azərbaycana qarşı dünyanın müxtəlif, xüsusilə də Avropa və ABŞ kütləvi informasiya vasitələrində qarayaxma kampaniyaları aparılırdı. Bu gün Qələbə nöqtəsinin qoyulması, Azərbaycanın suverenliyinin bərqərar edilməsi Prezident cənab İlham Əliyevin olduqca mühüm, önəmli nailiyyətidir. Ölkə başçısı cəmi 44 gün ərzində İkinci Qarabağ müharibəsində qalib gəldi, həm də bir sutkadan da az vaxt tələb etmiş antiterror tədbirlərinin nəticələrinə görə önəmi və təsiri baxımından heç də geri qalmayan uğura imza atdı. Və bu nöqteyi-nəzərdən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Cənubi Qafqaz regionunda sabitliyə, sülhə xidmət edəcək bir addımdır.
–Regional aktor kimi real gücə çevrilən Azərbaycan hazırda bir çox qlobal layihələr həyata keçirir. Gələcəkdə belə layihələrdən biri də Zəngəzur dəhlizidir. Bu layihə ilə bağlı nə deyə bilərsiniz?
–İkinci Qarabağ müharibəsi Rusiya və Azərbaycan dövlət başçılarının, Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla nəticələnmişdir. Bununla da Ermənistan faktiki öz kapitulyasıyasını etiraf edərək üzərinə bir sıra öhdəliklər götürmüş oldu. Bunlardan biri Bəyannamənin 9-cu bəndi - Azərbaycanın əsas ərazisi və Naxçıvan Muxtar Respublikası arasında fasiləsiz kommunikasiya, habelə nəqliyyat və logistikanın təmin edilməsi üçün Zəngəzur dəhlizinin açılmasıdır. Həmin dəhliz Ermənistan ərazisindən keçməli idi. Bu dəhliz üzərindən yükdaşımaların yerinə yetirilməsi, habelə insanların hərəkətinə nəzarətin həyata keçirilməsini Rusiya FTX-nın Sərhəd Xidməti əməkdaşları yerinə yetirməli idi. Lakin Paşınyan üçtərəfli Bəyanatın sözügedən maddəsinin həyata keçirilməsindən imtina etdi. O, bu barədə hələ ötən ilin sonlarında danışırdı və bu yaxınlarda da bəyan etmişdi ki, Ermənistan həmin bəndi yerinə yetirməyəcək. İrəvan bunu öz bildiyi kimi təfsir edir və hər hansı dəhliz barədə heç nəyi eşitmək istəmir. Belə bir şəraitdə Azərbaycan Naxçıvanla özünün digər əraziləri arasında İrandan keçəcək nəqliyyat-logistik bağlantıya üstünlük verdi. Bu, həmçinin Azərbaycan-İran münasibətlərinin də yaxşılaşmasına xidmət edəcək. Düşünürəm ki, Bakı və Tehranın normal iqtisadi-ticarət və nəqliyyat tərəfdaşlığı iki ölkə arasında münasibətləri sabitləşdirməyə, həmin münasibətləri yeni müstəviyə çıxarmağa şərait yaradacaq. Ermənistana gəlincə isə, Zəngəzur dəhlizindən imtina etməklə bu ölkə özünü staqnasiyaya (iqtisadi durğunluğa) və unudulmağa məhkum etmiş olur. Ermənistan özünü Cənubi Qafqazı birləşdirəcək, eləcə də normal logistik bağlantıları təmin edəcək nəqliyyat marşrutları və dəhlizləri şəbəkəsinin hüdudlarından kənarda qoyur. Ola bilər ki, bu və ya digər hadisələrin təsiri ilə Ermənistan əvvəlki qeyri-konstruktiv qərarlarına yenidən baxacaq, ancaq hələlik Azərbaycan həmin marşrutun İran ərazisindən keçəcəyinə əsaslanır. Və bugünkü gündə sözügedən layihə həyata keçirilməkdədir.
–Belə bir təsəvvür yaranır ki, Qərbin ayrı-ayrı ölkələri Ermənistanı regionumuzda növbəti gərginlik ocağının yaradılması üçün bir platsdarm qismində seçiblər. Necə düşünürsünüz, Qarabağda separatizmin ləğv edilməsi fonunda həmin qüvvələr tərəfindən Cənubi Qafqazda vəziyyətin destabilizasiyasına yönəlmiş addımlar atıla bilərmi?
–Ermənistan həmişə məsələn, Fransa, Amerika Birləşmiş Ştatları kimi ölkələrin dəstəyindən istifadə edirdi. Bununla yanaşı, Avropa İttifaqı da həmin ölkənin dəstəkçilərindən idi. Bu, orada kifayət qədər təsir gücünə malik, özlərinin həm də siyasi və maliyyə resursları hesabına müvafiq qərarların işlənib hazırlanması və qəbul edilməsi prosesinə təsir etmək iqtidarında olan erməni lobbiçilərin fəaliyyət göstərməsi ilə əlaqədardır. Bunu vaxtilə Qarabağda kök salmış erməni separatçılara da aid etməliyik. Həmçinin, bir sıra Avropa dövlətləri, eləcə də Vaşinqton tərəfindən də hərtərəfli dəstək və kömək olunurdu. Bu taktika dəyişməyib. Niyə erməni separatizminə dəstək verirdilər? Hər şeydən öncə, bu, Azərbaycana təsir və təzyiq etmək üçün bir rıçaq idi. Bir sıra mühüm dünya oyunçuları üçün güclü və suveren Azərbaycan sərf etmirdi, çünki həmin şəraitdə Azərbaycan müstəqil siyasət yürütmək, bunu Qərbin istəklərinə dönüb baxmadan reallaşdırmaq iqtidarında idi. Biz, yeri gəlmişkən, İkinci Qarabağ müharibəsi zamanı bir sıra Qərb liderlərinin Bakıya Prezident İlham Əliyevə Azərbaycan Ordusunun müzəffər yürüşünü dayandırmaq məqsədilə zəng etmələrini görürdük. Ancaq bütün bu cəhdlər Azərbaycan Prezidentinin siyasi iradəsi, mətanəti və strateji qərarlar qəbul təmin etmək bacarığı qarşısında darmadağın oldu. Bu gün isə, şübhəsiz, artıq Qarabağda separatist anklavından məhrum edilməklə Qərb oyunçuları qeyri-konstruktiv siyasət yürütməkdə olan Ermənistanın özünü dəstəkləməyə davam edir. Bu, həqiqətən də Ermənistandan müəyyən bir platsdarm düzəltmək məqsədilə edilir ki, bunun üzərində Qərb öz milli maraqlarını reallaşdırmaq imkanı qazansın. Söhbət ondan gedir ki, Rusiyanın hərbi bazası əvəzinə Ermənistan ərazisində Fransanın hərbi bazası peyda ola, yaxud orada Avropa İttifaqının kontingenti yerləşdirilə bilər. Söhbət həmçinin, bir sıra Avropa ölkələrinin peşəkar kəşfiyyatçılarından ibarət Avropa İttifaqının müşahidəçi missiyasının tamamilə dağıdıcı, təxribatçı xarakter daşıyan hərəkətlərindən gedir. Odur ki, Ermənistandan Cənubi Qafqazda bir "troya atını" düzəltmək cəhdləri Qərb tərəfindən əvvəlki kimi davam edəcək. Mən düşünürəm ki, Ermənistanın xarici hərbi qüvvələri üçün platsdarma çevrilməməsi Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan və İranın marağındadır. Qeyd etdiyim məsələnin reallaşmaması üçün əlimizdən gələni etməliyik. Bizim ortaq məqsəd və niyyətlərimiz budur.
–Belə çıxır ki, bəzi ölkələri regionumuzda nəhayət sabit və davamlı sülhün bərqərar olması üçün real ilkin şərtlərin yaradılması qane etmir...
–Cənubi Qafqazın əhəmiyyəti, hər şeydən öncə, bundadır ki, həmin bölgədən son dərəcə mühüm logistik marşrutlar keçir. Xüsusən də Rusiya iqtisadiyyatının Qərb sanksiyalarına qarşı dayanıqlılığının təmin edilməsi nöqteyi-nəzərdən müstəsna əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi. Buna görə də Cənubi Qafqaz regionunda mövcud vəziyyəti pozmaq cəhdləri ABŞ, Avropa İttifaqı və təbii ki, neomüstəmləkəçiliyin daha destruktiv mövqelərindən çıxış edən, Ermənistandan Cənubi Qafqazın digər suveren ölkələrinə qarşı silah kimi istifadə edən Fransa kimi dünya geosiyasi oyunçularının planlarına cavab verir. Həqiqətən bölgənin gələcəyi uğrunda savaş gedir. Region bu gün çox vacib, açar regiondur və ümumilikdə, Cənubi Qafqaz, Xəzər hazırda dünyanın son dərəcə mühüm bölgələrindəndir. Sabitliyin və sülhün təmin edilməsi dünyada hərbi-siyasi vəziyyətin inkişafından birbaşa asılıdır. Məhz bu səbəbdən ABŞ və kollektiv Qərb Ermənistanı özünün satellitinə fəal surətdə çevirməyə çalışır ki, bu ölkənin əli ilə vəziyyəti pozmaq, müxtəlif növ provokasiyalar həyata keçirmək imkanı əldə edə bilsin.
–Ermənistan tərəfindən Roma statutunun qəbul edilməsi ölkədə anti-Rusiya əhvali-ruhiyyəsinin daha geniş vüsət almasını şərtləndirdi. Necə düşünürsünüz, belə bir dönüşün səbəbləri nədədir?
–Paşinyanın rəngli inqilab nəticəsində 2018-ci ildə hakimiyyətə gəlişi sırf Qərbin layihəsidir. Ona görə də lap əvvəldən həm Paşinyan, həm də onun ən yaxın çevrəsinə daxil olan digər fiqurlar Qərbin marionetləri, təsir agentləri, Sorosun agenturasıdır. Bu, sadəcə, yarlıqlar deyil, real vəziyyətdir. Odur ki, bu gün onlar maksimum dərəcədə düşməncəsinə fəaliyyət göstərməklə Ermənistanı Rusiyadan qoparmağa, KTMT-dən çıxarmağa və Ermənistan üzərində Qərbin təhlükəsizlik çətirini, həm də hərbi xarakterli çətiri açmağa çalışırlar.
Roma statutunun ratifikasiya edilməsinə gəlincə isə, təbii ki, bu, Rusiyadan real rəqib düzəltməyə yönəlmiş hərəkətdir. Çünki tam aydındır ki, həmin qərar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə qarşı fərdi, şəxsi xarakter daşıyır. Əgər Rusiya Prezidenti bu ölkənin ərazisinə, misal üçün, rəsmi səfərə gəldiyi təqdirdə müvafiq həbs tədbirlərini tətbiq etmək mümkündürsə, bu, Ermənistanın Rusiyanı artıq özünün müttəfiqi, tərəfdaşı qismində dəyərləndirmədiyinin, özü üçün ümumilikdə dost olmayan bir dövlət kimi nəzərdən keçirdiyinin ciddi bir indikatorudur. Təbii, hamımız çox yaxşı anlayırıq ki, belə bir qərarla Paşinyan bütün körpüləri yandırmış olur, Qərb əvvəlki kimi onunla manipulyasiya edəcək. Tamamilə aydındır ki, hazırkı vəziyyətdən fərqli olaraq artıq ən yaxın gələcəkdə biz Ermənistanı anti-Rusiya əhvali-ruhiyyəsinə köklənmiş, həm Rusiyaya, həm də Cənubi Qafqazın digər ölkələrinə münasibətdə tamamilə destruktiv, düşməncəsinə siyasət yürüdən bir məmləkət kimi görə bilərik.
–Hörmətli İqor Yuryeviç, noyabrın 8-i Xankəndi şəhərində keçirilmiş parad haqqında Sizin fikirlərinizi bilmək də oxucularımız üçün çox maraqlıdır.
–Vətən müharibəsində qazanılmış Qələbə şərəfinə Xankəndi şəhərində keçirilmiş hərbi parad Azərbaycanın suverenliyinin qəti surətdə bərpa edilməsini göstərmiş, ölkənizin hərbi qüvvələrinin qüdrətini nümayiş etdirmiş əlamətdar hadisə olmuşdur. Orada Azərbaycan Prezidenti İlham Əliyevin proqram məzmunlu nitqi son dərəcə mühüm əhəmiyyətə malikdir. Dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bildirmişdir ki, qələbə nöqtəsi qoyulmuşdur və yeni müharibə heç kimə lazım deyil. Eyni zamanda, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə istənilən qəsdin qarşısı hərbi qüdrətə, təkcə Cənubi Qafqaz regionunda deyil, həm də dünyada ən yaxşılarından hesab olunan müasir hərbi qüvvələrə söykənməklə qətiyyətlə alınacaq. Və, şübhəsiz, həmin nitq müfəssəl təhlil və araşdırma predmetidir. Hesab edirəm ki, mesaj göndərilib. Ümid edək ki, İrəvanda onu eşidiblər. Cənab İlham Əliyev tərəfindən irəli sürülmüş 5 prinsip əsasında sülh müqaviləsini bağlamaqdan başqa İrəvanın heç bir alternativi yoxdur. Sülh müqaviləsi Cənubi Qafqazın ümumilikdə region kimi sülh və əmin-amanlıq şəraitində inkişafının təməli olacaq.
–İqor Yuryeviç, Sizin nöqteyi-nəzərinizdən Azərbaycan və Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə müttəfiqlik münasibətlərinin inkişafının əsas istiqamətləri və perspektivləri nədən ibarətdir?
–Rusiya Azərbaycana postsovet məkanında özünə dost, son dərəcə vacib tərəfdaş və müttəfiq kimi baxır. Münasibətlərimizin əsasını keçən il Prezident Vladimir Putin və Prezident İlham Əliyev tərəfindən imzalanmış, baza və fundamental səciyyəli Rusiya və Azərbaycan arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə təşkil edir. Ümumilikdə biz ikitərəfli və dövlətlərarası münasibətlərin hərtərəfli inkişafına nikbinliklə baxırıq. Əvvəla, iki dövlət başçısı arasında olduqca yaxşı şəxsi münasibətlər mövcuddur. Bilirsinizmi, böyük siyasətdə bu müstəsna əhəmiyyətə malik olan bir məsələdir. "Qarşılıqlı kimya" adlandıra biləcəyimiz bir fenomenin, yəni qarşılıqlı hörmətin, etimadın mövcudluğu çox vacibdir. Yəni əgər sənə nəsə vəd edilərsə, bu, mütləq şəkildə yerinə yetiriləcək və sən bunun məhz belə olacağına əmin ola bilərsən.
Biz Azərbaycanın rus mədəniyyətinə münasibətini yüksək dəyərləndiririk. Rus icması ölkənizdə özünü çox gözəl hiss edir. Eyni sözləri Rusiya Pravoslav Kilsəsi haqqında da deyə bilərik. Onun prixodları (xristianlarda aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin mövcud olduğu yer, məhəllə) Azərbaycanda son dərəcə rahat, əlverişli və dostluq mühitində fəaliyyət göstərir. Biz görürük ki, ölkəniz rus dilinə hörmətlə yanaşır. Azərbaycanda yüzlərlə məktəbdə dərslər rus dilində tədris olunur. Bakıda Moskvada fəaliyyət göstərən bir sıra böyük ali məktəblərin filialları açılıb. Odur ki, ümumilikdə bizim münasibətlərimiz müstəsna surətdə əlverişli bir şəraitdə inkişaf edir. Bununla bərabər, hesab edirəm ki, biz münasibətlərimizin bütün kompleksini həm də bu gün "ekspert diplomatiyası" adlandırılan bir fenomenlə də tamamlamalıyıq. Çünki məhz ekspert qarşılıqlı fəaliyyət səviyyəsində "saat əqrəblərinin tutuşdurulması", bir-birini daha yaxşı anlaması, bu və ya digər məsələlərin, problemlərin həllinin daha optimal variantlarının axtarışı və ən başlıcası, daha yaxşı və effektiv gələcəyin qurulması istiqamətində qarşılıqlı ideya, layihələr, fikirlərin mübadiləsi üçün imkanlar yaranır. Bu səbəbdən Xəzər Strateji Araşdırmalar İnstitutunun Baş direktoru kimi biz qarşılıqlı hörmət, bir-birinin maraqlarının nəzərə alınması əsasında 2024-cü ildə Moskva ilə Bakı arasında ekspert diplomatiyası trekini fəal surətdə inkişaf etdirəcəyik. Demək istərdim ki, Müstəqil Dövlətlər Birliyinin digər ölkələri tərəfindən də Azərbaycanla qarşılıqlı fəaliyyət göstərmək baxımından böyük maraq mövcuddur və qarşılıqlı etimadın, dövlətin çiçəklənməsinin təməli kimi dayanıqlı iqtisadiyyatın müvafiq analitik, informasiya və ekspert təminatı ilə təchiz olunması üçün hər şey etmək lazımdır. Biz buna can atırıq və növbəti ildə bununla fəal surətdə məşğul olacağıq.
Yekunda Azərbaycan xalqını bir daha Zəfər Günü münasibətilə təbrik etmək istərdim. Bu, çox mühüm nailiyyətdir, hazırkı onilliyin ən əsas hadisəsidir. Azərbaycan özünün suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi və Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin iradəsi, mərdliyi, strateji cəhətdən lazımi nəticəyə gətirib çıxara biləcək konkret addımların qəbul olunmasını təmin etmək bacarığı sayəsində həll edilməli olan bütün vəzifələrin öhdəsindən gəlindi.
Cənab İlham Əliyev bu gün həqiqətən dünyanın ən görkəmli siyasi xadimlərindən biridir və bu Liderin fəaliyyəti sayəsində hazırda beynəlxalq səviyyədə geosiyasi vəziyyətin inkişafı bir çox cəhətdən Azərbaycandan asılıdır.
–Müsahibəyə görə çox sağ olun.
–Mən də Sizə təşəkkür edirəm.
Müsahibəni apardı:
Emin QASIMOV,
“Respublika”.