Xankəndi həsrətinə 33 il dözmüşük...
Müsahibələr

Xankəndi həsrətinə 33 il dözmüşük...

Müsahibimiz ədliyyə polkovniki İlham Hətəmovdur

Qədim Azərbaycan ərazisi olan Xankəndi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 kilometr aralıda yerləşir.

Sovet ittifaqı dövründə Xankəndidə ermənilər ilə azərbaycanlılar mehriban qonşuluq şəraitində yaşayırdılar. XX əsrin 80-ci illərində erməni vandalları bu əraziyə elə bir millətçilik toxumu səpdilər ki, buradakı azərbaycanlıların xoş növrağı pozuldu.

Faşist xislətli erməni daşnakları M.Qorbaçovdan istifadə edərək miatsum azarına tutuldular, Qarabağı Ermənistana birləşdirmək iddialarından əl çəkmədilər, Qarabağda xəyanət torunu alovlandırdılar. Ermənilər azərbaycanlılara qənim kəsildilər, evləri dağıdıldı, yandırıldı, var-yoxları talan olundu.

Xankəndidə öz ata-baba yurdlarında yaşayan azərbaycanlılar 28 dekabr 1991-ci ildə doğma şəhərlərini tərk etdilər.

Artıq azərbaycanlıların Xankəndidən, öz doğma yurdlarından ayrılmalarından 33 il keçir. Ədliyyə polkovniki İlham Hətəmov Xankəndini tərk edəndə 18 yaşı var idi. O, bu günlərdə redaksiyamızın qonağı oldu. Müsahibim Xankəndi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirdi.

- İlham müəllim, Xankəndi azərbaycanlıların qədim yurd yerlərindəndir. Burada yaşayan həmvətənlərimizin zəngin mədəniyyəti, qəhrəmanlıq tarixi olub. Yaxşı olar ki, söhbətimizə buradan başlayaq.

- Xankəndi neçə-neçə görkəmli ziyalılar yetişdirib. Burada Azərbaycan mədəniyyəti yüksək səviyyədə inkişaf edib.

Arxiv sənədlərinə görə Xankəndi XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində salınmışdır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınırdı. Qısa müddətdən sonra isə Xankəndi adını almışdır. Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə Xankəndi Azərbaycanın sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etmişdir.

- Xankəndinin ovaxtkı inkişafı ilə bağlı nə deyə bilərsiniz?

- Xankəndidə tikilmiş müəssisələrdə vilayətin sənaye məhsulunun yarısından çoxu istehsal edilirdi. Bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları isə Azərbaycanın daxili bazarında özünə layiqli yer tuturdu. Təəssüflə qeyd olunmalıdır ki, 18 sentyabr 1923-cü ildə Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilərək Stepanakert şəhəri adlandırılmışdır. Azərbaycan Respublikasının "Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" 26 noyabr 1991-ci il tarixli qərarına əsasən şəhər yenidən Xankəndi adlandırılmışdır.

1813-cü ildə Xankəndidə heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirilib. Ermənilər və rus zabitləri yaşayış məskənlərini "qərargah" adlandırsalar da, 1847-ci il çar Rusiyası xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşüb. Çar işğalından sonra Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilib. Həmin dövrdə Xankəndidə azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yetərincə olub.

XX əsrin 80-ci illərində erməni millətçiləri Qarabağın bütün bölgələrində olduğu kimi, Xankəndi ərazisində də öz mənfur siyasətlərini reallaşdırmağa başladı.

1988-ci ildə ermənilər Moskvadakı ermənipərəst qüvvələrin dəstəyi ilə uydurma Qarabağ problemini ortaya atdılar. Azərbaycanlılara qarşı təzyiqlər başladı. Qarabağda, o cümlədən Xankəndidə arxasız, köməksiz xalq çətin vəziyyətə düşdü. Haylar əl-qol açdılar...

- Siz Xankəndi şəhərində dünyaya göz açmısınız. 1991-ci il dekabrın 28-də erməni xəyanəti nəticəsində ata-baba yurdumuz olan Xankəndini zülm və işgəncə ilə tərk etdiniz. Bu haqda fikirləriniz maraqlıdır.

- 1991-ci ilə kimi Xankəndidə dinc və rahat yaşayırdıq. Birdən-birə xoş növrağımız pozuldu. Yalançı erməni təbliğatı Xankəndidəki bütün erməniləri vəhşiləşdirdi. Hətta uzun illər bir məhəllədə yaşadığımız ermənilər tamamilə başqalaşdılar, azərbaycanlılara qarşı düşmənçilik mövqeyində dayandılar. Şübhəsiz ki, Qarabağdakı ermənilər İrəvandan millətçi qüvvələr tərəfindən idarə olunurdu. Zori Balayan, Silva Kaputikyan, Sero Xanzadyan və digər şovinist ideyalı ermənilərin televiziya kanallarında anti-Azərbaycan çıxışlarının ardı-arası kəsilmirdi. Məqsəd isə Qarabağı Azərbaycandan qoparmaq idi. Ermənilərin Moskvadan, Fransadan və digər ölkələrdən də dəstəyi çox idi. 1991-ci ildə Xankəndidəki azərbaycanlılar elə bir faciə ilə üzləşdilər ki, qarşısıalınmaz oldu.

1991-ci ilin dekabrında SSRİ-nin mövcudluğuna son qoyuldu. Xankəndidəki ermənilər bunu fürsət bilib dərhal şəhərdə yerləşən hərbi bazaya hücum edərək oradakı bütün silahları ələ keçirdilər. Bazada olan rus əsgərlərinin bir hissəsi azərbaycanlılara qarşı ermənilərlə vuruşmağa razılıq verdilər, razı olmayanlar isə Qarabağdan qovuldular. Bundan əvvəl isə Xankəndidə yerləşən 366-cı motoatıcı alayın rus əsgərləri öz silahlarını ermənilərə satmağa başlamışdılar. Döyüşlər boyunca Azərbaycan ordusunun bölmələri bir neçə dəfə Xankəndiyə yaxınlaşsa da, şəhəri işğaldan azad etmək mümkün olmadı. 1991-ci il dekabr ayının 27-dən 28-nə keçən gecə Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Xankəndinin azərbaycanlı sakinləri pərən-pərən düşüb doğma ocaqlarını tərk etdilər. Azərbaycanlılara məxsus iki orta məktəb, uşaq bağçası, kitabxana, klub, ATS, tibb ambulatoriyası, ərzaq dükanları, sexlər və məişət-iaşə obyektləri dağıdıldı...

- Şəhərin azərbaycanlı sakinləri erməni xəyanətindən necə xilas ola bildilər?

- 1991-ci ildə Xankəndidə Arkadi Volskinin başçılıq etdiyi Təşkilat Komitəsi fəaliyyət göstərirdi. Ən çətin məqamda Xankəndinin yerli əhalisi Volskiyə müraciət etmək məcburiyyətində qaldı. İnstitutda təhsil alan azərbaycanlı qızlar Volskinin göstərişi ilə Xankəndidən digər ərazilərə aparıldı. Bu işdə həmin vaxtlar Xankəndi ərazisində Dövlət Yol Polisində xidmət göstərən atam Elşad Hətəmovun böyük xidmətləri olub. Xankəndi ermənilər tərəfindən işğal olunarkən atamın səhhətində problemlər yarandı. İş elə gətirdi ki, bir müddətdən sonra müvəqqəti Xankəndiyə qayıtmalı olduq. Məhəlləmizə dönəndə yanıb kül olmuş evimizi görərkən anam göz yaşlarını saxlaya bilmədi...

Ümumiyyətlə, son illərdə Qarabağda erməni separatçılarının fəallaşması, uydurma erməni təbliğatı atamı çox narahat edirdi. Onu da qeyd edim ki, işində səmərəli fəaliyyətinə görə atam SSRİ Daxili İşlər Nazirliyinin "Milis əlaçısı" döş nişanına və bir çox mükafatlara layiq görülmüşdü. O, qayda-qanunu pozan ermənilər barədə konkret cəza tədbirləri görürdü...

- Xankəndidən ayrılandan sonra təhsilinizi necə davam etdirdiniz və hansı vəzifələrdə çalışdınız?

- Orta təhsilimi başa vurduqdan sonra Azərbaycan Respublikası Ali Hərbi Məktəbinin hüquq fakültəsinə daxil oldum. Ali təhsil aldıqdan sonra isə zabit kimi hərbi xidmətə başladım. Sumqayıt Hərbi Qarnizonunun tədqiqat rəisi, Şəmkir rayon hərbi polisinin tədqiqatçısı, Lənkəran Qarnizonunun hərbi polisində rəis, Qusar Qarnizonunda hərbi polisdə rəis, Silahlı Qüvvələrin hərbi polisinin cinayət-axtarış şöbəsinin rəisi vəzifələrində işləmişəm.

- Son olaraq demək istədikləriniz...

Qürur hissilə vurğulamaq istəyirəm ki, noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad tariximizə qızıl hərflərlə yazıldı.

Ölkə başçısı bu Zəfəri qazanmaq üçün xalqı öz ətrafında birləşdirdi, milli birliyə nail oldu. Əhsən bu yola, bu təmələ, bu Zəfərə!

Bu gün Xankəndinin bütün sakinləri sonsuz sevinc içərisindədir. İndi bütün Qarabağ azaddır, tarixi ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Artıq biz igidlər oylağı Xankəndiyə dönməyə hazırlaşırıq. Çox keçmədən 33 il həsrətində olduğumuz Xankəndidə yallı gedəcəyik, bu yerlər cənnətə çevriləcək. Şəxsən mən bir zabit kimi Xankəndidə əmək fəaliyyətimi davam etdirəcəyəm. O günlərə az qalıb.

- Müsahibəyə görə çox sağ olun.

Qədir ASLAN,

"Respublika".