Hayların təxribatları səngimək bilmir
Müsahibələr

Hayların təxribatları səngimək bilmir

Ermənistan hələ də öz əməllər ilə göstərir ki, regionda sülhdə maraqlı deyil. Belə ki, erməni təxribatları səngimək bilmir. Hayların törətdiyi təxribatlar regionda sabitliyə təhlükə yaradır. Paşinyan rejiminin revanşist addımları, Vətən müharibəsindəki parlaq zəfərimizi həzm edə bilməməsi bölgədəki gərginliyi hər keçən gün daha da artırır. 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə sülhə maraqlı olduğunu, sülh prosesində önəmli addımlar atacağını bildirən baş nazir Nikol Paşinyan reallığa gəldikdə beynəlxalq ictimaiyyətə yalan məlumatlar verməyə davam edir. Brüssel, Kişineu, Moskvada çoxsaylı görüşlərdə sülhdən dəm vuran baş nazirin dedikləri əməldə öz əksini tapmır. Bu çür çirkin təxribatlara hayların havadarları və ikili standart sərgiləyən dövlətlər göz yumsa da, Azərbaycan dövləti hər cür təhdid və təxribatlara adekvat cavab verməyə qadirdir.

Məsələ ilə bağlı “Respublika”ya açıqlama verən politoloq Azad Məsiyev sülhün bərqərar olmasının qərb dairələrinin maraqları ilə üst-üstə düşmədiyini bildirib:

“Bundan əlavə, əgər sülh sazişi imzalanarsa, erməni cəmiyyətində Nikol Paşinyana qarşı üsyanlar artacaq. Bu baxımdan da, Paşinyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün sülh sazişindən imtina edir və təxribatlar həyata keçirərək revanşist hayları yeni müharibə üçün ümidləndirir. Hayların, Laçınətrafı və digər ərazilərdəki təxribatları  beynəlxalq aləmdə Azərbaycana qarşı təzyiqlərin artmasına indekslənib. Lakin ikili standartlardan uzaq qüvvələr nəyin nə olduğunu yaxşı bilirlər. Yəni bildiyiniz kimi, "humanitar" ad altında Azərbaycana göndərilən maşın karvanı da həmin təxribatın tərkib hissəsidir. Eyni zamanda sərhəd boyu atəşkəsin pozulması ilə erməni cəmiyyətinə onu göstərmək istəyirlər ki, guya münaqişə tam həll olunmayıb. Bununla yanaşı, beynəlxalq aləmdə səfirliklər, diplomatik korpuslarımızın qarşısında etiraz piketləri keçirmək də bu təxribatın bir parçasıdır. Ümumilikdə, bu cür metodlar erməni cəmiyyətinin fikrini yayındırmağa hesablanıb. Gec-tez Ermənistan tərəfi öz qüvvələrini Azərbaycan ərazisindən çıxartmasa və bu təxribatlara son qoymasa, biz anti-terror əməliyyatlarına start verə bilərik. Artıq belə nəticəyə gəlmək olar ki,  bu təxribatların sonu ancaq hərbi əməliyyatlar nəticəsində gələcək.  Digər tərəfdən Azərbaycan təhlükəsizlik məqsədi ilə “bufer zonası” da yarada bilər. Bufer zonası yaratmaq da Azərbaycanın hüququdur".

Politoloq bildirib ki, Ermənistan hakimiyyəti müstəqil deyil:

"Ermənistan Qərbin oyuncağıdır. Tarixən ermənilər böyük dövlətlərin əlində ola-ola öz maraqlarını həyata keçirmək istəyiblər. İndi də Qərbin əlində alətə çevrilməklə, Azərbaycana qarşı öz xislətlərini nümayiş etdirirlər. Artıq dənizdən-dənizə böyük Ermənistan xülyası  puç olub. Artıq Ermənistan bir dövlət olaraq siyasi xəritədən silinməməsi üçün sülhə getməlidir. Əks təqdirdə, Azərbaycan özünümüdafiə və öz təhlükəsizlik zolağı yaratmaq üçün hərbi əməliyyatlar keçirəcək. Bu, Azərbaycanın legitim hüququdur".

Nurlan ABDALOV,

  “Respublika”.