Cənubi Qafqaz, beynəlxalq siyasi iradə mərkəzlərinin əsas diqqət mərkəzində yer almaqda davam edir. Dünya nəhənglərinin bu regiona yönəlik strategiyaları və prioritet hədəfləri də getdikcə aydınlaşır.
Məsələ ondadır ki, ABŞ və Qərbin hazırda Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışdığı inkaredilməz reallıqdır. Eyni zamanda, ABŞ və Qərb, Cənubi Qafqaza məhz Ermənistan üzərindən yerləşməyə can atır. Halbuki, Ermənistan bu regionun "qapı"sı deyil. Və bu səbəbdən hələ də "erməni faktoru" üzərindən digər region ölkələrinə təzyiq cəhdləri müşahidə olunur.
Təbii ki, ABŞ və Azərbaycan arasında son vaxtlar açıq müstəviyə keçirilmiş ziddiyyətlərin əsas səbəblərindən biri də məhz bu məqamdır. Ağ Ev, Cənubi Qafqazda Ermənistanın maraqlarının təminatçısı rolunda çıxış edir. Ona görə də ABŞ-ın Azərbaycana qarşı təzyiq cəhdləri bütövlükdə regionda vəziyyətin gərginləşməsinə yol açmaqdadır. Bu vəziyyətin hələ bir müddət davam edə biləcəyi də istisna deyil. Əlbəttə ki, Azərbaycan-ABŞ münasibətlərinin normallaşdırılması istiqamətində atılacaq istənilən addım təqdirəlayiqdir. Ancaq Ağ Evin Azərbaycana münasibətdə səmimi davranacağı artıq o qədər də inandırıcı görünmür. Xüsusilə də, ermənipərəst Bayden administrasiyası dönəmində bunun baş verə biləcəyinə inanmaq çox çətindir. Üstəlik, bu şübhələrə əsas verən kifayət qədər ciddi faktlar da mövcuddur. Onlardan biri 44 günlük Vətən müharibəsində ABŞ-ın Ankaradan Qarabağ məsələsində Azərbaycana dəstəyin dayandırılmasını tələb etməsidir. Amma Türkiyə ABŞ-ın tələblərinə məhəl qoymayıb.
Göründüyü kimi, ABŞ-ın Ermənistana dəstəyi, hətta Ağ Evin Türkiyəni şantaj edəcək qədər təhlükəli tələbi, Bakının beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan ərazilərini işğaldan azad etməsinə əngəl törətməyə çalışması, ABŞ-ın bütün cəhdlərinı boşa çıxarıb.
''İrəvan, ABŞ və Qərbin müəmmalı vədlərinə ümid bəsləmək əvəzinə, Azərbaycan ilə anlaşmaq barədə düşünmək məcburiyyətindədir. Çünki regionda baş verən gərginliklərin mərkəzində məhz Ermənistanın özü dayanır. Daha doğrusu, bu gərginliklərin mərkəzində Ermənistanla yanaşı, onun arxasındakı himayədarları da durur. Yəni Ermənistan başda Fransa olmaqla Qərb ölkələri və ABŞ-la birlikdə Qafqazda sülh və sabitliyi pozmaq, daimi dincliyin yaranmasının qarşısını almaq üçün dəridən-qabıqdan çıxır".
Bu fikri açıqlamasında siyasi ekspert Bilgehan Öztürk deyib. Onun sözlərinə görə, bu gərginliyi yaradanlar bir sıra istiqamətlər üzrə də planlar qurublar: "Bura Rusiyanın arxasında Qafqaz regionunda daha bir cəbhə açmaq, Türkiyə-Rusiya münasibətlərini korlamaq, Azərbaycanın əldə etdiyi hərbi və siyasi zəfərə kölgə salmaq məqsədləri də daxildir. Yəni Qərbin təhriki ilə Ermənistanın atdığı hazırkı addımlar həm Azərbaycana, həm Rusiyaya, həm də Türkiyəyə qarşıdır. Belə deyək ki, Qərb "bir daşla üç quş vurmaq" siyasətini həyata keçirmək istəyir. Hətta bununla da kifayətlənmirlər. Onların dördüncü hədəfi də var. Bu da İrandır. Yəni Qərb Ermənistana müşahidəçi adı altında sürətli şəkildə hərbçilər yerləşdirməklə İranı da Şimaldan mühasirəyə almaq istəyir".
Siyasi ekspert vurğulayıb ki, hadisələrin bu cür inkişafı Ermənistana yaxşı heç nə vəd etmir: "Sərhədlərinin 80 faizi Türkiyə və Azərbaycanla əhatəli olan Ermənistan odla oynayır. Çünki Ermənistan Azərbaycana, yaxud da Türkiyəyə qarşı hər hansı addım atsa, bu zaman Şuşa Bəyannaməsindən irəli gələrək ona qarşı birgə cavab veriləcək. Ona görə də Ermənistan və onu bu oda sürükləyən Qərb yaxşı-yaxşı düşünməlidir. Əslində, onların çılğın bir addım atacaqlarını da düşünmürəm. İndi bunlar da sadəcə psixoloji hücum edirlər. Ancaq yaxın zamanda Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı bir hərbi təxribata əl atacağını mümkün saymıram".
Yekun sülh sazişinə münasibət bildirən B.Öztürk deyib ki, Paşinyan hakimiyyətinin təmsilçiləri sülh sazişinin imzalanmasının mümkünlüyündən danışsalar da, təəssüflər olsun ki, bunun reallaşması istiqamətində hər hansı ciddi addım atmağa tələsmirlər. Böyük ehtimalla İrəvan ABŞ və Qərbin Ermənistana daha sərfəli şərtlərlə yekun sülh sazişinin imzalanmasına şərait yarada biləcəyinə inanır. Hətta Paşinyan hakimiyyətinə Qərbdən bu məsələ ilə bağlı müəyyən vədlər də verilib. Ona görə də İrəvan sülh prosesini mümkün qədər ləngidib uzatmaqla, ABŞ və Qərbə öz vədlərini reallığa çevirmək üçün vaxt qazandırmağa cəhd göstərir. Bu da böyük ehtimalla İrəvanın sülh prosesini mümkün qədər ləngidərək, vaxt qazanmaq üçün "icad etdiyi" yeni taktikadır.
Esmira YAZKAN ASLANOVA,
''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.