AŞPA öz dəyərlərinə, nüfuzuna ciddi zərbə vurdu
Müsahibələr

AŞPA öz dəyərlərinə, nüfuzuna ciddi zərbə vurdu

Azərbaycanın beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etməsini hələ də qəbul etmək istəməyən qurumlar var. Həmin təsisatlar bir sıra məsələləri gündəmə gətirməklə ölkəmizin qazandığı uğurlara kölgə salmaq niyyətindədirlər. Xüsusilə, AŞPA tarixi Qələbəmizdən sonra çirkin kampaniyaya start verib. Bunun ən pik həddi isə bu ilin qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyərək, onun səsvermə hüquqlarının dondurulması olub. Bütün bu haqsızlıqlara cavab olaraq Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti ötən həftə qurumun iclasında bəyanatla çıxış edərək AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və islamofobiya mühiti fonunda AŞPA ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Milli Məclisin deputatı Səməd Seyidov məsələ ilə bağlı suallarımızı cavablandırıb və bir sıra maraqlı faktlara diqqət çəkib:

–Səməd müəllim, uzun illərdir ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışırsınız. Qurumun son fəaliyyətilə bağlı nə deyə bilərsiniz?

–Əslində, mövcud vəziyyət bizim tam olaraq azad, onlardan asılı olmamağımızla bağlı ortaya çıxmış bir məsələdir. Onlar bizim azadlığımızı qəbul etmək istəmirlər. Azərbaycanın artıq tamamilə başqa müstəvidə inkişaf etməsini, 1 milyon qaçqının 30 il ərzində həsrətlə gözlədiyi işğal altında olan torpaqlarımızın azad edilməsini, onların Qarabağa qayıtmasını qəbul edə bilmirlər.

Bu gün Azərbaycanın təsir dairəsi ölkəmizin hüdudlarından kənara çıxır. Regionun gündəliyini Azərbaycan müəyyən edir. Avropa öz fəaliyyətində Azərbaycanın mövcudluğunu nəzərə almaya bilməz. Azərbaycan Qərb-Şərq dünyasını birləşdirən, güclü, sözükeçən ölkəyə çevrilib. Köhnə ab-havada yaşayan Avropa dirçələn, yüksələn və qüdrətli Azərbaycanı bütün gücü ilə bu inkişafdan saxlamaq istəyir. Ona görə də onların geosiyasi maraqları özünü göstərir. Ancaq Qarabağın azad edilməsi ilə barışmadıqlarını çox hiyləgər formada, qorxaqcasına Qarabağdan danışmaq əvəzinə, insan haqlarından danışmaqla gündəmə gətirirlər. Əslində isə bütün bunların kökündə Qarabağ, Azərbaycanın yüksəlişi, imkanları dayanır. Bunu başa düşür, dərk edir və qarşı çıxa bilmirlər. Çünki dünya, region dəyişir, regionda yeni reallıq formalaşır. Ancaq bu reallığa kölgə salmaq, onu başqa müstəvidə təqdim etmək üçün insan haqlarını alət kimi istifadə edirlər. 30 il ərzində insan haqları ilə bağlı məsələləri qaldırırdılar və elə məqamlar var idi ki, Avropa Şurası ilə mübahisələrimiz kəskin həddə çatırdı. Onların təqdim etdiyi siyahıların sayı-hesabı yox idi. Bizi təşkilata qəbul etməyəcəkləri ilə hədələyir, ancaq məsələni bu müstəviyə qaldırmır, bu şəkildə təqdim etmirdilər. Çünki özlərinə sərf etmirdi. Planlarını həyata keçirmək üçün onlara işğal altında olan, zəif, onların sözü ilə oturub-duran Azərbaycan lazım idi. Buna görə də hər hansı bir problemi qaldırdıqda belə düşünürdülər ki, biz onsuz da zəifik, torpaqlarımız işğal altındadır, heç nəyə nail ola bilmərik. Lakin vəziyyət onların gözləmədiyi şəkildə tam olaraq dəyişdi. Biz tamamilə başqa bir müstəviyə yüksəldik. Özümüz həm ərazi bütövlüyümüzü, həm suverenliyimizi, həm demokratik inkişafımızı təmin etdik, həm də dünyada böyük nüfuz qazandıq. Biz Qoşulmama Hərəkatının aparıcı qüvvəsinə çevrildik, indi COP29-a evsahibliyi etməyə hazırlaşır, azad olunmuş torpaqları yenidən qurur, insanların oraya böyük qayıdışını həyata keçiririk. AŞPA-nın bu addımı da məhz Avropanın Azərbaycanın uğurlarını qəbul etməməsinin nəticəsidir.

–GUAM çərçivəsində Azərbaycanın tərəfdaşları olan Moldova, Gürcüstan və Ukraynanın AŞPA-nın qərəzli mövqeyinə qarşı sərgilədiyi münasibəti necə dəyərləndirirsiniz ?

–Təəssüflər olsun ki, AŞPA bir təşkilat kimi öz missiyasını artıq həyata keçirə bilmir, siyasi arenada nüfuzdan düşüb və süquta uğramaqdadır. İttifaq dağılandan sonra təşkilata keçmiş İttifaq ölkələrinin üzv olması onu o zaman dağılmaqdan qurtardı, sanki ona ikinci nəfəs verdi. Lakin bunu özlərinə çox gördülər, özlərini elə bir vəziyyətə saldılar ki, artıq digər ölkələr düşünürlər ki, sabah bizə də belə münasibət göstəriləcək. Avropa Şurası insan haqları, demokratiya, qanunun aliliyi kimi dəyərləri diktaturaya çevirib, həmin ölkələri əsarətdə saxlamağa çalışır. Onlar faktiki olaraq yeni diktatura üsulu tətbiq edirlər. Ona görə də ölkələr bundan agah olmalıdır. Təxminən 20-yə yaxın ölkə səsvermədən yayındı, ümumiyyətlə iclas zalına girmədi. Nə əleyhinə, nə də lehinə səs vermədi. Çünki onlara elə təsir, müqavimət göstərir, elə şantaj edirlər ki, çəkinirlər. Ancaq daha sonra həmin ölkələrin nümayəndələri səhv addım atdıqlarını, qorxduqlarını etiraf etdilər. Ukrayna nümayəndəsinin açıq şəkildə Azərbaycanı dəstəklədiyini hər kəs gördü, lakin səsvermə zamanı Ukrayna nümayəndə heyəti bitərəf qaldı. Gürcüstan və Moldova nümayəndə heyətləri də bizi dəstəkləyirdi, ancaq səsvermədə zaldan çıxdılar. Bütün bunlar onlara qarşı edilən kəskin təzyiqlə bağlı idi. Ancaq bu münasibət bütün ölkələr üçün dərs olmalıdır. Yalnız Türkiyə yenə Azərbaycanın yanında idi. Türkiyə nümayəndə heyəti mənəvi olaraq bizi sonadək dəstəklədi və göstərdi ki, bizi bir-birimizdən ayırmaq mümkün deyil. Hesab edirəm ki, bu biabırçı qərar Azərbaycana yox, Avropa Şurasının özünə böyük bir zərbədir.

–AŞPA-nın son iclasında Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılması məsələsi məhz almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürüldü. Avropalı rəsminin bu cür yanaşmasına münasibətiniz necədir?

–AŞPA-ya üzv olduğumuz iyirmi ildən çox bir müddət ərzində bu təşkilat Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədiyi, yüz minlərlə qaçqın və köçkün azərbaycanlının problemləri ilə məşğul olmadığı və hətta nümayəndə heyətimizə bu problemlərlə məşğul olmağa qadağa qoyduğu halda, Azərbaycan öz torpaqlarını azad edəndən, ərazi bütövlüyünü və suverenliyini, sərhədlərini tam şəkildə bərpa edəndən sonra oradakı parlamentarilər ölkəmizə qarşı cidd-cəhdlə belə bir kampaniyaya başladılar. Artıq heç nəyi gizlətmək mümkün deyil. Bu hiyləgər oyunu həm Fransanın, həm də onun təsiri altına düşmüş, faktiki olaraq öz müstəqilliyini itirmiş Avropa Parlamentində, Avropa Şurasında Almaniyanın Şvabe kimi nümayəndələri həyata keçirir. Onlar düşünürlər ki, bununla Azərbaycana hər hansı bir zərbə vurmaq mümkündür. Lakin yanılırlar. Özləri-özlərini elə bir vəziyyətə salıblar ki, Avropa Şurasının prezidenti, baş katibi kənarda qalıb, üzv ölkələrdən birinin nümayəndəsi hər kəsin sözçüsü kimi çıxış edir. Təbii ki, onun arxasında müəyyən qüvvələr, o cümlədən Fransa var. Beləliklə, onlar bir bəhanə ilə, hansısa bir məsələni gündəmə gətirərək prezident seçkiləri ərəfəsində bu zərbəni endirmək qərarına gəldilər. Bəhanələrdən biri isə Azərbaycanın Avropa Şurasını Prezident seçkilərinə dəvət etməməsi idi. Bu, olduqca hiyləgər bir yanaşmadır. Ona görə ki, biz bu qurumu adətən Parlament seçkilərinə dəvət edirik, ancaq məsələ burasındadır ki, bu bizim öhdəliyimiz deyil, bizim öhdəliyimiz seçkiləri demokratik şəkildə keçirməkdir. Kimi dəvət etməklə bağlı qərarı hər bir müstəqil dövlət özü verir. Şvabe və onun arxasında duranlar isə bizim kimi dəvət edəcəyimizlə bağlı müstəqil qərar verməyimizi qəbul edə bilmirlər. Onlar özlərini ən yüksək səviyyədə gördükləri, haqq-ədalətin, insan haqlarının mənbəyi, demokratiyanın beşiyi hesab etdikləri və onların icazəsi olmadan hansısa ölkənin özü ilə bağlı qərar verməsinin mümkünsüz olduğunu düşündükləri üçün faktiki olaraq Avropa Şurasının daxilində çevriliş edərək Azərbaycana qarşı belə bir addım atdılar.

–Sözsüz ki, ölkəmizin iştirak etmədiyi zaman AŞPA-da bəzi qərarlar qəbul ediləcək. Bizim o qərarlara münasibətimiz necə olacaq?

–Biz AŞPA-da həmişə konstruktiv mövqedən çıxış etmişik. Hər zaman əlaqələrimizi genişləndirməyə çalışmışıq. Ancaq indi fəaliyyətimizi orada dayandırmışıq. Bu o deməkdir ki, biz orada olmadığımız müddət ərzində Avropa İnsan Haqları Məhkəməsinə hakimlər, Avropa Şurasının baş katibi seçiləcək. Deməli, bu seçilmiş insanlar Azərbaycanın iştirakı olmadan hər hansı bir qərar qəbul etsələr, biz o qərarlara tamamilə başqa cür baxacağıq. Çünki biz onların seçilməsində iştirak etməmişik. Beləliklə, özləri özlərini çox çətin vəziyyətə salıblar. Azərbaycan həmişə Avropa İnsan Haqları Məhkəməsi ilə çox yüksək səviyyədə əməkdaşlıq edib, ancaq bunlar həmin münasibətlərə zərbə vurdular.

Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanla şantaj dili ilə danışa, ölkəmizi təhdidlərlə qorxuda bilməz. Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlərlə Avropa Şurası Parlament Assambleyası öz dəyərlərinə, mövcudluğuna, təsir imkanlarına, Avropada və dünyadakı nüfuzuna ciddi zərbə vurdu. Belə bir təşkilatın daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil. Azərbaycan qalib ölkədir, sözü haqdır, eşidilməli, dinlənilməli və nəzərə alınmalıdır.

–Müsahibə üçün təşəkkür edirik.

Müsahibəni təqdim etdi:

Musa BAĞIRLI,

"Respublika".