Müsahibimiz Moskva Dövlət Elektron Texnologiyası Milli Tədqiqat Universitetinin professor Ələddin Allahverdiyevdir
- Ələddin müəllim, Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində Qarabağ münaqişəsi tarixdə qaldı. Yeni mərhələdə əsas hədəfimiz Qərbi Azərbaycana qayıdışdır. Bu məqsədlə Qayıdış Konsepsiyası hazırlanmışdır. Yaxşı olar ki, söhbətimizə buradan başlayaq.
- Qərbi Azərbaycan ərazisi tarixinə, coğrafi-siyasi mövqeyinə görə Azərbaycanın ən zəngin bölgələrindən biridir. Qərbi Azərbaycan ərazisinin köklü sakinləri - aborigenləri olan Azərbaycan türklərinin tarixini araşdırmaq elmi və siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan türkləri indiki Ermənistan ərazisində eradan əvvəl II əsrdən yaşamağa başlamışlar. Bu faktı əsaslı şəkildə təsdiqləyən amillərdən biri həmin xalqın, tayfanın adını özündə yaşadan toponimlərdir. Qərbi Azərbaycan ərazisində Azərbaycan türkləri yerli sakinlər olmuşlar və ermənilər buraya İraqdan - Fərat və Dəclə çayının sahillərindən gəlmişlər.
- Qərbi Azərbaycana qayıdış hər şeydən öncə, tarixi ədalətin bərpası baxımından vacibdir. Çünki bu torpaqlar dövri-qədimdən soydaşlarımızın yaşadıqları ərazinin bir hissəsi olub. Bu haqda nə deyərdiniz?
- Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə aparılan soyqırımı nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində Qərbi azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, Göyçədə, İrəvanda, Amasiyada, Zəngəzurda, Dərələyəzdə, Vedidə, Zəngibasarda və digər ərazilərdə xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
- Erməni tarixçiləri bilərəkdən tariximizi saxtalaşdırmış, guya Qərbi Azərbaycan türkləri bu yerlərdə yaxın dövrlərdə məskunlaşmışlar. Hayların bu uydurmalarına münasibətiniz?
- Cənubi Qafqaz və Ön Asiya yaylasında çoxluq təşkil edən Qərbi azərbaycanlılar dəfələrlə öz tarixi torpaqlarından kütləvi şəkildə köçürülməyə, deportasiyalara məruz qalmışlar. 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə belə olmuşdur. SSRİ dövründə Sovet rəhbərliyi tərəfindən bu proses məharətlə aparılmış və ermənilər Sov. İKP MK-nın Siyasi Bürosundakı havadarlarına arxalanmışlar. 1948-1953-cü il deportasiyası ilə bağlı İ.V.Stalinin verdiyi 4083 saylı Fərman belə adlanır: "Azərbaycan millətindən olan kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə". Bu deportasiya nəticəsində yüz əlli min soydaşımız qədim Oğuz yurdu olan Qərbi Azərbaycandan "könüllülük" prinsipi əsasında köçürülmüşdür. Bu, "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiyası haqqında" Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli Fərmanında öz əksini tapmışdır.
- Erməni vandallarının Qərbi Azərbaycanda yerləşdirilməsi barədə nə deyə bilərdiniz?
- Ermənilər havadarlarının köməkliyi ilə zaman-zaman Qərbi Azərbaycan ərazilərində yerləşdirilmişlər. Ərzurumdan, İrandan köçürülən haylar Kəvərdə, Dərəçiçəkdə, Sürməlidə, Şirakda, Talində, Abaranda, Göyçədə və digər ərazilərdə məskunlaşmışlar.
Bütün bu faktlar təsdiq edir ki, indiki Ermənistan ərazisinin köklü əhalisi türklər olmuşdur. Ermənilərin tarixi saxtalaşdırdığını ifşa edən yüzlərlə sənəd vardır ki, onları üzə çıxarıb ictimaiyyətə çatdırmaq lazımdır.
- Ələddin müəllim, 1918-1920-ci illərdə Qərbi Azərbaycanda ermənilər analoqu olmayan qırğınlar törətmişlər. Bu haqda fikirlərinizi bilmək istərdik.
- Ermənistan adlı qara bir kölgə Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrinin başı üzərində dolaşmaqda idi. 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə İrəvan və onun ətrafındakı 9 min kvadratkilometr ərazini əhatə edən torpaqlar ermənilərə verildi. Hakimiyyətdə olan daşnak hökuməti azərbaycanlıların qanına susamışdı. Bu müddətdə erməni şovinistləri 440-dan artıq azərbaycanlı kəndini yandırıb məhv etmiş, yüz minlərlə azərbaycanlının qaçqına çevrilməsinə səbəb olmuşdur. 1920-ci ilin əvvəllərinə kimi 220 mindən çox azərbaycanlı daşnak siyasətinin qurbanı olmuşdur.
1920-ci ilin əvvəlində Azərbaycanın Qazax qəzasının cənub hissəsində Ermənistanın Dilican qəzası yaradılmışdır. 1918-ci ildə Qərbi azərbaycanlılar haylar tərəfindən deportasiyaya məruz qalmışlar. Ümumiyyətlə, bu gün Ermənistanda olan 30-dan artıq inzibati rayonun hamısı vaxtilə Azərbaycan türklərinin yaşayış məskəni olub.
- Ələddin müəllim, siz əslən ulu Göyçədən - Basarkeçərin füsunkar guşələrindən olan Kəsəmən kəndindənsiniz. Erməni quldurları Göyçədə hansı vəhşilikləri törətmişlər?
- Mən doğma kəndimiz Kəsəməni Məkkəm, Mədinəm, qibləgahım hesab edirəm. Kəndimiz Göyçə gölünün nəğməli sahillərinə yaxın idi. Göyçə mahalı 1918-ci ilin Novruz bayramı günlərində erməni vəhşiliyinə məruz qalmış, Stepan Şaumyanın göstərişi ilə Basarkeçərə yaraqlı erməni dəstəsi göndərilmişdir. Bu dəstəyə polkovnik Silikyan başçılıq edirdi. Daşnak quldurlar ilk növbədə Basarkeçərin Şişqaya, Kiçik Məzrə, Subatan və digər kəndlərində azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Daha sonra azğınlaşmış quldurlar Zod kəndinə daxil olublar. Türklərin Zoddakı şücaəti Bakıda Stepan Şaumyanı, Andraniki, Dronu bərk sarsıdıb. Çox keçmədən ermənilər tərəfindən Basarkeçərə əlavə qüvvələr göndərilib. Soydaşlarımızın çoxu doğma yurdlarını tərk etməli olublar. Çalmalı dağında "Sümüklü Dərə" faciəsi baş verib.
- Ələddin müəllim, 1948-1953 və 1988-ci illərdəki Qərbi azərbaycanlıların deportasiyasından da söhbət açsanız yerinə düşər.
- Qərbi azərbaycanlıların 1948-1953-cü illərdəki köçürülməsini əslində repressiya adlandırmaq olar. Hələ 1943-cü ildə Tehran konfransında sovet-İran münasibətləri müzakirə edilərkən erməni diasporu SSRİ xarici işlər naziri V.Molotova müraciətlə xahiş etmişdir ki, İranda yaşayan ermənilərin SSRİ-yə köçməsinə icazə versinlər. İ.V.Molotovun elə oradaca İ.Stalinlə danışığından sonra onların köçürülməsinə icazə verilmişdir. Q.Harutyunov bu fürsətdən istifadə edərək xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi ilə əlaqədar azərbaycanlıların doğma yurd yerlərindən zorla köçürülməsi barədə qərar verilməsinə nail olur.
1970-1980-ci illərdə artıq SSRİ imperiyası getdikcə zəifləyirdi. Xalq arasında kommunizm utopiyasına inam azalırdı. İllərdən bəri formalaşmış inzibati amirlik sistemi artıq iflic vəziyyətinə düşmüşdü.
Mixail Qorbaçovun ermənipərəst mövqeyi hayları daha da azğınlaşdırmışdı. Ermənilər Qarabağ məsələsini ortaya ataraq 1988-ci ildə Qərbi Azərbaycandan 300 min soydaşımızı öz ata yurdlarından zorla qovub çıxardılar.
- Toponimlərimiz tarixi ünvanlarımızdır. Bu haqda fikirləriniz maraqlıdır.
- Tarixi saxtalaşdırmaqda və özlərinə "qədim tarix" yaratmaqda mahir olan erməni vandalları Qərbi Azərbaycandakı tarixi türk toponimlərini öz dillərinə tərcümə etməklə saxtakarlığa imza atıblar. Lakin hər dilin öz xüsusiyyətləri olduğundan aborigenlərin izini silmək o qədər də asan deyil. Ermənistan adlanan Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin öyrənilməsi elmi əhəmiyyət kəsb etməklə yanaşı, siyasi mahiyyət də daşıyır.
Ermənilərin Qərbi Azərbaycana məxsus əraziləri, insan məskənlərini öz adlarına çıxmasına qarşı kəskin mübarizə aparılmalıdır. Tarixi saxtalaşdırmağa çalışan ermənilər türkdilli xalqlara qarşı həmişə düşmənçilik mövqeyində dayanmışlar.
- Bu günlərdə Qərbi Azərbaycan İcmasının Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən tədbirində iştirak etmisiniz. Bu haqda məlumat verməyinizi istərdik.
- Qərbi Azərbaycan İcmasının tədbiri məndə xoş təəssürat yaratdı. Toplantıda iştirak edən Qərbi azərbaycanlılar əminliklə bildirdilər ki, bizim əsas hədəfimiz qəribsəmiş yurd yerlərinə qayıdışdır. Qərbi Azərbaycan İcması qədim yurd yerlərinə qayıdışla bağlı məqsədyönlü iş aparır.
Qərbi Azərbaycana Qayıdış hər şeydən öncə tarixi ədalətin bərpası baxımından vacibdir. Doğma yurd yerlərinə qayıdış bizim haqqımızdır. 20 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşünü yüksək dəyərləndirirəm.
Son günlər Qərbi Azərbaycan İcması BMT-nin Baş katibinə məktub ünvanlayıb. Şübhəsiz ki, Birləşmiş Millətlər Təşkilatı Qərbi Azərbaycan İcmasının haqq işinə dəstək olacaq və uzun müddət davam edən problemin həllində dinc dialoq təşəbbüsü fayda verəcəkdir.
- Müsahibəyə görə çox sağ olun!
Qədir ASLAN,
"Respublika".