İrəvan Dövlət Azərbaycan Dram Teatrı keşməkeşli yollardan keçib
Prezident Sərəncamının işığı ilə diyar-diyar, oymaq-oymaq düşdük, axtardıq, aradıq, nəhayət, mənzilbaşına yetişdik. Faktlar, dəlillər bizi tarixin çox keşməkeşli, həm də olduqca maraqlı məqamında haqladı. Yüz illərin o tayından göz önündə maraqlı bir səhnə canlandı. Keçmişlə gələcək, köhnə ilə yenilik arasında müqayisə apardıq. Etiraf edək ki, gələcəyin inkişaf fonunda keçmişin mənzərəsi daha gözəl görünürdü. Qədim Azərbaycan torpaqlarında mədəniyyətin, incəsənətin inkişafının əraziləri daha da möhtəşəm etdiyini gördük. Həmin möhtəşəmlik içində bir mədəniyyət abidəsi də vardır ki, o da öz əzmi və iradəsi ilə dövrün özünə meydan oxuyub. Bu, İrəvan Dövlət Azərbaycan Dram Teatrıdır. İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd edilir.
Əslində, İrəvan teatrı özünün döyüşkən ruhunu heç vaxt itirməyib. Dəfələrlə yerindən-yurdundan didərgin düşən teatr özünü çətinliklə də olsa yaşadıb. Erməni xislətinin, vəhşiliyinin, hərisliyinin bütün zərbəsini çılpaqlığı ilə yaşayan teatr fədakarları İrəvan teatrını Qərbi Azərbaycan tarixinin yaşayan, nəfəs alan bir zümrəsinə, sifətinə çeviriblər. İrəvan Teatrını yaşadaraq, qısqanc və xain münasibətlərdən qoruyan belə fədakar insanlardan biri Hidayət Orucovla həmsöhbət olduq. O Hidayət Orucov ki, hələ 24 yaşı tamam olmamış gənc ikən çiyinlərinə ağır və məsuliyyətli yükü götürüb. Həmin yükü 16 il şərəflə, ləyaqətlə və milli təəssübkeşlik hissilə çəkib apara bilib. Hidayət müəllimlə söhbətimizi oxuculara da təqdim edirik.
–İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaranma tarixinə nəzər salanda şahidi oluruq ki, hələ qədimdən İrəvan mahalında mədəniyyət, incəsənət böyük inkişaf mərhələsi keçmişdir. Teatrın yaranması, fəaliyyəti isə həmin inkişaf etmiş mədəniyyətin göstəricisi, təzahürüdür.
- Teatr adətən digər mədəniyyət, incəsənət nümunələrindən sonra yaranır. 1873-cü ildə Azərbaycanda ilk teatr yaranandan az sonra Tiflisdə teatr yaranmışdı. Bildiyimiz kimi, Tiflis o zaman Qafqazın ən inkişaf etmiş həm inzibati, həm də mədəniyyət mərkəzi idi. Amma Tiflis teatrının açılışından bir müddət sonra Azərbaycanın digər böyük şəhərlərindən fərqli olaraq ilk teatr İrəvanda, İrəvan Azərbaycan Dram Teatrı açılıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaranma tarixi 1882-ci il aprelin 2-ə təsadüf edir. Yazılı mənbələrdə belə göstərilir. Ancaq məlumdur ki, o zaman meydan tamaşaları mövcud idi. O üzdən də teatrın yaranma tarixi biz bildiyimizdən də qədim dövrə gedir. 1882-ci ildə teatr ilk fəaliyyətinə İrəvanda Qayanyan Qızlar Məktəbinin salonunda şəhərin kasıb azərbaycanlı tələbələrinə kömək məqsədilə "Tamahkarlıq düşmən qazanır" adlı pyeslə başlamışdır. Yerli şəraitdən irəli gələn obyektiv çətinliklər, təsir və təqiblərə baxmayaraq, İrəvan Azərbaycan Dram Teatrı xalqımızın ümumi səhnə sənəti ənənələri əsasında yaranmış və inkişaf etmişdir. XX yüzilliyin əvvəllərində Azərbaycanın görkəmli səhnə ustaları ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı arasında yaranan yaradıcılıq əlaqələri bu teatrın milli zəmində inkişafına səbəb olmuşdur. 1909-cu ildə H.Ərəblinskinin, S.Ruhullanın, Y.Ağayevin, C.Bağdadbəyovun iştirakı ilə İrəvanda göstərilən "Bəxtsiz cavan", "Nadir şah", "Zorən təbib" tamaşaları şəhər sakinlərini valeh etmişdir. 1911-ci ildə M.Ə.Əliyev, Göyərçin xanım, Z.Hacıbəyov İrəvanda tamaşalar göstərmişdir. 1910-1917-ci illərdə İrəvanda Mehdi Kazımov, Yunis Nuri, Məcid Rəcəbov, Asifbəy Şərifbəyov, Əli Məhzun Rəhimov və Əsgər Axundov "İrəvan dram şirkəti"ni qurmuşlar.
1928-ci ilə kimi İrəvan Azərbaycan Dram Teatrına "Dövlət teatrı" statusu verilməmişdir. "Kimdir müqəssir", "Sevgili övlad", "Döymə qapımı, döyərlər qapını", "O olmasın, bu olsun", "Bədbəxt ailə", "Zorən izdivac", "Dağılan tifaq", "Arşın mal alan" və digər əsərlər tamaşaya qoyulmuşdur. Həmçinin müxtəlif vaxtlarda Avropa və rus klassiklərinin də əsərlərinə müraciət edilmişdir. 1928-1944-cü illər İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaranması, formalaşması və inkişafı illəri hesab edilir. Bütün bunlarla yanaşı, həm də teatra böyük qısqanclıq da olmuşdur. Belə ki, teatr 1949-cu il sentyabr ayında Basarkeçər rayonuna köçürülmüş və Cəfər Cabbarlı adına Basarkeçər Dövlət Azərbaycan Dram Teatrı adlandırılmışdır. İki il fəaliyyət göstərdikdən sonra, 1951-ci ildə naməlum səbəbdən fəaliyyətini dayandırmışdır. Teatr özünü yaşatmaq, itib-batmamaq üçün müxtəlif dövrlərdə Təzə Arış qəsəbəsində, Zəngibasar rayon mədəniyyət evində fəaliyyət göstərməklə, öz ənənələrini yaşatmışdır. Zəngibasar Xalq Teatrı adı ilə 1956-1966-cı illərdə fəaliyyət göstərən teatr repertuarını Azərbaycan dramaturqlarının əsərləri üzərində quraraq tamaşalar göstərmişdir. 1967-ci ildən teatr yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrı kimi tamaşaçılarını qarşılamışdır. Onu da qeyd etmək yerinə düşər ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının qədimliyi sübut edir ki, o yerlər qədim Azərbaycan torpağıdır.
–Sizin fəaliyyətinizə nəzər yetirəndə tamamilə bir-birindən fərqli sahələrlə tanış oluruq. Yaşadığınız həyat yolunda pedaqoji sahədə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi, mədəniyyət sahəsində teatr direktoru və dövlət məmuru kimi yüksək məqamlara yüksəlmisiz. Sizcə bunlar bir-birinə mane olmur ki?
- Bu taledir. Mən məmur da olmuşam, yüksək siyasi, diplomatik vəzifələrdə də işləmişəm. Bunlar bir-birinə qətiyyən mane olmur. Mədəniyyət, incəsənət, mətbuat sahəsində işləmək, ədəbiyyatla məşğul olmaq, bütün bunlar onun inkişafına xidmət edir. Gələcək siyasi, diplomatik vəzifələrdə yalnız yardımçı olur. Bu, mənim inandığım və sadaladığım yolları keçdiyim kredomdur ki, həmin yollarda formalaşmışam. Mən Zəngəzurda, Mığrı rayonunun Maralzəmi kəndində dünyaya gəlmişəm. Azərbaycan Dövlət Universitetini bitirmişəm, doğma kəndimizdə müəllim kimi fəaliyyət göstərmişəm. Ürəyi min arzu, istəklə döyünən gənc kimi həm də özümü ədəbi sahədə sınayırdım. İrəvanda Azərbaycan dilində çap olunan "Sovet Ermənistanı" qəzetinə tez-tez şeirlər, oçerklər, ədəbi portretlər göndərirdim. Az da olsa çap edirdilər. 1966-cı ildə qəzetin redaktoru Həbib Həsənov məni redaksiyaya dəvət edərək, ədəbi işçi vəzifəsini təklif etdi. O zaman cəmi 21 yaşım vardı. Həmin gün yaddaşımda əbədi həkk olunub. Beləcə, qəzetdə işə başladım. Qəzetdə işləmək mənim çoxdankı arzum idi.
–Bəs İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru kimi yolunuz haradan başladı?
- Açığı ağlıma da gəlməzdi ki, teatr direktoru olaram. Özü də belə gənc yaşlarında. Bir gün yaxın dostlarımdan biri söhbət əsnasında bildirdi ki, səni İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor qoyacaqlar. Dostumun dediklərini gülərək qarşıladım. Çünki bu mümkün deyildi. Amma bir neçə gündən sonra məni Mərkəzi Komitəyə çağırdılar. MK-nın katibi Robert Xaçatryan məni qəbul edərək bu çətin işi həvalə etdi. Teatrın dirçəlib ayağa qalxması üçün isə iki il vaxt verdi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin ediləndə 24 yaşın içində idim. Onu da deyim ki, bu, heç də çox şey vəd etmirdi. Robert Xaçatryan söhbətimizin sonunda bildirdi ki, sabah Sizi mədəniyyət naziri Kamo Udumyan qəbul edəcək. Mərkəzi Komitənin həyətindən çıxıb, Teatr Meydanının yanındakı "Kiçik Göyçə" adlanan maketin yanına gəldim. Dərin düşüncələr məni rahat buraxmırdı. Necə çətin, məsuliyyətli bir işin ağırlığını çiyinlərimə götürdüyümün fərqinə vardım. Ancaq nədənsə içimdə bir ümid işığı közərdi. Səhəri mədəniyyət nazirilə görüşdüm. Kamo Udumyan o illərdə bəlkə də Ermənistanda ən cavan nazir idi. Teatrın düşdüyü acınacaqlı vəziyyətdən danışan nazir mənə öz tövsiyələrini verdi. Həmin görüşün səhəri günü Mədəniyyət Nazirliyinin Kollegiyasında məni İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin etdilər. Teatrda vəziyyət çox bərbad, acınacaqlı idi. Hətta bir çox aktyorlar teatrı tərk etmişdi. Bunlar sonralar bütün Azərbaycanda tanınmış Zemfira Əliyeva, Aydın Şahsuvarov, Hacı İsmayılov, Ramiz Məlikov, Hacı Xəlilov, Qurban Ələkbərov və başqaları idi. Digər aktyorlar isə getməyə hazırlaşırdılar. Qaydalara görə məni direktor kimi kollektivə teatrda təqdim etməli idilər. Lakin belə olmadı, əksinə, teatrda vəziyyət o qədər acınacaqlı idi ki, yaradıcı kollektivi nazirliyə dəvət etdilər. Təqdimat orada oldu. Beləcə, 1968-ci il avqust ayının 1-də məni İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin etdilər. İşə başladığım gündən ilk növbədə hər bir əməkdaşla təklikdə söhbət edərək problemləri ilə maraqlandım. Yaranmış problemlərin əsasən hansı səbəblərdən baş verdiyini araşdırmağa çalışdım. Onu da qeyd edim ki, teatr repertuar baxımından da çox kasad idi. Cəmi dörd əsər vardı: "Sevil", "Əliqulu evlənir", "Solğun çiçəklər" və "Hacı Qənbər" tamaşaları. Onlar da bərbad gündə.
–Belə acınacaqlı bir vəziyyətdə 24 yaşlı gəncin çiyninə böyük bir məsuliyyət, yük qoyuldu.
- Bəli, ona görə deyirəm ki, mənim ora gəlişim heç də çox şey vəd eləmirdi. Hətta məni sevməyənlər istehza ilə deyirdilər ki, bunun pioner baş dəstə rəhbəri olan vaxtıdır. Ancaq dövlət teatrına direktor təyin etdilər. Görəsən, orada neçə gün dözüb qala biləcək. 4 ay işlədikdən sonra Mərkəzi Komitənin Bürosuna çağırıldım. Hiss etdim ki, birinci katib Anton Koçinyan mənə çox narazı baxır. Anketim oxunub qurtarandan sonra Koçinyan mədəniyyət nazirinə müraciət edib dedi ki, ilk öncə sizin münasibətinizi bilmək istəyirəm. O da tərifləyərək yaxşı işlədiyimi bildirdi. Digər şəxslər də işimdən razılıqla danışdılar. Koçinyanın münasibətində bir az yumşalma hiss etdim, sonda bildirdi ki, bu, sizin karyeranızın başlanğıcı da ola bilər, sonu da. Və məsləhət olaraq dedi ki, intriqaya qarşı mübarizə aparın. Karyera və intriqa sözlərinin ilk dəfə rəsmi yerlərdə işləndiyini eşitdim. Əlbəttə, bu sözlərin mənasını bilirdim, lakin rəsmi dairələrdə ilk dəfə eşidirdim. Aradan illər keçəndən sonra bir xudmani şam yeməyində həmin iclasda iştirak edən rəsmilərdən birindən soruşdum ki, Anton Koçinyan o vaxtı nədən narazı idi? Həmin adam mənə bildirdi ki, o, səni görəndə qorxdu. Düşündü ki, bundan teatr direktoru olar? Lakin sonralar onlar özləri mənim işimi bəyənib dəstəklədilər.
–Ermənistan mədəniyyət naziri Kamo Udumyan Sizi qəbul edərkən bərk-bərk tapşırır ki, bu teatrın gələcəyi, dirçəlməsi, fəaliyyəti sizdən asılıdır. Maraqlıdır, bundan öncə İrəvan Dövlət Azərbaycan Dram Teatrına qarşı ermənilərdə bir qısqanclıq olmuşdur. Dəfələrlə teatr bağlanıb, gözdən uzaq məkanlara köçürülmüşdür. Belə münasibətin olduğu bir məqamda sizcə bu, nədən irəli gəlirdi?
- Bilirsiniz, məni Mərkəzi Komitəyə çağıranda sual verdim ki, axı siz nəyə arxalanırsınız? Mənim bu sahədə təcrübəm yoxdur. Dedilər, gəncsən, partiyanın əsgərisən. Partiya səni iki illiyə göndərir teatra. Eyni zamanda bu bir protokol qaydalarıdır. Teatr acınacaqlı gündəydi, bu vəziyyət Mədəniyyət Nazirliyinə də, Mərkəzi Komitənin bu sahəyə baxan rəsmilərinə də şərəf gətirmirdi. Ona görə teatrı bir az dirçəltmək lazım idi. Həmin iki il düz, 16 il davam etdi. Ancaq heç onlar özləri də gözləmirdilər ki, teatr bu qədər inkişaf edib şöhrət qazanacaq. Çünki teatr həmin dövrə kimi hara getmişdisə, heç bir uğur əldə etməmişdi. İş əsnasında maraqlandım ki, teatr hara getməyib? Bildirdilər ki, Amasiyaya getməyib. Amasiya əsasən azərbaycanlıların ən sıx yaşadığı bölgəmiz idi. Həmin vaxt teatrın repertuarında cəmi dörd tamaşa vardı. Onlar da bərbad gündə idi. Biz Amasiyaya gedərkən iki tamaşanı işləyib, apardıq. "Sevil" və "Hacı Qənbər". Gərgin məşqlər nəticəsində araya-ərsəyə yaxşı bir nəticə gətirdik. Amasiya rayonuna qastrolumuz ağbabalıların mədəniyyət bayramına çevrildi. Daha sonra Şıxəli Qurbanovun "Sənsiz" dramı üzərində məşqlərə başladıq. İlk tamaşa uğursuz olsa da, həvəsdən düşmədik. Getdikcə daha əzm və mətanətlə işlədik. Günlər keçdikcə teatr daha da canlandı. Beləcə, uğurlarımız başladı. Artıq 1977-1978-ci illərdə teatrın repertuarında 27 tamaşa var idi. İstənilən gün həmin 27 əsəri oynamaq mümkün idi. Bu, çox böyük göstərici idi. Tamaşaçı sarıdan da korluq çəkmirdik. Oynanılan pyeslər həm dünya, həm Azərbaycan klassiklərinin və müasir yazıçıların əsərləri idi. Eyni zamanda müəyyən qədər də erməni yazıçılarının əsərləri vardı. Əlbəttə ki, teatrı yenidən qurmaq üçün həm də yeni aktyorlar, rejissorlar və rəssamlar dəvət olunmuşdu. Mübariz Əlixanoğlu Naxçıvandan, Tofiq Hüseynov Bakıdan və respublikanın digər teatrlarından aktyorlar, həmçinin İncəsənət İnstitutunun məzunları kollektivin sıralarına qoşuldu. Demək olar ki, hər şey yenidən quruldu.
–Sizə verilən ikiillik vaxt gələcək uğurlara yol açdı?
- Bəli. Bilirsiniz, biz o vaxtı qarşımıza bir məqsəd qoymuşduq. Yalnız irəli getməli. Kollektiv tamamilə gənclərdən ibarət idi. Elə bir ab-hava formalaşmışdı ki, teatr istər İrəvanda, istərsə də ucqar dağ kəndinə getməsindən asılı olmayaraq hər bir aktyor səhnədə bütün gücü, varlığı ilə oynayırdı. Mən onları kamikadzelərə bənzədirdim. Təsəvvür edin ki, biz uzun bir yola çıxmışdıq. Və geri qayıtmaq üçün təyyarəmizə yanacaq doldurmamışdıq. Yalnız irəli, yeni üfüqlərə doğru. Onu da etiraf edim ki, o zaman erməni teatr sənəti inkişaf etmişdi. Biz çalışırdıq, bütün varlığımızla işləyirdik ki, Azərbaycan teatrı heç də zəif görünməsin. Əksinə, daha da inkişaf edib, örnək olsun. Buna nail olduq. Bir dəfə kollegiya iclasında teatrın binası ilə bağlı çox sərt çıxış elədim. Yəni elə bir binamız olsun ki, teatr tamaşalarını da tamaşaçılar üçün orada göstərə bilsin. Bir nəfər tanıdığım, özünü mənə dost sayan məşhur teatrşünas iclasdan sonra mənə bildirdi ki, sizə hörmətim böyükdür, amma teatrın bina məsələsini bir də qabartmayın. Bu, olmayacaq. Soruşdum: Niyə?
- Dedi ki, sizin teatrınız bu gün Ermənistanda ən yaxşı teatrlardan biridir. Azərbaycan teatrının ənənələrini yaşadırsız, inkişaf etdirirsiz. Erməni teatrını öyrənirsiz, ondan da bəhrələnirsiniz. Gürcü teatrını da öyrənirsiz, Moskvadan da yan keçmirsiz. Sizin binanız yoxdur bu qədər uğur qazanmısız, binanız olsa, teatrınız Ermənistanın ən yüksək teatrı olacaq. Bunu istəmirik. Bəli, etiraf etdi ki, bunu biz istəmirik. Hətta erməni əməkdaşlarımızdan biri mənə bildirdi ki, heç bir erməni istəməz ki, İrəvanın mərkəzində böyük bir teatr binasının qarşısında Azərbaycan dilində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yazıla. Belə faktlar olduqca çoxdur.
Erməni teatrları, bu sahəni yaxşı bilən insanlar həmişə mənə deyirdilər ki, bu teatr bizim gözümüzün qarşısındaca inkişaf etdi. Onlar bizim tamaşaları çox sevirdilər, maraqla gəlib baxırdılar. Bilirsiniz, sənət sənətdir. Əsl sənətdə millətçilik olmur. Onlar da bunu çox gözəl anlayırdılar. Bu elə bir teatr idi ki, kollektiv üçün harada tamaşa göstərməsinin fərqi yox idi. Artıq dediyim kimi, Göyçənin, Ağbabanın, Zəngəzurun, Dərələyəzin ucqar dağ kəndlərində oynadıqları tamaşa ilə İrəvanın mərkəzində oynadıqları tamaşa arasında heç bir fərq yox idi. Bütün gücləri ilə çalışırdılar. Baxmayaraq ki, səhnə, məkan, hətta tamaşaçı baxışı da fərqli idi. O zaman Ermənistanda mədəniyyət sahələri üzrə aktiv, işgüzar insanların fəallar iclası keçirilərdi. İclasların birində Ermənistan mədəniyyət naziri erməni teatrlarının yarıtmaz fəaliyyətini tənqid edərək çox narazı danışdı. Əsəbi şəkildə bildirdi ki, kim teatr işini təşkil edə bilmirsə, teatr repertuarını qura bilmirsə onu ezam edək Azərbaycan teatrına, gedib öyrənsin. Bilirsiz, Ermənistanın paytaxtında, ermənilərin içində, 400-500 nəfərlik salonda bunu eşidən bütün ermənilər sanki şoka düşdülər. Nazir özü də salonda baş verən sükutdan anladı ki, necə bir təpki göstərib. Dedi, bunun üçün Bakıya getmək, ezamiyyət xərcləri lazım olmayacaq. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təcrübəsindən yararlanmaq kifayət edəcək. Salon özünə gəldi, rahat nəfəs aldı və alqışladı. Ardınca teatrımızın uğurlu fəaliyyətindən razılıqla danışdı.
–Buna görə də İrəvan Dövlət Azərbaycan Dram Teatrının ən inkişaf etmiş dövrünü 1970-1980-ci illərin əvvəlləri hesab etmək olar?
- Əlbəttə, mən bunu ilk dəfədir deyirəm. Əvvəllər teatr xadimləri, ziyalılar, məmurlar bu həqiqəti dönə-dönə etiraf ediblər. Həqiqətən də bu dövr teatrın ən inkişaf etmiş, çiçəklənən dövrü idi. Bu, təkcə mənim əməyim deyildi. Teatrın hər bir aktyorunun, rejissorunun, rəssamının uğuru idi. Artıq teatrda nə tamaşaçı, nə də qastrol sarıdan çətinlik yox idi. Öz inkişaf yolunu keçən teatrımızın repertuarı dediyim kimi çox zəngin idi. "Sevil", "Aydın", "Yaşar", "Məşədi İbad", "Arşın mal alan" kimi əsərlər teatrın səhnəsində uğurla oynanılırdı. Eyni zamanda dünya klassiklərinə də müraciət edirdik. Aleksandr Ostrovskinin "Cehizsiz qız", V.Şekspirin "Sonu yaxşı olan hər iş yaxşıdır" əsərləri ilə tamaşaçı qəlbinə yol tapa bildik. Sonralar isə İmran Qasımovla Həsən Seyidbəylinin birgə yazdığı "Sən nə üçün yaşayırsan", Nəriman Həsənzadənin "İmzalar içində", Nəbi Xəzrinin "Əks-səda", Bəxtiyar Vahabzadənin "İkinci səs", İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər", Yusif Əzimzadənin "Nəsrəddin", Aleksandr Gelmanın "Aləmlə üz-üzə", Anarın "Şəhərin yay günləri", Mar Baycıyevin "Hər evdə bayram olsun", Nahid Hacıyevin "Ömür gözləyir bizi", Mustafa İsgəndərzadənin "Səni kim unudar" dramları, Aleksandr Makeyenovun "Tribunal", Georgi Xuqayevin "Mənim səadətim, hardasan" və digər əsərlər teatrın səhnəsində alqışlarla qarşılandı. Biz böyük əzmlə çalışırdıq. Bunu Ermənistanda da çox gözəl bilirdilər. Elə bu əzmimizə görə də Ermənistanın teatr ictimaiyyəti bizi dekabristlər adlandırırdılar. Beləcə, İrəvan Dövlət Azərbaycan Dram Teatrının taleyində yeni bir səhifə açıldı. Daha parlaq, daha uğurlu. 1977-ci ildə yeni yaranmış teatrın 10 yaşı tamam olurdu. Mədəniyyət Nazirliyində mənə bildirdilər ki, bununla bağlı nə fikirləşirsiniz? Cavab verdim ki, yeni teatrın yubileyi lazım deyil. Gələn il dövlət teatrının 50 illik yubileyidir. Bununla bağlı nazirlikdə də, Mərkəzi Komitədə də məsələni qaldırdım. Ermənistan KP MK-nın Bürosu C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 50 illiyinin keçirilməsi barədə qərar qəbul etdi. İyun ayının 29-da keçirilən təntənəli yubiley mərasimi zamanı bir çox ölkələrdən təbrik teleqramları aldıq. Hətta SSRİ Mədəniyyət Nazirliyinin Kollegiyası, Gürcüstan Mədəniyyət Nazirliyinin və incəsənət xadimləri adından göndərilən təbriklər bizim artıq geniş miqyasda tanınmağımızın sübutu idi. O zaman teatrımız bütün tamaşalarını Rus dram teatrının səhnəsində göstərirdi. Binamız olsa da, oradan inzibati, istehsalat, məşq binası kimi istifadə edirdik. Yubileyqabağı həmin binanı əsaslı təmir etdirdik. Yubileyimiz də Rus dram teatrının binasında oldu. Mükafatları təqdim etməyə Ali Sovetin Rəyasət Heyətinin sədri gəldi. Öz çıxışında qeyd etdi ki, sizin teatr təkcə Ermənistanda deyil, bütün Qafqazda olan ən yaxşı teatrlardan biridir və biz bunu çox yüksək dəyərləndiririk. Hətta bir dəfə "Arşın mal alan"ın qapalı tamaşasına mədəniyyət nazirinin birinci müavini gələcəkdi. O, tamaşadan qabaq mənə zəng vurub bildirdi ki, SSRİ Mədəniyyət Nazirliyinin Kollegiya üzvü, Musiqi İdarələrinin rəisi və digər şəxslər də tamaşaya baxmağa gələcək. Baxandan sonra dedilər ki, sizin aktyorlar vokalistlər kimi ifa edirlər. Heç demək olmaz ki, bunlar musiqili teatrın aktyorları deyillər. Həmin ərəfədə aktyorlar fəxri adlara layiq görüldülər. Mənə isə Əməkdar mədəniyyət xadimi fəxri adı verildi.
–Hidayət müəllim, siz həm də ən uzunmüddətli teatr rəhbəri olmusunuz. Teatr direktoru kimi 16 il fəaliyyət göstərmisiniz.
- Bəli, bu, belə idi. Mənə elə gəlirdi ki, yalnız Azərbaycan, Gürcüstan, Ermənistan və Moskva teatrları arasında belədir. SSRİ Mədəniyyət Nazirliyinin Kollegiya üzvü, teatrlar idarəsinin rəisi Çausov var idi. Moskvada görüşümüz zamanı mənə bildirdi ki, siz SSRİ-də ən uzunömürlü teatr rəhbərisiniz. Onu da deyim ki, mən direktor gələnə kimi teatr Ermənistan sərhədindən kənara çıxmamışdı. Hətta Ermənistanın özünün böyük şəhərlərində olmamışdı. Biz İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə Ermənistanı qarış-qarış gəzdik. Böyük şəhərlərdən tutmuş, ən ucqar kəndlərə kimi tamaşalar verdik. Sonra Tiflisdə, Gürcüstanın azərbaycanlılar yaşayan regionlarına dəfələrlə səfər etdik. Azərbaycanda qastrolda olduq. Naxçıvana, Gəncəyə gəldik. 1978-ci ilin noyabr ayında Bakıda 14 günlük qastrol səfərində olduq. Hələ o dövr üçün heç bir teatr Bakıya, İrəvana, Tiflisə belə uzunmüddətli qastrol səfərində olmamışdı. Musiqili Komediya Teatrının səhnəsində gündə iki tamaşa ilə çıxış edirdik. Hamısı da anşlaqla keçirdi. Hətta həmin qastrol səfərində İmran Qasımov "Sən nə üçün yaşayırsan" əsərinə baxaraq, heyranlığını gizlətmədi. Bizim teatrı o vaxtın, Leninqradın Tavstanoqov teatrı ilə müqayisə etdi. Dedi ki, siz elə bil tamaşaçını da başqa respublikadan gətirmisiniz. Teatrımızın bu səfəri Azərbaycanda böyük hərarətlə qarşılandı. O vaxt ulu öndər Heydər Əliyevin qərarı ilə xeyli əməkdaşımıza fəxri adlar və fəxri fərmanlar verildi. Azərbaycan mətbuatı geniş şəkildə həmin qastrol səfərini işıqlandırdı. Teatrın Bakı qastrolu Ermənistanda da yüksək dəyərləndirildi, Mədəniyyət Nazirliyi bu səfəri xüsusi diqqətdə saxladı, yüksək nəticələri kollegiya qərarı ilə rəsmiləşdirdi.
O zaman Ermənistanda iki teatr haqqında müsbət fikir formalaşmışdı. Bunlar, Rus teatrının Moskvaya qastrol səfəri və İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakı səfəri. Ulu öndər o vaxt Azərbaycanda Mərkəzi Komitənin birinci katibi idi. Onun daim bizə qarşı diqqət və qayğısı olub. Baxmayaraq ki, biz Azərbaycanda deyil, Ermənistanda fəaliyyət göstərirdik, ancaq Heydər Əliyev bütün uğurlarımızı izləyir, diqqətdə saxlayırdı. Ən əsası isə o vaxt Heydər Əliyev başda olmaqla, güclü Azərbaycan bizim arxamızda idi. Öz diqqətini, qayğısını bizdən əsirgəmirdi. Hər zaman bizimlə maraqlanır, dəstək verirdi ki, davam edək, teatrı yaşadaq. Bunu mənə dəfələrlə Ermənistan mədəniyyət naziri, Ermənistan Mərkəzi Komitəsinin ideologiya üzrə katibi və digərləri də demişdi. Ona görə də biz özümüzü çox güclü hiss edirdik. Bakıda "Mədəniyyətlərin dostluğu xalqların dostluğudur" adlı konfrans keçirilirdi. Həmin konfransda Ermənistan Yazıçılar İttifaqının sədri Vartges Petrosyan da iştirak edirdi. Ulu öndər Heydər Əliyev onu ayrıca qəbul elədi. Vartges Ermənistana qayıdandan sonra mənə dedi ki, Heydər Əliyevin sizə hörməti, rəğbəti var. Haqqınızda xeyli razılıqla danışdı, işinizi, teatrın fəaliyyətini izlədiyini bildirdi. Heydər Əliyevin teatrımızla maraqlanıb, qayğı göstərməsi bizə güc verməklə yanaşı, böyük arxa, dayaq idi. Onu da qeyd edim ki, Heydər Əliyev o vaxt Gürcüstanda da Azərbaycan teatrının bərpasına çalışırdı. Təəssüflər olsun ki, Heydər Əliyev Moskvaya gedəndən sonra həmin iş dayandı. Ancaq yenə, ikinci dəfə hakimiyyətə gələndə həm Gürcüstanda, həm də Dərbənddə Azərbaycan teatrı bərpa olundu. Bilirsiz, biz nə qədər gənclik həvəsi, vurğunluğu, əzmi ilə çalışsaq da, eyni zamanda arxamızda Azərbaycanın və Heydər Əliyev kimi böyük bir qüvvənin olduğunu bilirdik. Və bu da bizə güc verirdi, əzmimizi daha da artırırdı.
–Bu qədər uğur, şöhrət qazandınız, bütün varlığınızla teatra bağlandınız. Bəs necə oldu ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrından ayrılıb, Bakıya gəldiniz?
- 1979-cu ildə səhhətimdə müəyyən problemlər yaranmışdı. Bir çox müayinələrdən sonra həm Moskva, həm İrəvan, həm də Bakı həkimlərinin gəldiyi qənaət belə oldu ki, mən Bakıda yaşayım. Səhhətimin qaydasına düşməsi üçün Bakı iqlimi daha yararlı idi. O səbəbdən də 1984-cü ildə Azərbaycana gələsi oldum. Beləcə, Bakı həyatım başladı. Bakıya gələrkən əvvəlcə "Gənclik" nəşriyyatında az müddət ərzində baş redaktorun müavini, sonra baş redaktor işlədim. Eyni zamanda həmin dövrdə Bakıdakı teatrlar mənimlə çox maraqlandılar. Vaxtilə İrəvanda bir yerdə işlədiyimiz aktyorlar artıq Bakıda fəaliyyət göstərirdilər. Təklif edirdilər ki, mən onların teatrında çalışım. Məlum oldu ki, rəsmi dairələrdə də bu barədə danışıqlar olub. O vaxt Mərkəzi Komitənin katibi işləyən Həsən Həsənov təklif etdi ki, sizi Bakıda teatrlarının birinə direktor təyin edək. Artıq baş redaktor işləyəndə Gənc Tamaşaçılar Teatrının direktoru olmağım barədə də təklif gəlmişdi. Daha sonra Akademik Milli Dram Teatrına. Yenə də gələn təkliflərə hörmətlə yanaşıb bildirdim ki, 16 il teatr direktoru kimi işləmişəm. Yəni artıq bütün gücümü, bacarığımı və potensialımı "xərcləmişəm". Yenidən özümü təkrarlaya bilmərəm. Ən yaxşısı, mən öz baş redaktorluğumu edim. O ki, qaldı İrəvan Dövlət Azərbaycan Dram Teatrının taleyinə, mən gələndən sonra onları həmin binadan çıxarıb, Azərbaycan məktəbinin mansarında yerləşdirmişdilər. Teatr demək olar ki, çox acınacaqlı, bərbad bir gündə idi. Böyük bir kollektivi cəmi iki, üç otağa yığmışdılar.
–Deməli, rəhbərdən çox şey asılıdır?
- Onu deyə bilərəm ki, teatrı qurmaq, təşkil etmək çox çətin bir işdir. Onu qoruyub saxlamaq asan deyil, amma dağıtmaq olduqca asandır. İrəvan Dövlət Azərbaycan Dram Teatrı artıq Azərbaycana gələnə kimi demək olar ki, yox vəziyyətində idi. Ancaq onu deyə bilərəm ki, teatr bu gün çox aktiv şəkildə fəaliyyət göstərir. Sevindirici hallardan biri də odur ki, ənənələr yaşadılır.
–Ulu öndər Heydər Əliyevin İrəvan Dövlət Azərbaycan Dram Teatrına olan diqqət və qayğısından danışdınız. Həmin diqqət və qayğı, ənənə bu gün də davam edir. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi ilə bağlı Sərəncam imzaladı. Həmin Sərəncama əsasən ölkəmizdə müxtəlif səpkili yubiley tədbirləri keçirildi. Hətta yaxın vaxtlarda teatr yeni bina ilə təmin olunacaq. Sərəncamla bağlı münasibətinizi bilmək istərdik.
- Əvvəla, bundan öncə Prezidentin Sərəncamına uyğun olaraq İrəvan Dövlət Azərbaycan Dram Teatrının 130 illiyi keçirilmişdi. Əlbəttə ki, bu kimi məsələlər Prezidentin daim diqqətindədir. Bir sıra aktyorlara fəxri adlar verildi. Teatrın yeni, daha geniş binası əsaslı təmir olunur. İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi tarixində hələ özünün belə geniş, özəl binası olmayıb. Prezidentin bilavasitə göstərişi ilə teatr bina ilə də təmin olunur. Bütün bunlar isə teatrın tarixində xidməti olan insanların hamısının zəhmətinə verilən qiymətdir. Buna görə də mən bütün teatrsevərlər, İrəvan teatrında uzun illər çalışmış insanlar adından möhtərəm Prezidentimizə dərin təşəkkür edirəm.
–Hidayət müəllim, maraqlı, eyni zamanda əhatəli söhbətə görə sizə təşəkkür edirik.
- Çox sağ olun.
Müsahibəni hazırladı:
Ramidə YAQUBQIZI,
"Respublika".