Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Parlamenti Senatının Elm və sosial-mədəni inkişaf komitəsinin sədri Nurtore Baytelesoviç Jusip ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclisi tərəfindən keçirilən mərasimlərdə iştirak etmək üçün ölkəmizdə olan Nurtore Jusip Azərbaycana səfərindən məmnunluğunu bildirib.
Qazaxıstanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən komitə sədri bu münasibətlər sistemində dini-mənəvi əlaqələrin xüsusi yer tutduğunu qeyd edib. Xalqlarımız arasında tarixən formalaşmış din və dil birliyinin Türk Dövlətləri Təşkilatının dəstəyi, Türk dövlətləri Müsəlman Dini rəhbərlərinin səyləri ilə daha da möhkəmlənəcəyinə, bu müstəvidə keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıyacağına ümidvar olduğunu vurğulayıb.
Şeyxülislam Allahşükür Paşazadə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfərini yüksək dəyərləndirib. O, ölkələrimiz arasında milli-mədəni əlaqələrin möhkəmlənməsində dövlət rəhbərlərinin müstəsna xidmətlərini qeyd edib.