Ulu öndərin adı çəkiləndə ilk növbədə onun qurucusu olduğu milli təhlükəsizlik orqanları yada düşür. Milli təhlükəsizliyin təmin olunması hər bir dövlətin daxili və xarici siyasətinin prioritet istiqaməti hesab olunur. Dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, milli maraqlarının daxili və xarici təhdidlərdən qorunması Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasını təşkil edir.
Ulu öndər Heydər Əliyevin ideyaları, siyasi irsi, dövlətçilik məktəbi hələ uzun müddət yaşayacaq. Onun keçdiyi həyat yoluna nəzər salsaq, orada "Heydər Əliyev və təhlükəsizlik" adlı ayrıca bir irsi görmüş olarıq.
Ölkənin və xalqın təhlükəsizliyini təmin edən milli təhlükəsizlik orqanları dövlətimizin sələfi olan Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır. Artıq bir əsrdən çox yaşı olan xüsusi xidmət orqanları Heydər Əliyevin rəhbərliyi dövründə müstəqil Azərbaycanın gələcəyinin təminatçısı olaraq inkişaf etmişdir.
Milli təhlükəsizlik orqanlarının formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O, 1944-cü ildə SSRİ Dövlət Təhlükəsizlik orqanlarında fəaliyyətə başlamışdır. Heydər Əliyev Sovet hakimiyyəti dövründə təhlükəsizlik orqanlarında Azərbaycan naminə sədaqətlə xidmət etmiş, milli kadrların yetişdirilməsində müstəsna əməyi olmuşdur. Sovetlər dövründə mərkəzi hakimiyyətin müsəlman respublikalara münasibəti digərlərindən fərqli idi. Ona görə də, Azərbaycanın təhlükəsizlik orqanlarında milli kadr bazasının yaradılmasına imkan verilmirdi. Bütün bunlar Azərbaycanı daim təzyiq altında saxlamaq, respublikanı idarə etmək və milli dirçəlişin, milli oyanışın qarşısını almaq məqsədi daşıyırdı. Sovet dövründə təhlükəsizlik orqanlarında milli kadrlara müəyyən məhdudiyyətlər qoyulmasına baxmayaraq, Heydər Əliyev Azərbaycan SSR-in Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat xidmətinə rəhbərlik edən ilk azərbaycanlı olmuşdur. Həmin vaxt Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə bir azərbaycanlının təyin edilməsini tarixi hadisə idi. Heydər Əliyev əməliyyat müvəkkili vəzifəsindən DTK-nın sədrinə, leytenant rütbəsindən generala qədər yüksələn azərbaycanlı idi. Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunduqdan sonra ulu öndər öz xalqına, millətinə sədaqətlə xidmət etmişdir. Ümummilli liderin sovet hakimiyyəti illərində ən böyük təşəbbüslərindən biri dövlət aparatı, xüsusilə təhlükəsizlik orqanlarını milliləşdirmək olmuşdur. Təşkilat milliləşdikcə onun fəaliyyət istiqaməti ilə Azərbaycanın milli mənafeləri üst-üstə düşməyə başlayırdı. Sovet hakimiyyətinin ən qüdrətli vaxtlarında belə Heydər Əliyev Azərbaycanın müstəqilliyini bərpa edəcəyinə inanırdı. Və bu inam onu gələcəyə yönəlik inadlı addımlar atmağa sövq edirdi. Bu illərdə Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayırdı. Bunu təhlükəsizlik sahəsində də görmək mümkün idi. Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi illərdə milli təhlükəsizlik orqanlarında artıq peşəkar milli kadr potensialı yetişmişdi. Bu, ulu öndərin apardığı milliləşmə siyasətinin bəhrəsi idi.
70 illik bir əsarətdən sonra ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldi. Ancaq bu dəfə müstəqil Azərbaycanı idarə edəcəkdi. Qollarına vurulmuş zəncirlərdən yenicə qurtulmuş ölkəni xaos, vətəndaş müharibəsi, düşmən təhdidi gözləyirdi. Belə bir dönəmdə Heydər Əliyevin nəzarəti altında milli təhlükəsizlik orqanlarının fəaliyyət istiqaməti ümumilikdə Azərbaycanın müstəqilliyinin qorunmasına yönəlmişdir. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının texniki təchizatının təmin edilməsi, öncədən formalaşmış peşəkar kadrların qorunması və ən əsası yeni nəsil kadrların yetişdirilməsi onun diqqət mərkəzində idi. Ümummilli liderin həyata keçirdiyi kadr hazırlığı, təhlükəsizlik orqanlarının hüquqi bazasının yaradılması və bu kimi digər xidmətləri təqdirəlayiqdir. Buna görə də, Azərbaycanın təhlükəsizlik strategiyası onun adı ilə bağlıdır. Heydər Əliyevin sözügedən sahədəki siyasətinin əsas istiqamətlərindən biri təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir standartlara cavab verməsi idi.
1990-cı illərin əvvəllərindəki xaos yatırıldıqdan sonra, 1998-ci ildən başlayaraq dövlətin xarici və daxili təhlükəsizliyinin milli sisteminin yaradılması ardıcıl konseptual siyasi xəttə çevrilmişdir. Bu sahədə qanunvericilik aktların, normativ-hüquqi sənədlərin qəbulu təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin qanu