Qlobal əməkdaşlıq platforması: Qoşulmama Hərəkatı
Siyasət

Qlobal əməkdaşlıq platforması: Qoşulmama Hərəkatı

Ölkəmizin sədrliyi dövründə bu mötəbər təsisatın fəaliyyəti və nüfuzu daha da güclənib

zərbaycanın uğurlu diplomatik fəaliyyətinin nəticəsində bir çox ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər qurulub. Cənubi Qafqaz regionunun lider dövləti Azərbaycanın xarici siyasət kursu çoxvektorludur və praqmatik xarakter daşıyır. Milli maraqlara söykənən bu kurs ölkəmizin dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmasına zəmin yaradıb. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bununla yanaşı, Azərbaycanın üzv olduğu və rəhbərlik etdiyi təşkilatların bir sıra mühüm tədbirləri məhz ölkəmizin paytaxtında keçirilir ki, bu da respublikamızın dünyadakı nüfuzunun təsdiqidir. Ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlərlə münasibətləri olduqca yüksək səviyyədədir.

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuşdur. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilmişdir. Ölkəmiz 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə evsahibliyi etmişdir. Tədbirdə BMT-nin üzvü olan dövlətlərin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilatın təmsilçiləri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda sədrlik Azərbaycan Respublikasına keçmişdir. Pandemiyanın lap başlanğıcında, dünya üçün qlobal müharibələr qədər təhlükəli olan bir şəraitdə təşkilata sədrliyi qəbul edən Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətinə o zamanadək görünməmiş bir canlanma gətirdi. Qoşulmama Hərəkatı bir tərəfdən Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə yanaşı, digər tərəfdən dünya siyasətinə özünün mümkün təsir gücünü göstərmiş oldu. Məhz Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı bu cəsarəti və təşəbbüskarlığı öz əlinə ala bildi.

Birləşmiş Millətlər Təşkilatı və Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin nümayəndələrinin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Qoşulmama Hərəkatına ölkəmizin üzvlükdən qısa müddət sonra quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Təşkilatın bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən "Bandunq prinsipləri" Azərbaycanın maraqları ilə üst-üstə düşür.

Dünyanın qütbləşdiyi geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan blok və koalisiyaların yarandığı bir şəraitdə "soyuq müharibə" başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərir, bu məqsədlə təşkilatlanma ideyasını fəal şəkildə təşviq edir. Bu baxımdan Qoşulmama Hərəkatının Azərbaycanın təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsi və Gənclər Təşkilatı xüsusi qeyd edilməlidir.

(əvvəli 1-ci səhifədə)

Dünyada parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq Azərbaycan tərəfindən hərəkatın parlament şəbəkəsinin yaradılması təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsi, paytaxtımız Bakı şəhərində keçirilən konfrans ölkəmizə göstərilən etimadın bariz nümunəsidir.

Azərbaycan Prezidentinin hələ 2011-ci ildə ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar BMT Baş Assambleyasında və digər beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrin sırasını xeyli genişləndirdi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Bir məqamı da qeyd etmək lazımdır ki, bəzi ölkələrin rəhbərliyində olan ermənipərəst qüvvələr hələ Vətən müharibəsinin gedişində Azərbaycanın haqq işini əngəlləməyə çalışırdılar. O cümlədən həmin qüvvələr BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində ölkəmizə qarşı qərarın çıxarılmasına cəhd etmişdilər. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar və bununla da ermənipərəst qüvvələrin ölkəmizə qarşı hücumu neytrallaşdırıldı. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun artması, beynəlxalq arenada söz sahibinə çevrilməsi hərəkata üzv ölkələrin də diqqətindən yayınmayıb. Məhz bu səbəbdəndir ki, QH-yə üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib. Bu, həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi, QH üzvləri tərəfindən Azərbaycanın dövlət başçısının qlobal liderlik fəaliyyətinə verilən yüksək qiymətdir.

Ölkə başçısı dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-addım strateji hədəflərə yaxınlaşdırır.

Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq, ilk növbədə dünyanı iflic vəziyyətinə salmış pandemiyaya qarşı birgə mübarizənin aparılması və bütün səylərin səfərbər edilməsi məqsədilə beynəlxalq təşəbbüslərlə çıxış etdi. İlk növbədə, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü təşkil olundu. Zirvə görüşündə qarşıya qoyulmuş hədəflərdən biri də tibbi ehtiyacların müəyyən edilməsi məqsədilə Hərəkata üzv dövlətlərin məlumat bazasının yaradılması idi. Bu gün ÜST koronavirusa qarşı aparılan mübarizədə mövcud ehtiyacların müəyyənləşdirilməsi məqsədilə istinad mənbəyi kimi həmin məlumat bazasından istifadə edir. Qoşulmama Hərəkatının adından dövlətimizin başçısı tərəfindən pandemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması məqsədilə dövlət və hökumət başçıları səviyyəsində Birləşmiş Millətlər Təşkilatına Baş Assambleyanın Xüsusi Sessiyasının keçirilməsi təklif edildi. BMT-nin Xüsusi Sessiyası 2020-ci ilin dekabrında keçirildi. Həmçinin, ölkə başçısının təşəbbüsü ilə QH-nin Azərbaycan sədrliyi tərəfindən əvvəlcə BMT-nin İnsan Hüquqları Şurasında, daha sonra isə BMT Baş Assambleyasında "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə layihələrinin irəli sürülməsi və qəbul edilməsi kimi addımlar ölkəmizin və Hərəkatın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirdi.

Azərbaycan ötən müddət ərzində QH-nin fəaliyyət göstərdiyi BMT qərargahlarında, eləcə də digər beynəlxalq tədbirlərdə Hərəkat üzvləri adından yüzlərlə bəyanat səsləndirib, onlarla qətnamə layihələri və digər təşəbbüslər irəli sürüb, səfirlər və digər səviyyələrdə əlaqələndirmə görüşləri təşkil edib. Sədrlik müddətində 2021-ci ilin oktyabr ayında Serbiyanın Belqrad şəhərində QH-nin təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbiri, Bakı şəhərində "QH-nin təkamülündə Afrika irsi" mövzusunda konfrans, eləcə də Qoşulmama Hərəkatı tarixində ilk dəfə QH ölkələrindən gənclərin iştirakı ilə QH Modeli Simulyasiya Təlimləri təşkil edilib. Ölkə başçısının müvafiq Sərəncamı əsasında hər il onlarla QH-yə üzv ölkə gənclərinə Azərbaycanda təqaüdlə təhsil almaq imkanları yaradılıb. Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə də sıx əməkdaşlıq edir.

Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş toplantıda Prezident İlham Əliyev deyib: "Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir".

Mustafa KAMAL,

"Respublika".