Azərbaycanın sədrliyi ilə ən uğurlu dövrünü yaşayan mühüm platforma
Siyasət

Azərbaycanın sədrliyi ilə ən uğurlu dövrünü yaşayan mühüm platforma

Regionda aparıcı dövlətə çevrilən Azərbaycan son illərdə dünyada artan nüfuzu sayəsində beynəlxalq təşkilatlarla aktiv şəkildə əməkdaşlıq edir. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş kimi qəbul edirlər. BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla strateji əməkdaşlıq edən Azərbaycan bir çox qərarların qəbulunda və icrasında da yaxından iştirak edir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, dünyanın 120 ölkəsi arasında səmərəli tərəfdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi ilə özünün ən uğurlu dövrünü yaşayır. Bu, iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda keçirilən nazirlər görüşündə bir daha sübut olundu.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi. Əvvəlcə Hərəkata üzv ölkələrin 2019-cu ildən bu günədək həyatını itirən rəhbərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Nazir Kampala Sammitinə hazırlıq çərçivəsində bu görüşün 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısından sonra əldə edilən nailiyyətləri nəzərdən keçirməyə, həmçinin müxtəlif çağırışlara birgə yanaşmanı ifadə etməyə imkan yaradacağını bildirdi. Sonra Ceyhun Bayramov çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevə verdi. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə "Bandunq prinsipləri" əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub. Üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü xatırladan dövlətimizin başçısı deyib ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu istiqamətdə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı olub: "Xanımlar və cənablar, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Biz "Bandunq prinsipləri" ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir. Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır".

Toplantıda çıxış edən üzv ölkələrin rəsmiləri də Azərbaycanın Qoşulmama Hərəkatının tarixində mühüm rol oynadığını deyiblər. Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov bildirib ki, Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatı  daxilində dinamikaya təsir edib, onu sürətləndirib: "Bu gün qlobal ictimaiyyət böhranlarla üzləşir, ərzaq və enerji təhlükəsizliyinə olan təhdidlər regionlara təsir edir. İndi Əfqanıstanın şansı var ki, illərdir davam edən böhrandan çıxsın. Özbəkistan hökuməti BMT himayəsi altında Əfqanıstanla bağlı qlobal konfransın təşkilini təklif edib. Bununla bağlı sizin dəstəyinizi gözləyirik. Biz Qoşulmama Hərəkatı çərçivəsində  hər il iqtisadi forumun keçirilməsini təklif edirik".

Nazirlərin görüşündə çıxış edən digər ölkələrin nümayəndələri də Qoşulmama Hərəkatının  qlobal rolunun gücləndirilməsində, tanınmasında və səsinin daha da eşidilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib, Bakının  artıq vacib beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrildiyini vurğulayıblar. 

Ümumilikdə, yeni dünya nizamının formalaşdığı dövrdə qlobal problemlərin həllinin tapılması, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması üçün ölkələr arasında əməkdaşlığın qurulması zəruridir. Əslində, bu məqsədlə yaradılan xeyli sayda beynəlxalq təşkilat və birliklər var. Amma bu qurumların əksəriyyəti hərbi maraqları prioritet hesab etdiyindən və qərarvermə mexanizmində yalnız supergüclər iştirak etdiyindən qlobal sülhyaratma missiyasını icra edə bilmir. Bu məqamda, beynəlxalq hüquqa hörmət prinsipləri əsasında fəaliyyət göstərən qurumlara ehtiyac duyulur. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı da son dövrlərdə müasir dünyanın çağırışlarına cavab verən uğurlu əməkdaşlıq platforması kimi önə çıxır.

1961-ci ildə Yuqoslaviyanın Belqrad şəhərində 25 ölkə başçısının iştirakı ilə yaradılan Qoşulmama Hərəkatı heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük təşkilatı hesab olunur. Hərəkat BMT-yə üzv ölkələrin təxminən 75 faizini, dünya əhalisinin isə 55 faizini təşkil edir. Hərəkatın daimi katibliyi yoxdur. Sədrlik iyerarxiya prinsipi üzrə deyil, sıra prinsipi əsasında bütün üzv dövlətləri ehtiva etməklə səs çoxluğu ilə təyin olunur.

Hərəkatın başlıca məramı Soyuq müharibədən sonra dünyanın inkişaf etməkdə olan ölkələrinin birliyi və həmrəyliyini təmin etmək, dünyanın iki güclü qütbündən, yəni SSRİ ilə ABŞ-dan birinə tərəfkeşlik etməməklə öz obyektivliyini qoruyub saxlamaqdan ibarətdir. Qurumun başlıca prinsipləri bütün xalqların suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə, eyni zamanda BMT Nizamnaməsinə uyğun olaraq hər bir xalqın özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət və milli müstəqillik hərəkatının, bütün irqlərin və xalqların bərabərliyinin tanınması, hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz etməkdən və daxili işlərinə müdaxilədən çəkinmə, BMT Nizamnaməsinə uyğun olaraq bütün münaqişələrin sülh yolu ilə həlli, həmçinin soyqırımı, müharibə cinayətləri, insanlığa qarşı törədilən hər hansı zorakı əməllərin, terrorizmin bütün formalarının kəskin tənqidi və s. qarşılıqlı maraq və əməkdaşlığın təşviqidir. Bu da onu göstərir ki, Qoşulmama Hərəkatı milli müstəqilliyin, suverenliyin, ərazi bütövlüyü və təhlükəsizliyin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik və postmüstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı yaranıb. Bu alyans üçüncü dövlətlər üçün sığınacaq və müdafiə platforması rolunu da oynayır. Güclü qərb maraqlarının dominant olduğu bir dünyada zəif dövlətlərin hələ də institusional quruma ehtiyacının olması Qoşulmama Hərəkatının aktuallığını artırır. Belə ki, alyans üzv dövlətlərə təkcə müstəqil mühakimə çıxarmaq deyil, güclü dövlətlərlə münasibətlərdə öz mötədilliyini qoruyub saxlamaq imkanı verir.

Jalə QASIMZADƏ,

"Respublika".