Tariximizin bu səhifələrini də vərəqləməliyik
1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Elçibəyin məmurlara ünvanladığı "Rüşvət alanda milyonlarla dollar alırsınız, alırsan, heç olmasa 100 minlərlə al... Yarım milyonunu alırsan, sonra da deyirsən ki, təqsiri yoxdur, buraxırsan, çıxır gedir" sözləri AXC-Müsavat hakimiyyətinin korrupsiya bataqlığına batmasının sübutu olmaqla yanaşı, həm də onun bir prezident kimi zəifliyinin nümayişi idi. Məhz zəif prezidentdən istifadə edən nazirlər, məmurlar ölkəni çapıb-talamaqla məşğul idilər.
"Baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi". Bu fikirləri ilə Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı 1992-1993-cü illərdə Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən və yenicə qazanılmış müstəqilliyi uçuruma aparan AXC-Müsavat hakimiyyəti dövrünün acınacaqlı mənzərəsini ifşa etmişdi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir. Bu cür komandanın idarə etdiyi ölkədə baş verənlər o qədər də təəccüblü deyil. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, xalqın sərvətlərinin qeyri-qanuni yolla xaricə satılması, bir sözlə, dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi.
Hələ 1988-ci ildən başlayan xalq hərəkatı Azərbaycanın ictimai-siyasi mənzərəsini dəyişməkdə idi. Sovet imperiyası tərkibində 70 illik həyatdan cana doyan xalq azadlıq, müstəqillik şüarları ilə ayağa qalxmışdı. İmperiya qüvvələri və onların əlaltıları günü-gündən alovlanan bu hərəkatın qarşısını bütün vasitələrlə almağa çalışırdılar. Qarabağın və sərhəd kəndlərimizin erməni silahlı qüvvələri tərəfindən işğalı da məhz həmin günlərdən başladı. Respublikadakı bütün qüvvələri birləşdirmək, azadlığımıza diş qıcamış imperiyaya və onların kölə əlaltıları olan erməni daşnaklarına qarşı çıxmaq əvəzinə, ovaxtkı siyasi qüvvələr kürsü davasına başladılar.
Bir tərəfdə öz hakimiyyətini qoruyub saxlamaq istəyən Ayaz Mütəllibov komandası, digər tərəfdə isə nəyin bahasına olursa-olsun, hakimiyyəti qamarlamaq yanğısı ilə meydana atılan cəbhəçi bəylər Azərbaycandakı siyasi qütbləşməni, qarşıdurmanı daha da gücləndirirdilər. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu xəyanətkar qarşıdurmanın nəticəsi oldu. Nəhayət, 1992-ci il mayın ortalarında xalqın azadlıq istəklərindən sui-istifadə edən Azərbaycan Xalq Cəbhəsi qaragüruhu Milli Məclisin binasına basqın təşkil etdi və çoxdan arzusunda olduğu hakimiyyəti zorla ələ keçirdi. Hakimiyyət dəyişsə də, ölkədəki böhranlı vəziyyət dəyişmədi. İqtidara gələn Xalq Cəbhəsi fəallarının vətən, torpaq, qanun, hüquqi dövlət və demokratiya ilə bağlı verdikləri ağızdolusu vədlər, bəyanatlar unuduldu.
Özlərini demokrat adlandıran "bəylər" şəxsi mənafelərini dövlətin mənafeyi ilə dəyişik salırdılar, ölkədə hərc-mərclik, mənəm-mənəmlik baş alıb gedirdi. İnsan hüquqlarının tapdalanması, başqa cür düşünənlərə fiziki təzyiq göstərilməsi, hədə-qorxular adi hal almışdı. Daxili işlər naziri İsgəndər Həmidov insanları qanunsuz həbs edir, yüksək vəzifədə də öz kriminal düşüncə tərzindən əl çəkə bilmirdi. Heç kəslə hesablaşmayan müdafiə naziri Rəhim Qazıyevin yeganə fikri hakimiyyət davası idi. Prezident Əbülfəz Elçibəy isə ölkədəki real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş Komandan olduğunu unutmuş Əbülfəz Elçibəy nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Əslində bunun üçün onun zəruri səriştəsi və bacarığı da yox idi.