“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
HAYDE BULUKİ ÖZLƏM
Özləm adı ilə tanınan Mahmud qızı Hayde Buluki 1985-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. Özləm orta məktəbdə oxuduğu illərdə şeir və nəsr yazmağa başlayıb. Artıq yeddi ildən çox bir müddətdir ki, ardıcıl olaraq şeir və nəsr əsərləri yazır. Bu illər ərzində çoxlu sayda ədəbi dərnəklərə qatılıb, yazdığı şeirləri burada oxuyub. Özləmin şeirləri Təbrizdə yayılan "Məhd-i Təməddün" gündəliyində və "Sancaq" dərgisində çap olur.
"Bir qucaq özləm" Haydenin 2020-ci ildə işıq üzü görən ilk şeir kitabıdır...
Mənim Azərbaycanım
Ana yurdum - Azərbaycan
nisgilində boğullam,
Parça-parça parçalanıb
şərəfinlə oğullam,
Bir də gələm bu dünyaya
öz dilimdə doğullam,
Hələ varam, ölməmişəm,
əsəcəkdir tufanım,
Qeyrətimsən, şərəfimsən,
mənim Azərbaycanım!
Qırx miliyonum ağlasa gər,
Urmu gölüm can tapar,
Hər tərəfdən dalğalanıb
sahilində at çapar,
Yaz qələm, susqun dilindən
dənizimə su apar,
Güvənirəm türk elində
bağlanıbdır peymanım,
Qeyrətimsən, izzətimsən,
mənim Azərbaycanım!
Qarabağın həsrətindən
çiçək tək Özləm sola,
Türk qızıyam qeyrətimdən
gözlərimə qan dola,
Alınacaq intiqamı toprağıma and ola
Ürəyimdə yazılıbdır sənsən
mənim sultanım
Qeyrətimsən, şöhrətimsən,
mənim Azərbaycanım!
AYDIN MİTHƏDPUR
1984-cü il doğulub. 2003-cü ildə ana dilində şeir öyrənməyə və yazmağa başlayıb. Hazırda 2000-ə yaxın qeydiyyatdan keçmiş əsərinin təəssüf ki, hələ heç biri çap olunmayıb.
Ölkəmin bütün öldürülən
əsgərlərinin ruhuna həsr olunur
Çıxma yaddan düşən əsgər
Adın minlər dodağında
Dirilməzdir məzar daşın
Sarar oban darağında.
Öçdü qabdan qanadların
Susdu güldan bucağında
Sökdü qabığını yataq
Taran torpaq qucağında.
Çizildi yadım o gözün
Qumurdu arzular bizi
Bəslədi girdəyi qar və
Alov evlər bacağında.
Silahım gözüm və gözü
Boğduq oxlar boğazını,
Ağladı ölkəmiz gözü
Yornaq ülkər ocağında…
Folklor xalq həyatının əks-sədasıdır
(əvvəli 19, 20 və 21 aprel tarixli saylarımızda)
Dr. Məhəmməd İbadi 1979-cu ildə Təbrizdə anadan olub, "Alışıq" təxəllüsü ilə şeirlər yazır. 14 yaşından şeir yazmağa başlayıb. İlk şeiri Təbrizdə "Məhdi Azadi" qəzetində çap olub. Elə o zamandan aşıqlar tərəfindən bir çox şeirləri oxunmaqdadır. Həmin illərdən folklor toplamağa cəhd göstərib, onlarla cild kitabı işıq üzü görüb. Dr. Alışıq ilk təhsilini Təbrizdə başa vurduqdan sonra, 2009-cu ildə Türkmənçay şəhərində universitetə daxil olub. 2013-cü ildə Şəbistər şəhərindəki universitetə dəyişilib. 2015-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı və folkloru üzrə təhsilini davam etdirib. Bir müddət Təbriz radiosunda folklor və