GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

RƏHMAN GÜLMƏHƏMMƏDİ

1995-ci ildə Qaradağ mahalının Böyük Qayabaşı kəndində dünyaya göz açıb. 2002-ci ildə məktəbə gedib. Hazırda Həmədan şəhərində karxana sənətinin idarəetmənin sirlərini öyrənir.

Rəhman özünü dərk etməyə başladığı vaxtlardan etibarən yaşamında, ruhunda güclü bir təlatümün, dönüşün yarandığını hiss edib. Belə ki, atası şair Allahverdi Gülməhəmmədi sanki onun əllərindən tutaraq poeziya, ümumən ədəbiyyat aləminə gətirib o, ilk addımlarındanca bu ecazkar dünyanın sirli-sehrli ağuşuna düşüb. Bundan sonra təbi gəldikcə duyğularını misralara çevirməyə başlayıb.

2015-ci ildən şeirləri rəsmi şəkildə yayılmağa başlayıb atasının təklifi ilə "Sevinməz" təxəllüsünü götürüb.

 

Xəyalım

Bir müqəddəs yurda, müqəddəs elə,

Hər gündə min dəfə uçur xəyalım,

Mən özüm burdayam cismim vətəndə,

Cismimdən vətənə köçür xəyalım

 

İstəyir dolansın dağları, düzü,

Yetişsin kamına, örgəşsin sözü,

Od olub ürəkdə əritsin buzu,

Çaşdırır ağlımı uçur xəyalım

 

Dağları dolanıb gəzmədim, hayıf,

Qartal tək zirvədə süzmədim, hayıf,

Dağlardan, daşlardan sızmadım, hayıf,

Keçmişi əridib içir xəyalım

 

Sevinməz, xəyalım sevinsin necə

Gəlməyir səhərim, qurtarmır gecə,

Fələyin qəsdi var, gəlibdir gücə,

Kədərdən-kədərə keçir xəyalım

 

LÜTFƏLİ BƏRQİ

1993- ildə Ərdəbilin Yurtçu mahalının Sayın kəndində anadan olub. Altı yaşında ailəsi ilə birlikdə Tehrana köçüb hazırda da elə bu şəhərdə yaşayır. Lütfəli Bərqi fars dili ədəbiyyatı öyrəncisi olduğu halda, türk dili ədəbiyyatı üzrə tədqiqat aparmaqla məşğuldur. O, şeirlərini həm türkcə, həm farsca yazır. Şeirlərinin əsas mövzusu "Türklük" "Türk dili"dir.

 

Turanın oğlanları

Tərk eləməz öz kökün,

Qaynar ikən qanları.

Aləmi heyran qoyar,

Turanın oğlanları.

 

Kökləri qandan əziz,

Dilləri candan əziz,

İki cahandan əziz,

Azərbaycanları.

 

Möhkəm bağlar belin,

Yumruq eylər öz əlin,

Tərk eləməz öz dilin,

Çıxsa əgər canları.

 

Var onların ərdəmi,

Qeyrət ilən güc həmi,

Fəth eləmiş aləmi,

Alp Oğuz xaqanları.

 

Folklor xalq həyatının əks-sədasıdır

Güney mahalında uşaq şeirləri zaman-zaman yaranıb bu gün yaranmaqdadır. Şair-araşdırmaçı A.Ağkəmərlinin Xamnə mahalının ağsaqqalı Əbdülkərim Mənzurinin dilindən qələmə aldığı uşaq şeiri nümunələrinin oxucular üçün maraqlı olacağını düşündük:

 

Top

Bir topum var qırmızı,

Gəl oynuyaq əmi qızı,

Şəhərlərin içində

Çox sevərəm Təbrizi.

Sənin insafın olsa

Yalqız qoymazsan bizi<