“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
SƏMƏD BEHRƏNGİ
1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub. İlk təhsilini "Dəbiristani-Tərbiyət və Daneşsəra"da alıb, sonra təhsilini Təbriz pedaqoji texnikumunda davam etdirib. Tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini bu dövrdə yazıb. Texnikumu bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Qoqan və s. bölgələrində ibtidai sinif müəllimi işləyib. Sevdiyi peşəsindən ayrılmadan Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alıb və ali təhsilini 1961-ci ildə başa vurub.
Bu dövrdə Azərbaycan nağıllarını toplayaraq fars dilinə tərcümə edib və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib.
İtaliyanın Boloniya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Seçilmiş əsərləri 1987-ci ildə Bakıda "Məhəbbət nağılı" adı ilə kütləvi tirajla buraxılıb.
1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub.
Buzovum
Bir buzovum vardı.
Pəyədə yeri vardı.
Apardım suvarmağa,
Ayağı buzdan züydü.
Dedim: "Buz, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım,
gün məni əritməzdi".
Dedim: "Gün, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım,
bulud üstümü almazdı".
Dedim: "Bulud, sən necə də güclüsən!"
Dedi: "Güclü olsaydım,
yağış məndən yağmazdı".
Dedim: "Yağış, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım,
ot məndən göyərməzdi".
Dedim: "Ot, sən necə də güclüsən!"
Dedim: "Siçan, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım,
pişik məni tutmazdı".
Dedim: "Pişik, sən necə də güclüsən!"
Dedi: "Mən güclüyəm ha, güclüyəm!
Dəmir daraq dişlərim,
Kürsüaltı qışlağımdı,
Kürsüüstü yaylağımdı.
Xanım nəmənə bişirsə,
O da mənim quymağımdı…".
KƏRİM GÜLƏNDAM
1947-ci ildə Güney Azərbaycanın ikinci böyük türk şəhəri olan Urmiyədə (Urmu) dünyaya göz açıb. Onun türkcə bir neçə şeir kitabı yayımlanıb. Kərim Güləndam tərcüməçilik fəaliyyəti ilə də məşğul olur. Onun bizə məlum olan son işi Mir Musa Haşiminin İsveçdə çap olunmuş "Bir əsgərin xatirələri" kitabının fars dilinə tərcüməsidir.
Uşaq tapmacaları
O hansı bir heyvandı,
Cüt dişi var yamandı?
Nə bir ayaq, nə bir qol,
Buruq-buruq gedər yol!
Gözlə yaman çalandı,
İlandı hay, ilandı!
Bir heyvan gördüm bağda,
Həm dənizdə, həm