“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
KƏRİM MƏŞRUTƏÇİ SÖNMƏZ
1928-ci ildə Təbrizdə anadan olub, ibtidai və orta təhsilini də burada alıb. Ali təhsilini Tehran Universitetinin hüquq fakültəsində başa vurduqdan sonra özəl bankda çalışıb. Gənc yaşlarından uşaqların təhsil alması qayğısına qalaraq ikisinifli məktəb təşkil edib.
Azərbaycan ədəbiyyatının və zəngin milli mədəni irsinin ardıcıl tədqiqatını aparan Sönməz həm də cənubda ədəbi irsin ən fəal təbliğatçılarından biridir. Mətbuatda müntəzəm olaraq şeirləri və ədəbi-tənqidi yazıları ilə çıxış edir.
1989-cu ildə Xalq şairi Bəxtiyar Vahabzadənin ön sözü ilə Bakıda "Qaranquş yazı gözlər" adlı şeirlər kitabı çap olunub. Cənubda anadilli poeziyanın inkişafında böyük rolu olmuş şairin günümüzədək "Ağır illər" (Təbriz, 2001), "İsanın son şamı" (Təbriz, 1979), "Şeh muncuğu" (Təbriz, 1995), "Aman dağlar", "Üçüncü göz", "Həsrət çələngi-şeirləşmələr və xatirələr" (Təbriz, 2002) kitabları yayımlanıb.
Tapmacam var
Tapmacam var, deyim bəlkə tapasan:
- O nədir ki, qışı susar, yaz dinər!
- Təbiətdir!
- Bunu bildin, de görək:
- İnsan nə vaxt çox düşünər, az dinər!
- O zaman ki, öz dərdini deyərkən,
Söz dilində aciz qalar, söz dinər!
- Bəlkə söz də susduruldu!
- O zaman
Məna dolu baxış dinər, göz dinər!
- Onda da,
Cığırlarda gözdən qalan iz dinər!
- Dalısınca baxsan, narın toz dinər!
- Elə ki,
Fırça dinər, nəğmə dinər, söz dinər!
- Bəlkə bunlar sözün düzün demədi!
- Ondadır ki, haray dinər, düz dinər!
QULAMHÜSEYN UMRANİ
1954-cü ildə Təbrizdə dünyaya göz açıb. Orta və ali təhsilini də Təbrizdə alıb. Özünü anlamağa başlayandan ədəbiyyata böyük həvəs göstərən Qulamhüseyn Umrani əsasən dram janrında nağıllar və şeirlər yazır. Q.Umraninin yaratdığı "Malı çox, günü qara", "Yaxşılığa yamanlıq", "Qədim gündən bir parça", "Səriyə xala", "Mənə nə", "Şəhrimiz", "Savalan", "Həvva ana", "Falçı" və s. pyeslər daha populyardır. Q.Umrani Təbrizdə yaşayır.
Gözəl adət
Aqil adam buyurmuş
Gözəl adət tap, balam!
İşlərini düz eylə,
Gecə tezdən yat, balam!
Sevilən adətləri,
Çalışıb, qazanmışam
Ailədə, toplumda
Layiq yeri almışam.
Dişlərimi hər zaman,
Gözəl, düzgün yuyaram.
Səhər tezdən duraram
Əl-üzümü yuyaram.
Bir az idman edərəm,
Gedib çörək alaram
Oxuyub, həm yazaram,
Şirin sözlər taparam.
Hər gün kitab oxuyub,
Aydın insan olaram.
Zəngindir