GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

Kamil QƏHRƏMANOĞLU

1974-cü ilin bahar çağında Güney Azərbaycanın Xiyav şəhərinin Əhmədabad kəndində dünyaya göz açıb. Kamil müəllim fars ədəbiyyatı üzrə elmlər doktorudur.

Kamil Qəhrəmanoğlu Azərbaycan türkcəsində şeirlər yazan şair kimi tanınıb. Şeirlərini postmodern üslubda yazır və dünyadilli bir şair hesab olunur. Çağdaş Azərbaycan ədəbiyyatına üstün postmodernizm motivlərini gətirir və çalışır ki, türkcə yaranan ədəbiyyata qol-qanad versin, bu ədəbiyyatı dünyadilli ədəbiyyatlar önündə zirvədə saxlasın. "Dumanlı saniyələr gəlin gedir" kitabı 2010-cu ilin qışında işıq üzü görüb. 2012-ci  ildə Sürəyya Kəhrizi "Baran" xanımın şeirlərini türkcəyə çevirib və "Sərhəddən çığırıram" adı ilə nəşr etdirib. "Ah sənin  hökumət gözlərin" şeir toplusu 2019-cu ildə işıq üzü görüb.

Kamil Qəhrəmanoğlu bir neçə dəfə şeir festivallarında birinci yeri tutmuşdur. Şairin şeirləri Azərbaycandan əlavə, başqa ölkələrdə də yaxşı qarşılanır.

 

Göylər dağımdı -

Qarabağımdı

Göylər barmağımdan su içir artıq

göylər barmağımdı barmağım göylərdi

göylər dağımdı - Qarabağımdı

"Baltalıqdır Qarabağ göysü,

əsirlər bitirib Xocalı kimliyi sürgündə

Araz, yapraqla!.." 

göylər barmağımın şəhadət sonrasıdı!

Of...

hanı düşüncə planlı leylası!

torağay haylası

bayquş qarğası!

 

MUSTAFA ŞEYXPUR

Mustafa Şeyxpurun kimliyi öz dilindən: "1982-ci ildə Miyana şəhərində anadan oldum. Orta məktəbi Miyana şəhərində oxudum, sonra Təbriz Azad Universitetində elektrik-elektronik mühəndisliyi bölümünü bitirdim. İndi isə Tehranda yaşayıram və bir Almaniya şirkətində servis mühəndisi olaraq çalışıram.

Şeir yazmağa 13-14 yaşlarımdan başladım. Güney Azərbaycanda yaşayan və yazan hər bir kəs kimi ilk yazılarımı təhsil aldığım dildə, yəni fars dilində yazdım. Sonralar Azərbaycan poeziyası və ədəbiyyatı ilə tanış oldum. Ancaq bundan sonra öz ana dilimdə yazmağa başladım. Müxtəlif dərgilərdə şeirlərim yayınlandı. 2014-cü ildə "Dünya durduğum yerdə qurtarır" adlı birinci şeir kitabım Tehranda "Riva" yayın evi və "Yaşmaq" ədəbi qrupu tərəfindən çap olunub…"

 

Ortadoğu

Sarmaşıq sarısı dolaşdılar yaşıllığımıza

Baxçamıza qorxu oturmasın diyə

Daha qızarmadı almalar

İlk ceyran vurulanda dağlarda

Doğulmadı bir daha göyərçin

Sərçələrsə unutdular uçuşu

Şəhərlərdə susdu sevgi

Pəncərələr açılacaqdı

Uşaqlar güləcəkdi...

 

Folklor xalq həyatının əks-sədasıdır

Güney folklorunun əsas qollarından biri dualar, başqa sözlə desək, alqışlardır. Alqışlar təbiətdə, eləcə də cəmiyyətdə baş verən, insanların həyat boyunca üzləşdikləri olaylara münasibətləri zəminində, inanc və etiqadlarının ifadəsi olaraq yaranıb.

Əslində, dualar zaman və məkandan asılı olmayaraq, birinin başqasına uğur diləmək, xoş gün arzulamaq istəyi ilə deyilir. Bu üzdən də dua-alqışlar mərasim ayini növünə çevrilə bilməyib. Bununla belə, bir sıra hallarda mərasimlər, ayinlər keçirilən vaxtlarda da dilə gətirilir. Xalqımızın intibah abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarında boyların sonluğunda bildirilir ki, igidlərin uğuru, yaxud kafirlər üzərində qələbə qazanılan vaxtlarda onların şərəfinə mərasimlər keçirilir. Bu mərasimlərdə iştirak edən müdrik Dədə Qorqud dualar edir - söz söyləyir, boy boylayır: "Yerli qara dağların yıxılmasın! Kölgəlicə qaba ağacın qurumasın! Qamın aqan görkli suyun qurumasın! Qanadların ucları qırılmasın! Ötkən ağ-boz atın büdrəməsin! Çalışanda qara polat üz qılıncın gödəlməsin! Ağbirçəkli anan yeri behişt olsun! Ağ saqqallı baban yeri uçmaq olsun! Haqq çırağın yana dursun! Qadir Tanrı səni düşməninə möhtac eyləməsin! Axır-sonu ari camaldan ayırmasın! "Amin" deyənlər behişt görsün! Oğullar qarındaşdan ayırmasın!".

Ümumiyyətlə, bəşər övladı, insan şüurlu həyat sürməyə başlayandan üzübəri daim xeyir və şər məzmunlu hadisələrlə qarşılaşmalı olub. Bu anlayışların yaranması ilə də erkən təsəvvürlərdə xeyri alqışlamaq, şəri isə qarğışlamaq-qovmaq anlayışı da yaranaraq formalaşıb. Arzulamaq, bəyənmək mənasında başa düşülən "alqış"ın mənası alqışlama - xoş söz, dua məzmunlu kəlmələrlə bağlı olub. Ağbirçək nənələrin, ağsaqqal babaların, ata-anaların ürəyindən keçərək dilinə süzülən xoşniyyətli, arzu qanadlı dualar ünvan sahibini xoş ovqata, pozitiv əhvali-ruhiyyəyə kökləyir, böyüklərdən xeyir-dua aldığına görə, hansısa bir işi görməyə gedən, yaxud yaxın gələcəkdə görməyi planlaşdıran insanların ürəyində işinin uğurlu alınacağına inam yaradır, fərəhləndirir. Dua, yaxud alqışları xalq sevgi və xoşgörü ilə söyləmiş və şifahi xalq yaradıcılığında ən önəmli yer tutan arzularının ifadəsinə çevrilib. Xeyir-dua vermək, alqış etmək və söyləyənin könlündən keçən ən gözəl, xoş arzuları anladan bu mənalı, dərin anlamlı sözlərin birləşməsindən yaranan dua və alqışlar iki sözdən başlayaraq, hətta bir neçə poetik misra həcmində də deyilir və çeşidli formalarda ifadə olunur. Məsələn: "Səni görüm sinə dağı görməyəsən; Sağ gedib salamat qayıdasan; Bir gedəsən min götürəsən, Allah köməyin olsun; Su kimin ömrün uzun olsun, Pis günə həsrət qalasan, neynim, necə eləyim deməyəsən; Bəxtəvər olasan; Pir olasan, balalarıyın bəhrə-barın görəsən, arta gələsən" və s.

Canlı xalq dilində işlənən dua və alqışların müəyyən hissəsini İslam dini ifadələri təşkil edir: "Allah-taala səni düşmənə möhtac eləməsin", "Allah-taalanın köməyi ilə heç vaxt nə edim, necə edim? deməyəsən", "Ey Uca Tanrı, süfrəmizin bərəkətini bol eylə. Bizi çörəklə imtahana çəkmə", "Ey Qadir Tanrı, dərgahına əl qaldırıb, dua eləyirəm ki, bütün gedənlər sağ-salamat evlərinə dönsün, mənim də bircə balam onların içində", "Ya on iki imam, düşmənlərimizi zəlili-xar eylə", "Allah qoluva qüvvət versin!", "Allah dadıva çatsın, əlindən yapışsın", "Mövlam köməyin olsun", "Axır abətin xeyirli olsun!", "Mövlam arxanda dursun", "Allah əlindən yapışsın", "Allah üzüvə baxsın", "Allah başından töksün", "Allah səni yarıtsın", "Allah işivə sürət versin", Allah verən ümüdün kəsilməsin! Allah-taala günahlarımızı bağışlasın! və s. Bu sayaq dualardan sonra, adətən, "Amin!" deyilir.

Göründüyü kimi, insanların, böyüklərin qarşı tərəfi pozitiv əhvali-ruhiyyəyə kökləyən fikirlərinin ifadəsi gözəl, insanların bir-birinə dəyər verməsinin, xeyirxahlığının göstəricisi, təsdiqi kimi səslənir: "Qadir Tanrı səni namərdə möhtac eləməsin", "Ağbirçəkli anan yeri behişt olsun", "Süfrəndən çörək əksik olmasın", "Allah işinə nicat versin, bala!", "Dünyada neylim-necə eləyim deməyəsən!", "Arzuva çatasan, başa çıxanlardan olasan", "Allah bacandan töksün", "Həmişə işin rast gətirsin..." və s. və i.a.

Azərbaycanın görkəmli folklorşünas alimi Bəhlul Abdullanın fikrincə, "Məzmun və deyiliş baxımından dualar alqışlara çox yaxındır. Ayrı-ayrı müstəqil məfhum olan "alqış"la "dua" bəzən paralel şəkildə deyilir. "Kitabi-Dədə Qorqud"da övladı olmayan Dirsə xana məsləhət görülür ki, acları doyursa, onları geyindirsə, borcluları borcdan qurtarsa, Tanrının inayəti ilə övladı ola bilər. Dirsə xan belə də edir. Eyni zamanda, o, böyük bir mərasim düzənləyir. Oğuz bəylərini evlərinə qonaq çağırır. Boyda deyilir ki, mərasimdə nə üçün iştirak etdiklərini bilən bəylər "əl götürdülər, hacət dilədilər. Bir ağzı dualının alqışıyla Allah-Taala bir əyal verdi: Xatını hamilə oldu, bir neçə müddətdən sonra, bir oğlan doğuldu… Yaxud alqış-qarğışın dua funksiyası yerinə yetirməsi dastandakı "Ol zamanda bəglərin alqışı alqış, qarğışı qarğış idi. Duaları müstəcab olurdu" qənaəti ilə dəqiq şəkildə ifadə olunub...".

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.