“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
Kiyan XİYAV
1970-ci ildə Xiyov şəhərində anadan olmuş, ibtidai və orta təhsilini burada başa vurmuşdur. Ali təhsilini Təbriz Universitetində aldıqdan sonra şəhərdə müvafiq iş tapa bilmədiyinə görə, Tehrana getmişdir. Əsgəri xidmətdə olmuş, Miyananın Xonəç bölgəsində 5 il müəllim işləmişdir. Hazırda adı dəyişdirilərək rəsmən Meşkinşəhər olan Xiyov şəhərində yaşayır və fars dili müəllimi işləyir.
İlk şeirləri "Varlıq" və "Yol" dərgilərində işıq üzü görmüşdür. Şeir və hekayələri ölkə daxilində və xaricdə çap olunmuşdur. Doqquz poemanın müəllifidir.
Türkcədən farscaya, farscadan türkcəyə hekayə və şeirlər tərcümə edir.
Araz yarasI
Aşıq-aşıq göyərir bağrım üstə saz yarası
və sazda bir Qarabağlıq yanır Hicaz yarası.
sızım-sızım hələ də sızlayır Xəzər ürəyi
göyün-göyün hələ də göynəyir Araz, yarası.
haçansa bir kağıza bir qələm çəkib bir qol
qələm-qələm hələ də qan verir kağız yarası.
sağalsa da yeri qalmış döşümdəki yaranın
və bir də gözlərimə qovrulur qotaz yarası.
gülüm, gözündəki üsyan qılıncını öyrən
baxışlarında əgər toxtayıbsa naz yarası.
elə əsib bura pistikli bir payız küləyi
tökübdü bağça-bağın üz-gözü ayaz yarası.
qışın əlindədir ağ dəsmal, ah, budur ki, belə
daha nə yay yarası bağlanır, nə yaz yarası.
qəzəl qərənfilinin yarpağın basın yarama
ki, qoşma-qoşma yanır köksüm üstə saz yarası...
Rəsul QƏDİRİ
Çağdaş dövr Güney Azərbaycan ədəbiyyatının ünlü simalarında biri - modernist şair Rəsul Qədiri 1969-cu il fevralın 7-də Təbriz şəhərində dünyaya göz açıb. Rəsul Qədiri ilk və orta təhsilini Miyanada alıb. 1989-cu ildə isə Tehran Tibb Universitetinə daxil olub. Çağdaş dövrün meqapolisləri sırasında ön cərgədə olan Tehranda özünü dərk etməyə, çevrəsini, acılı-şirinli dünyanı tanımağa başlayıb... 1993-cü ildə Binab şəhər xəstəxanasında əsgəri xidmətdə olub.
Tələbəlik illərində dostlarının təşəbbüsü ilə qurulmuş "Azərbaycan türkcəsi dil bilgisi" kurslarında iştirak edib və prof.dr. Hüseyn Məhəmmədzadə Sədiqdən dərs alıb. O illərdə Quzey Azərbaycanın müstəqilliyini əldə etməsi, Ermənistanın Azərbaycana qarşı yersiz, haqsız torpaq iddialarının sonunda Dağlıq Qarabağ uğrunda müharibənin başlanması, bu savaşda yaralananlardan bir qisminin mərhum dr. Cavad Heyətin yardımı ilə Tehran xəstəxanalarına gətirilib müalicə edilməsi və yaralı soydaşlarını görüb onlarla davamlı ünsiyyətdə olması gənc Rəsulun ruhunda fırtınalar qoparıb. 1991-ci ildən bədii yaradıcılıqla məşğul olmağa başlayıb. 2016-cı ilin əvvəllərində "Gül axıtdı" adlı ilk hekayələr kitabı işıq üzü görüb. Kitaba onun iyirmi üç adda kiçik həcmli hekayələri daxil edilib.
"ƏZİZ ŞUŞA,
SƏN AZADSAN"
"Qarabağ" bir yara idi hamımızın ürəyində!
Qarabağı düşünəndə,
bütöv idi