“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
KƏRİM GÜLƏNDAM
1947-ci ildə Güney Azərbaycanın ikinci böyük türk şəhəri olan Urmiyənin (Urmu) yaxınlığındakı Gənəabad kəndində dünyaya göz açıb... Kərim Güləndam orta məktəbi Urmuda, ali təhsilini Tehran Universitetinin hüquq fakültəsində alıb və yüksək dərəcəli hüquqşünas ixtisasına yiyələnib...
Orta məktəbdə oxuyarkən fars dilində şeirlər qələmə alıb, ancaq 1975-ci ildən ana dilində yazmağa başlayıb. "Zende bad azadi (Yaşasın özgürlük)", müxtəlif məzmunlu qısa şeirlərdən ibarət "Sözüm var sənə, dünya!" (230 səh.) adlı kitabları çap olunub. 2011-ci ildə 21 hekayəsinin yer aldığı "Yarı şirin, yarı turş" adlı kitabı işıq üzü görüb.
Dahi Məhəmməd Füzuli qəzəllərində olan ağır beytlərin izahına dair "Açarlar" adlı kitabı isə Türkiyədə çapdadır.
Kərim Güləndam fəal tərcüməçilik işi ilə də məşğul olur. Urmulu Mir Musa Haşiminin "Bir əsgərin xatirələri" kitabını (600 səh.) fars dilindən Azərbaycan türkcəsinə tərcümə edib və kitab İsveçdə çap olunub.
1983-1991-ci illərdə Bakıda yaşayıb və AMEA Əlyazmalar İnstitutu ilə əməkdaşlıq edib.
"Vətən" cəmiyyətinin orqanı, ərəb əlifbasında çıxan "Odlar yurdu" qəzetinin məsul şəxslərindən olub. Şair hazırda Urmu şəhərində yaşayır.
Zəfər
Bu zəfərin təməl daşı,
Gülüstan, Türkmənçayın həsrətindən yaranmışdı!
Ataların düyünlənmiş nifrətindən,
Anaların tapdalanmış ismətindən yaranmışdı.
Otuz ilin közməklənmiş yarasının dərmanı var bu zəfərdə
44 günlük qəhrəmanlıq nişanı var bu zəfərdə.
Bir deyən yox sən ey erməni dığası!
Əyər Qarabağ səninmiş,
Bir mahnı da sən qoşaydın,
Bu dağların, bulaqların görkəminə,
Bir bina da sən tikəydin,
Bir ağac da sən əkəydin Qarabağda.
Qəlbində nifrət daşıyan,
Qonşuların torpağına qəsbkarlıq həvəsi ilə yaşayan
Bir millət tək yaşayammaz millətlərin arasında!
Yaşasa da, ancaq yaşar erməni tək zillətlərin arasında!
Yol alıbdır aydınlığa doğru gedən səfərimiz,
Kutlu olsun şəhidlərin al qanından çiçəklənən zəfərimiz!
HƏMİD ƏHMƏDZADƏ TELİMXAN
1954-cü ildə Güney Azərbaycanda doğulub. Tanınmış yazıçı Səməd Bəhrənginin əsərləri sayəsində türk dili və ədəbiyyatının aşiqinə çevrilib.
Həmid Əhmədzadə Telimxan müəlliminin yolu ilə gedərək dəyərləri qorumaq üçün çabalayıb. Lakin bu cəhdlərinə və milli zülmə, haqsızlıqlara qarşı üsyan etdiyinə görə həbs edilib... Məktəb həyatı boyu mətbəədə çalışıb, ədəbiyyat üzrə bakalavr dərəcəsini bitirib və sonra da jurnalistika üzrə magistr dərəcəsi almağa müvəffəq olub.
Həmid Əhmədzadə Telimxan həm də poeziya üzrə Şəhriyarın tələbəsi olub. Türk mədəniyyət dastanlarına böyük önəm verən müəllif bu dəyərləri qorumaq üçün ömrünü araşdırmalara, kitablar yazmağa həsr edib. O, şeirlərini Telimxan təxəllüsü ilə yazır.
Şeirlərindən ibarət "Əsli-Kərəm", "Tahir-Zöhrə", "Anam bilən bayatılar" adlı kitabları çap