Xoş niyyətin təzahürü
Siyasət

Xoş niyyətin təzahürü

Regionda sülhün bərqərar olunması üçün humanist addımların atılması mühüm əhəmiyyət kəsb edir. 7 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yaydı.

Bunun nəticəsi kimi humanizm prinsiplərinə sadiqlik nümayiş etdirilərək Azərbaycan tərəfindən 32 erməni hərbçisinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edildi. Ermənistana qaytarılan 32 nəfərin 26-sı 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmişdir. Qalan altı nəfər isə müxtəlif vaxtlarda sərhədi keçərkən saxlanılmışdır. Bu hərbçilər artıq cəzalarının böyük hissələrini çəkmişdilər.

İki ölkə arasında sülhün bərqərar olması baxımından bu mübadilə çox böyük əhəmiyyət kəsb edir. Ermənistan Naxçıvan tərəfindən dumanlı şəraitdə yolu azaraq düşmənin ərazilərinə keçmiş iki Azərbaycan hərbçini əsir götürmüş, eyni zamanda onlara qarşı bir sıra saxta ittihamlar irəli sürmüş, qurama məhkəmələrin qərarları əsasında həbs etmişdi. Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən və sentyabr ayında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan ərazisinə yenə də bir qrup Ermənistan hərbçisi keçərək müəyyən cinayətlər törətmək istəyirdilər. Bunun qarşısı alınaraq onlar da saxlanılmışdır.

Qeyd etmək lazımdır ki, bu humanist bir addımdır və gələcəkdə də iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin reallaşması üçün olduqca önəmlidir. Bundan başqa, xoş niyyətin təzahürü olaraq Ermənistan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf dövlətlərin 29-cu konfransına ev sahibliyinə öz namizədliyini geri götürdü və Azərbaycanın namizədliyini dəstəklədi.

Prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində reallaşmış bu proses, humanist addım bizim iki nəfər hərbçimizin ailəsinə böyük sevinc, səadət, bəxş etdi. Hər iki ana ən xoşbəxt anlarını yaşayır. Bu, dövlətimizin öz əsgərinə, zabitinə, Vətən keşiyində duran hər bir şəxsə göstərdiyi qayğı və diqqətin təzahürüdür.                                                          

Arzu NAĞIYEV,

Milli Məclisin deputatı.