Fransa Ermənistanı növbəti fiaskoya sürükləyir
Siyasət

Fransa Ermənistanı növbəti fiaskoya sürükləyir

Məlum olduğu kimi, Fransa Cənubi Qafqazda sülhə və sabitliyə əngəl yaratmağa davam edir. Rəsmi Paris öz xain planlarını həyata keçirmək məqsədilə "günah keçisi" Ermənistandan istifadə edir. Əfsuslar olsun ki, Ermənistan Fransanın onu növbəti fiaskoya sürüklədiyini dərk edə bilmir.

Məsələ ilə bağlı fikir bildirən siyasi şərhçi Xəyal Bəşirli qeyd edib ki, Fransanın son dövrlərdəki fəaliyyətində anti-Azərbaycan meyilləri daha kəskin şəkildə hiss olunur. Rəsmi Paris yürütdüyü bu siyasətlə yaxın müddət ərzində Ermənistana nə verdi? Heç nə. Fransa ölkənin hazırkı rəzil duruma düşməsinə, kapitulyasiyasına gətirib çıxardı. Bu siyasətin davam etdirilməsi əslində Ermənistanın bundan sonra daha pis vəziyyətə düşməsinə səbəb ola bilər. Çünki İkinci Qarabağ müharibəsindən sonra baş verən siyasi və diplomatik proseslərdə, o cümlədən də Ermənistan tərəfinin təxribat xarakterli addımlarına, bəyanatla üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmasına cavab olaraq Azərbaycanın keçirdiyi antiterror tədbirlərində Fransa heç nə edə bilmədi. Bunu Ermənistan dövləti də görməlidir. Fransa BMT Təhlükəsizlik Şurasında, Avropa Parlamentində, Frankofoniya təşkilatında Azərbaycana qarşı qətnamələrin qəbul edilməsinə çalışsa da bu məsələdə də uğur əldə edə bilmədi.

Fransanın Ermənistana verə bildiyi yalnız və yalnız bizim üçün heç bir əhəmiyyət kəsb etməyən qətnamələr idi. Təbii ki, bu gün Ermənistan Azərbaycana həm diplomatik müstəvidə, həm döyüş meydanında böyük hesabla məğlub olur. Ermənistan bu vəziyyətdən yalnız Azərbaycanla sülh sazişi imzaladıqdan sonra çıxa bilər. Qeyd edək ki, sülhün imzalanması bütün region üçün iqtisadi inkişafı təmin edəcək. Amma Fransa ordusu darmadağın olmuş, siyasi və diplomatik addımları iflasa uğramış bir dövləti yenidən döyüş meydanına cəlb etmək üçün onu silahlandırmağa çalışır, müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı vədlər verir. Rəsmi Paris Ermənistanı Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətini davam etdirməsinə sövq edir. Bu isə Ermənistanı daha dərin quyuya salmaq istiqamətində atılan addımlardır. Mən düşünürəm ki, Fransa tərəfi əslində Ermənistandan istifadə edərək Cənubi Qafqazda xaos yaratmağa, bununla da özünün dayaq nöqtəsini formalaşdırmağa çalışır. Bu isə bir daha sübut edir ki, Fransa təkcə Cənubi Qafqaza deyil, dünyanın heç bir nöqtəsinə sülh gətirməyib. Əksinə, Paris Afrikaya, Cənub-Şərqi Asiyaya, Latın Amerikasına və dünyanın digər nöqtələrinə xaos, qarşıdurma, nifaq, düşmənçilik bəxş edib. Eyni addımları Azərbaycana, eləcə də Cənubi Qafqaza da tətbiq etməyə çalışan Fransa bu gün özünün neokolonialist siyasətinin sərhədlərini genişləndirir. Əslində Fransa üçün Ermənistan və yaxud ermənilərin heç bir əhəmiyyəti yoxdur. Fransanın hazırkı rejimi ermənilər üçün zərrə qədər olsa belə narahatlıq keçirmir. O ki qaldı Azərbaycanla bağlı məsələyə, Fransa bu məsələdə ölkəmizlə olan münasibətlərini də düşünməli, məsələyə birtərəfli qaydada yanaşmamalıdır.

Rəsmi Paris Avropa İttifaqının üzvüdür və Avropa İttifaqının Azərbaycanla olan münasibətlərini mütləq şəkildə nəzərə almalıdır. Çünki Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın hazırkı məqamda təkcə özünün deyil, o cümlədən Xəzəryanı dövlətlərin və Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Avropaya ixrac edilməsi ilə bağlı böyük layihələri reallaşdırması sıx münasibətlərdən xəbər verir. Bu baxımdan, Makron hakimiyyətinin Avropa İttifaqının ümumi maraqlarını özünün ermənipərəstliyinə qurban verməsi doğru deyil. Çünki bu məsələdə Avropa İttifaqına üzv olan digər dövlətlər də var ki, onların da mövqeyi mütləq şəkildə nəzərə alınacaq. Amma hər bir halda bu gün Fransanın hazırkı iqtidarı ilə keçmiş prezidenti Azərbaycana qarşı səlib yürüşlərinin təşkil edilməsi məqsədilə erməni diaspor və lobbi təşkilatları ilə birgə fəaliyyətə keçiblər. Mən düşünürəm ki, bu gün Azərbaycana qarşı bu fikirləri səsləndirən Fransa və onun təsiri altında addım atmağa çalışan Ermənistan unutmamalıdırlar ki, zamanında Fransa və digər ermənipərəst qüvvələr "böyük Ermənistan"dan danışır, İrəvana utopik ideyalar vəd edirdilər. Amma bu gün Ermənistan özünün sərhədlərinin delimitasiya və demarkasiyasını aparmaq məcburiyyətindədir.

"Respublika".