Şimali Makedoniyanın Skopye şəhərində ATƏT-in Nazirlər Şurasının xarici işlər nazirləri səviyyəsində 30-cu iclası baş tutub. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yenə hay pəncərəsindən çıxış edib.
Artıq eyni riyakarlıqların "dejavü" hissi yaratdığı çıxışlarda səslənən absurd fikirlər monotonluq missiyasından kənara çıxa bilmir. Bütünlüklə anti-Azərbaycan təbliğatına həsr edilən son çıxış da digərlərindən fərqlənmədi. ATƏT tərəfi isə deyəsən sülhün əldə olunmasından daha çox gərginliyin aktiv saxlanılmasında maraqlıdır. Azərbaycanın haqq işinə səssiz qalması 30 il ərzində özünü əyani şəkildə göstərdi. Keçmiş Minsk qrupu kimi əhəmiyyətsiz "layihə"nin icraçısı olan ATƏT bu illər ərzində və hələ də riyakar çıxışların ali tribunası olaraq qalmaqda davam edir.
İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da çıxış edib. İlk olaraq Ararat Mirzoyanın çıxışını təhlil etməkdə fayda var. Mirzoyan öz çıxışına doqquz aydan çox davam edən qeyri-insani mühasirədən sonra, sentyabrın 19-da Azərbaycan Dağlıq Qarabağ əhalisinə qarşı növbəti genişmiqyaslı hərbi hücum həyata keçirib və bu, Dağlıq Qarabağın yerli əhalisinin kütləvi surətdə məcburi köçkünə çevrilməsinə səbəb olub - fikirləri ilə başlayıb. Məhz səsləndirilən "qeyri-insani mühasirə" uydurması tamamilə beynəlxalq dairələrin diqqətini çəkməyə yönəlib. Avqustda BMT-nin "Vaşinqton sərgüzəştləri" əsnasında bu ifadəyə görə faktlarla və tutarlı formada aldığı cavab ona yetməyib. 19 sentyabrdan 2 aydan çox vaxt keçməsinə və Azərbaycanın öz suverenliyini bərpa etməsinə baxmayaraq, səsləndirilən bu fikirlər onu göstərir ki, Ermənistan ikinci "30 il" yaratmaq istəyir. Bu dəfə isə vəziyyət əksinədir. Azərbaycan əraziləri üzərində suverenliyini bərpa etmiş dövlətdir və bunu heç bir terrorçuluq əməlləri olmadan edib. Ermənistan isə 30 il əvvəl və ümumən 200 il törətdiyi cinayətlərin cəzasını çəkməyə başlayır. Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur, ancaq işğal altında olan bəzi kəndlərimiz var. Rəsmi Bakı bu məsələnin sülh yolu ilə həll ediləcəyinə ümid edir. Ermənistan isə əksinə özünü separatçı rejimin "mənəvi atası" olaraq görür və bir növ baş rolda xuntanı təqdim edərək öz erməni təəssübkeşliyi ideologiyasını yaşatmaq və inkişaf etdirmək istəyir.
Daha sonra isə sülhün əldə olunmamasında Azərbaycan tərəfini günahlandıran Ermənistan XİN başçısı "sülh qovşağı" layihəsindən bəhs edib. Burada da təzadlı fikirlər özünü göstərir. Azərbaycana qarşı ərazi iddiaları səsləndirən Mirzoyan acizanə şəkildə sülhdən danışır. "Sülh qovşağı"nın ən önəmli detallarından biri olan Ermənistan-Türkiyə sərhədinin açılmasının riyakarlığın sonlandırılmasından sonra mümkün ola biləcəyini hələ də başa düşmək istəməyən haylar eyni siyasəti davam etdirməkdədirlər. Qərb blokunun dəyirmanına su tökən Ermənistan 10 noyabr Bəyanatının müddəalarına əməl etməkdən boyun qaçırır. Paşinyanın harada və hansı şəraitdə imzaladığını hələ də bilmədiyimiz bu Bəyanat sülh sazişinin bəlkə də ən əsas formuldur. Provokativ addımlarla hər dəfə ölkəmizi günahlandırmaq taktikası artıq əhəmiyyətli nəticə vermir, əvvəlki situasiya tamamilə dəyişib. Ölkəmizin İkinci Qarabağ müharibəsində Zəfər qazanmasına, daha sonra isə ərazi bütövlüyünü və suverenliyini tamamilə bərpa etməsinə baxmayaraq, qarşı tərəfə "zeytun budağı" uzadır. Rəsmi İrəvan isə bu addımlara "nonsens" reaksiya verərək regionda destabilliyi qoruyub saxlamaq istəyən qüvvələrin dəyirmanına su tökür.
Qarabağda və onun ətrafında erməni mədəni irsinin qorunmasında ATƏT-dən yardım istəyən Mirzoyandan fərqli olaraq Azərbaycan XİN başçısı Ceyhun Bayramov isə sülhün əldə edilməsində rəsmi Bakının maraqlı olduğunu bildirib. Ermənistanın yersiz ləngimələrinə rəvac verən ATƏT kimi bəzi ali tribunaların təəssüf ki, 30 ildir eyni işi gördüyünü bildirən Ceyhun Bayramov ikili standartlar problemi və selektiv yanaşmanın beynəlxalq münasibətlər sistemində mövcud təhdid və çağırışlara qarşı effektiv cavab tədbirləri görülməsinin qarşısında duran ən böyük maneələrdən biri olduğunu vurğulayıb.
Postmünaqişə dövründə bölgədə gərgin vəziyyət barədə ətraflı məlumat verən Azərbaycan XİN başçısı, xüsusilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində antiterror tədbirləri nəticəsində ərazilərimizdə qeyri-qanuni rejimin buraxıldığını və tərk-silah edildiyini diqqətə çatdırıb.
Azərbaycan tərəfindən keçirilən antiterror tədbirlərinin iddia edilənlərin əksinə nümunəvi şəkildə aparıldığı, ölkəmizin yerli erməni sakinlərin reinteqrasiyası, onların humanitar və sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün ardıcıl səylər göstərdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə BMT və onun ixtisaslaşmış qurumlarının, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşahidələrinin də bölgədəki "gərgin humanitar vəziyyət"lə bağlı iddiaların əsassızlığını sübuta yetirdiyi qeyd olunub.
Təbii ki, Ceyhun Bayramovun səsləndirdiyi haqlı fikirlər qarşısında erməni həmkarı cavab verə bilməyib. İclasdan əvvəl Ceyhun Bayramov ilə görüşməkdən imtina edən Mirzoyan hayların əsl xislətini bir daha göstərib. Bu qəbildən olan ali tribunaların "şərəf qonağı" Ermənistan hər dəfə masadan əliboş ayrılmağa məhkumdur. Geridə qalan isə vaxt və tükənən ümidlərdir. Sülhün imzalanmaması isə Ermənistan üçün əsl faciədir. Və bu faciənin yaxınlaşdığını hiss edən haylar illərdir Azərbaycanın uzatdığı əli kəsib öz "sülh qovşağı"nı beynəlxalq aləmin nəzərinə çatdırmaqla dəstək səviyyəsini yüksəltmək istəyir. Lakin hər dəfə eyni məzmunda səsləndirilən "AT(D)ƏT" halını almış provokativ və riyakar çıxışlar sülhə nəinki mane olur, həm də Ermənistanın regiondan təcrid olunma proseslərini gücləndirir.
Tacir SADIQOV,
"Respublika".