Azərbaycan bu genişmiqyaslı layihənin icrası üçün üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirir
"...Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir... Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Başqa sözlə desək, fiziki nəqliyyat və logistika infrastrukturunu yaratmaq üçün onlara aid ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin nə yerdə olması da vacibdir...".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il noyabrın 25-də Bakıda keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bildirib.
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu və müdafiə potensialının gücləndirilməsi məsələsi əsas vəzifə olaraq qalır. Təbii ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası məsələsi də qarşıda duran əsas vəzifələrdəndir. İndi dünya miqyasında bir çox yerlərdə iqtisadi, siyasi, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan öz dövlət büdcəsini artırmaqdadır. Bu isə Qarabağ və Şərqi Zəngəzurda abadlıq, quruculuq işlərinin həcminin artırılmasına imkan verir. Hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası, dəmir, avtomobil yolları, elektrik enerjisi, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Keçmiş məcburi köçkünlərin bu ilin sonuna qədər Laçın şəhərinə qayıdışı proqnozlaşdırılır. Eyni zamanda qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində də quruculuq işləri gedir. İlin sonuna qədər keçmiş köçkünlər o kəndlərə qaytarılacaq.
Şuşa şəhərində də birinci yaşayış kompleksi uğurla inşa edilir. Yaxın zamanlarda ikinci böyük yaşayış kompleksinin də təməli qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası da plan üzrə davam edir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər tikilir. Çünki demək olar, bütün məscidlər ermənilər tərəfindən yerlə-yeksan edilmişdir. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çoxşaxəli şəkildə davam etdirilir.
Beləliklə, dünyada qlobal problemlərin mövcud olduğu bir məqamda, enerji təhlükəsizliyi ilə bağlı çatışmazlıqları aradan qaldırmağa çalışan dövlətlərin enerji, nəqliyyat, infrastruktur layihələrinin həllinə daha diqqətlə yanaşmaları zərurətə çevrilir. Dünyanın siyasi müstəvisində ilk sırada dayanan Orta Dəhliz layihəsinin reallaşdırılması da zərurət kimi qarşıda dayanır.
Açıq dənizə, okeanlara çıxışı olmayan Azərbaycan Avropa ilə Asiyanın arasında yerləşir ki, bu da ölkəmizin coğrafi mövqe baxımından üstünlüyünü təmin edir. İki qitə arasında yerləşmək ölkəyə həm də bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Uzun illər sərf edilən gərgin əməyin, sərmayə qoyuluşunun sayəsində yaradılan infrastruktur, qurulan dəmir yolu əlaqələri Azərbaycanı dünya ölkələri üçün daha cəlbedici edir. Beş il bundan əvvəl tərəfdaşlarımızla birlikdə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu artıq özünü doğruldub, hazırda bu dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsi istiqamətində iş görülür. 100 milyon ABŞ dollarından daha baha başa gələcək bu layihənin də ən qısa zamanda başa çatdırılması planlaşdırılır. Eyni zamanda o, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə də sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu da hazırdır. Hazırda Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir