2024-cü ilin gəlişilə müstəqil Azərbaycanın həyatında yeni bir səhifə açılır. Ötən illərlə müqayisədə bu il ilk dəfə olaraq bütöv Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu da şanlı tariximizə daha bir uğur kimi yazılacaq.
İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərində Ordumuzun qazandığı Zəfər düşmən işğalına son qoydu və bütün ərazilərimizdə suverenliyimiz bərpa olundu. Neçə illərdir uğrunda mübarizə apardığı hədəfə nail olan Azərbaycan artıq torpaqları işğaldan azad olunması ilə daxili və xarici siyasətində yeni prioritetlər müəyyənləşdirib. Ölkəmizin regionda yaratdığı yeni reallıqlar respublikamızın ictimai-siyasi həyatına bilavasitə təsir göstərir. Dövlət başçısının qəbul etdiyi qərarlar da məhz bu amilə əsaslanır.
Məlum olduğu kimi, 7 dekabr 2023-cü ildə Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkilərini 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsinin təmin etməsi göstərilir.
Artıq bu işə məsul qurum olan MSK fevralın 7-də keçiriləcək seçkilərlə bağlı bəzi məsələləri təsdiq edib. Belə ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Eləcə də dekabrın 30-da MSK-nın keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyini, 6 yanvar tarixli növbəti iclasında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alıb. Bundan öncə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.
MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da isə Namizəd Heydər oğlu Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.
Həmçinin ölkədən kənarda yaşayan seçicilərin səsvermə hüququnu təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bununla da həmin məntəqələrdə xaricdə yaşayan soydaşlarımız öz namizədlərinə səs verə biləcəklər. Eyni zamanda seçkiləri müşahidə etmək üçün 19 ölkədən 72 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasına müraciət edib. Müraciətlərin hamısı qurum tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, növbədənkənar prezident seçkiləri bütün dünyada tətbiq edilir. Respublikamız bütün namizədlərə təşviqat və təbliğat işlərinin aparılmasında əlverişli şərait yaradacaq. Ədalətli rəqabət mühitinin yarandığını göstərən ən vacib məsələlərdən biri də Sərəncamın siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alındıqdan sonra imzalanmasıdır. Bu da müəyyən olunmuş hər bir siyasi partiyaya öz namizədini irəli sürməyə imkan yaradıldığının bariz göstəricisidir.
Cənubi Qafqazda yaranan yeni geosiyasi çağırışlara uyğun olaraq keçiriləcək növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti, həm də Qələbəmizin səsi olacaq. Həmçinin 30 ildir ki, öz doğma torpaqlarından didərgin düşənlər də ilk dəfə Qarabağ və Şərqi Zəngəzurda səsvermədə iştirak edəcəklər.
Musa BAĞIRLI,
"Respublika".