"Şuşada qondarma rejimin başçısı özünə "andiçmə" mərasimi keçirmişdi. İndi baxım görüm harada andiçmə mərasimi keçirəcək. Yas mərasimi keçirəcək! Budur bunun sonu". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsi dövründə səsləndirib.
Bu gün daha aydın olur ki, Prezident bu fikirləri əbəs yerə deməyib. Bəli, 3 il əvvəl saxta "andiçmə" mərasimi keçirən sabiq separatçı rejimin sabiq "rəhbəri" Arayik Harutyunyanın aqibəti bəllidir. Gəncədə, Bərdədə və digər bölgələrimizdə mülki insanların yaşadığı yerlərə raket atan cani cəzasız qalmayacaq.
Tarix təkərrürdən ibarətdir. Bu, artıq dəfələrlə sübut olunub. Keçmişdə və indi əli günahsız insan qanına batmış hər kəs sonunda ədalətin sərt silləsini yeməlidir. Arayik kimi Vaqif Xaçaturyan, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Davit İşxanyan, David Babayan, Liova Mnatsakanyan da bu sərt sillədən öz paylarını aldılar. Bu aqibət hələ "isti yuva"da gizlənməyi bacaran Azərbaycanın qəsdinə duran digər qatilləri də gözləyir. Hansı ki, bəziləri ağlasığmayan, diləgəlməyən vəhşiliklər törədiblər. Bəzi xarici "aktorlar", erməni lobbisinin pulu ilə şirnikləşən təşkilatlar üçün insan haqları birinci planda deyil. Birinci Qarabağ müharibəsində törədilən vəhşiliklər, Vətən müharibəsində günahsız insanların üzərinə atılan "SMERÇ"lər, müharibə qanunlarına zidd fəaliyyətlər nəticəsində həlak olan insanlar heç kəsi maraqlandırmır. Bəli, bu nə fərziyyədir, nə də qurama düşüncələr. Azərbaycanın günahkarları bir-bir, qanunun tələblərinə uyğun mühakimə etməsi deyəsən, dünyada "ədalət" balansını pozub. Bu isə bir yerdən tanış gəlir...
Hadisələr tipik bir "yeməkxanada" baş verir. Ermənistan və onun lobbisi bura gələn "ac həriflər"in qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pulu ödəməmək üçün ona (Ermənistana - red.) kələk gəlirlər. Bu həriflərin hərəsi bir sənət sahibidir. Biri pul naminə insan haqlarını tapdalayır, digəri Afrikanın yarısından çoxunda soyqırımı törədib humanizmdən danışır, digəri isə daha betər. Bəli, həmin "ac həriflər"in kələyi nəticəsində "yeməkxana" bağlanma təhlükəsi ilə üz-üzə qalır. Baş aşpazlar olan Bako Saakyan, Arkadi Qukasyan və Arayik Harutyunyan artıq "müflis" olub. "Yeməkxananın sahibi" Nikol Paşinyan isə hələ də yediyi kələyin fərqində deyil. Bura gələn "ac həriflər" xoş bəyanatlarla, əsassız çıxışlarla Nikolun "könlünü şad etməyə" çalışırlar.
Bəli bugünkü situasiya "ac həriflər" tamaşası ilə səsləşir. Ermənistan 30 il havadarlıq etdiyi separatçı rejimə xaricdən həqiqətən də rəğbət olduğunu düşünürdü. Lakin artıq son çırpınışlar da fayda vermir. Azərbaycan separatçı ünsürləri təmizləməklə ərazilərində suverenliyi bərpa etdi. Cinayətkarların qandallanması isə haqq-ədalətin bərpasına təkan vermiş oldu. Artıq həddini aşmış qərəzli addımlar isə əslində son qalan yemək üçündür. Hələ də Ermənistandan nəsə umulur. Güman ki, haradasa prezident seçkiləri yaxınlaşır və ya hansısa qurumun plenar iclas keçirmək üçün mövzusu yoxdur və həm də pul qarşılığında uydurma fikirləri gündəmə salmaq imkanları var. Niyə də bundan istifadə edilməsin? Vaqif "Meşəli" faciəsinin iştirakçısıdır, Arayik günahsız insanların üstünə raket atdı, digərləri "isti yuva"larından Azərbaycan torpaqlarına qarşı işğal çağırışları edirdilər. Axı Avropa Parlamenti, Avropa İttifaqı öz əsassız bəyanatları ilə gündəmi məşğul etməlidilər, ya yox?
Yenidən cinayətkarların kimliyinə qayıtsaq, bu il iyulun 29-da müalicə almaq adı ilə Ermənistana keçmək istəyən Vaqif Xaçaturyan Laçın sərhəd məntəqəsində öz dərmanını tapdı. 1991-ci ilin 22 dekabrında Xocalının Meşəli kəndində törədilmiş qətliamın əsas iştirakçılarından biri olan Vaqif çox güman ki, vicdanını müalicə etdirmək üçün Ermənistana keçmək istəyirmiş. Qarabağın gorbagor olmuş status məsələsini gündəmdə saxlamaq üçün "böhran", "humanitar fəlakət", "aclıq" kimi kartlardan istifadə etməklə diqqəti çəkməyə çalışan Ruben artıq bu şouları birdəfəlik təxirə salmalı olacaq. Arkadi Qukasyan: "Bakı Ordumuzun gücünü yaxşı bilir və başa düşür ki, müharibə bərpa olunarsa, Azərbaycan yeni ərazilər itirə bilər". Bəli, Azərbaycan hər şeyi yaxşı bilir. Qukasyan isə deyəsən Azərbaycan Ordusunun gücünə yaxşı bələd deyildi. Və indi bunu düşünmək üçün əla fürsəti var. Bako Saakyanın Birinci Qarabağ müharibəsində silah qaçaqmalçılığı ilə məşğul olduğu bildirilir. Tarixə qovuşmuş separatçıların "rəhbər"lərindən biri olan Bako da zaman-zaman ölkəmizə qarşı ittihamçı fikirlər səsləndirib. O isə bununla yanaşı, Qarabağda törətdiyi cinayət əməllərinə görə ittiham olunacaq. Siyahının ən başında dayanan Arayik Harutyunyan isə bizə tanış simadır. Belə ki, müharibə dövründə Gəncəyə raket atandan sonra "alovlu" çıxışı ilə coşub-daşan Arayik bu gün öz çıxışında nə demək istədiyini özü də başa düşmür. Hər halda digər qatillər kimi Arayik Harutyunyan da hər sözün hökmü olduğunu başa düşəcək. Hələlik isə vaxtilə "Bakıya qədər gələcəyik" deyən həmin şəxslər bu reallıq barədə düşünürlər. Bəli, onlar Bakıya özləri gəldi. Amma nə məqsədlə gəlmək istəyirdilər, indi nə üçün gəldilər. Bunu zaman bizə göstərdi...
Tacir SADIQOV,
"Respublika".