"Ermənistanın Rusiyadan uzaqlaşması xəyanət kimi görünə bilər. Amma, burda təəccüblənəcək məqam yoxdur. Çünki ermənilər əzəldən belə olublar, xəyanətkarlıq onların xislətində var. Ermənistan hər zaman bir dövlətdən bəhrələnib onun imkanlarından istifadə etmək kimi manevrlərdə şöhrət qazanıb. Rusiya-Ukrayna müharibəsində də onlar heç bir dəstək nümayiş etdirmədilər, əksinə Ukraynaya qarşı müharibəni dəstəklədilər".
Bu sözləri "Respublika"-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, həmçinin Ermənistanın Qərbə meyil etdiyini vurğulayıb:
"Qərbin Rusiya-Ukrayna müharibəsindəki mövqeyi bəllidir. Qərb Ermənistanı məzəmmət edir və Rusiyadan uzaqlaşdırır. Buna görə də Ermənistan yavaş-yavaş KTMT-dən çıxmaq istiqamətində bir sıra addımlar da atır. Görünür, Ermənistan Rusiyanın başçılıq etdiyi kollektiv strukturlardan ayrılmağı qarşısına məqsəd qoyub. Onlar hətta bunu açıq şəkildə də bəyan edirlər və tamamilə Qərbin qanadının altına sığınıblar".
Politoloq bildirib ki, hazırda Ermənistandakı anti-Rusiya meyilləri digər postsovet məkanındakı qüvvələrdən güclüdür:
"Baxmayaraq ki, Ermənistan hər zaman Rusiyadan bəhrələnib. Ermənilərin bölgəyə gəlməsində və dövlətlərinin qurulmasında da Çar Rusiyasının böyük rolu olub. Amma Ermənistan belədir. Yaxşılığa yaxşılıqla deyil, pisliklə qarşılıq verir."
Nəzrin ELDARQIZI,
"Respublika".