Fransanın revanşizm diplomatiyası
Siyasət

Fransanın revanşizm diplomatiyası

Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşının rəsmi Paris tərəfindən "persona non grata" elan olunması qisasçılıq məqsədi daşıyır. Fransanın Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazdakı qlobal təhdidə çevrilmiş agentura şəbəkəsinin məhz Azərbaycan xüsusi xidmət orqanları tərəfindən ifşa edilməsi, Parisin 30 illik işğal, təcavüz və separatizmə dəstəyi fonunda regionda etimadı itirməsi, habelə Bakının Fransanın qəbul etmək istəmədiyi reallıqları daha da gücləndirməsi fonunda Fransa başladığı "soyuq müharibə"də Bakıya rüsvayçı formada məğlub olur.

Vətən müharibəsində və antiterror tədbirlərində hərb meydanında itirilən mövqelərin ardınca BMT Təhlükəsizlik Şurası və digər platformalarda da fiaskosundan sonra çirkin əməllərindən əl çəkməyən Fransanın ölkəmizdəki səfirliyinin 2 əməkdaşı diplomatik statusa uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən konkret əməllərinə görə Azərbaycan tərəfindən "persona non grata" elan edilərək ölkədən qovulub.

Həmin diplomatlarla bağlı xalqımızın mənafelərini hədəfə alan təkzibolunmaz dəlillər var. Bəs Fransanın əlində hansı faktlar var? Əgər Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşlarının əməllərində Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən hər hansı pozuntu əlamətləri olsaydı, Paris bunu çoxdan car çəkərdi. Bu mənada, Fransanın növbəti həmləsi cavab xatirinə atılan ucuz addımdır və Parisin beynəlxalq hüquqla zidd olan davranışlarından doğan çoxsaylı problemlərin mövcud olduğu ikitərəfli münasibətləri daha da gərginləşdirir. Afrika və Okeaniyadakı mövqelərini itirmək üzrə olan, Cənubi Qafqazda isə artıq maraqlarını təmin etmək imkanından məhrum qalan Paris Azərbaycanın gücünü və bütün dünya üçün əhəmiyyətini doğru qiymətləndirməməklə əslində özünü daha çətin duruma salacağının fərqinə varmalı, Bakı ilə ritorikasında diqqətli olmalıdır. Makron rejimi anlamalıdır ki, qarşısında sülh vasitəçiliyi adı altında illərlə riyakarcasına davrandığı 90-cı illərin zəif Azərbaycanı deyil, bölgədə reallıqları diktə edən, əməkdaşlığı hədsiz fayda gətirən Azərbaycan var və münasibətlərin normallaşması Bakıdan çox çürük fransız rejiminin özünə lazımdır.        

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.