Ermənilər bilirlər ki, Azərbaycan Qarabağda mütləq şəkildə sülhü bərqərar edəcək- Arzu Nağıyev
Gündəm

Ermənilər bilirlər ki, Azərbaycan Qarabağda mütləq şəkildə sülhü bərqərar edəcək- Arzu Nağıyev

Azərbaycanın öz sülh məramını hər fürsətdə bildirməsinə baxmayaraq, Ermənistanın təxribatları davam edir. Torpaqlarımıza 1 milyondan çox mina basdıran separatçılar, bu mina xəritələrini tərəfimizə təqdim etməyərək öz terrorçu mövqesini nümayiş etdirir.  

Mövzu ilə bağlı deputat Arzu Nağıyev "Respublika"-ya bildirib ki, Böyük qayıdışın qarşısını almaq üçün ermənilərin atdığı ən ciddi addımlardan biri də vaxtilə işğal olunmuş ərazilərimizdə minaların basdırılmasıdır: "Bu minalar tək kommunikasiyaların ətrafında deyil, eyni zamanda azərbaycanlılar üçün müqəddəs olan qəbiristanlıqlarda və digər istiqamətlərdə basdırılıb. Məram, məqsəd də ondan ibarət idi ki, nəyin bahasına olur-olsun, azərbaycanlılar bura qayıtdıqda problemlər, partlayışlar baş versin. Eyni zamanda mina təmizlənməsi çox bahalı və vaxt aparan bir məsələdir. Dəfələrlə biz beynəlxalq qurumlara bununla bağlı müraciətlər etmişik, lakin heç bir reaksiya olmayıb. Buna baxmayaraq, Azərbaycan bütün problemlərin öhtəsindən gəlməyi bacarır və minalardan təmizlənmiş ərazilərdə kommunikasiyalar bərpa olunur, vətəndaşlar öz ata baba yurdlarına qayıdırlar. Təbii ki, bu, ağır bir prosesdir".

Deputat qeyd edib ki, Böyük qayıdışın təmin edilməsi üçün ən vacib şərtlərdən biri minaların təmizlənməsidir: "Ermənilər həm öz istehsalı olan, həm də vaxtilə terror dəstələri tərəfindən xaricdən gətirilmiş minaları ərazilərimizə basdırıblar. Son vaxtlar təbii ki, bu bir az azalıb. Çünki Laçın yolunda qoyulan sərhəd-buraxılış məntəqəsindən, artıq  heç bir silah-sursat keçirə bilmirlər. Yəni bu gün ermənilər bilirlər ki, nəyin bahasına olur-olsun, Azərbaycan Qarabağda və bütün ərazilərimizdə mütləq şəkildə sülhü bərqərar edəcəkdir. Ona görə də qorxurlar. Sülhün bərqərar olmasına müəyyən qədər mane ola bilərlər, lakin Azərbaycanın dönməz daxili və xarici siyasəti var, yeni minaların təmizlənməsi istiqamətində də çox ciddi addımlar atılıb və atılacaqdır”.

Nurcan SÜLEYMANOVA

"Respublika"