Cənubi Qafqazın yeni inkişaf perspektivləri müəyyənləşir
Gündəm

Cənubi Qafqazın yeni inkişaf perspektivləri müəyyənləşir

Azərbaycan-Gürcüstan münasibətlərini müasir dövrün və yaşadığımız bölgənin reallıqları nəzərə alınarsa, nümunəvi qonşuluq münasibətləri hesab etmək olar və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin də qeyd etdiyi kimi, Prezident İlham Əliyevin qarşılıqlı əlaqələrin yüksək strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə yüksəlməsində müstəsna xidmətləri var.

Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibətlərinin möhkəm tarixi və mədəni əsasları var. Bu önəmli faktordur, amma yetərli deyil və yaşadığımız zaman kəsiyi də sübuta yetirir ki, yalnız siyasi liderlərin uzaqgörənliyi və strateji baxış bucağına sahib olmaları dövlətlərarası münasibətləri Gürcüstanla Azərbaycan arasında olduğu kimi səmimi və qarşılıqlı faydalı müstəviyə yüksəldə bilər. Bu xüsusda, Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Gürcüstan üçün ən çətin dövrlərdə iki ölkənin iqtisadiyyatını və inkişaf perspektivlərini bir-birinə bağlayan strateji qərarlarını, bütün maneələri dəf etmək bacarığını xüsusilə qeyd etmək lazımdır. "Əsrin müqaviləsi" və Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasına xidmət edən Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin reallaşması Gürcüstanı tranzit ölkəyə çevirməklə yanaşı, Bakı-Tbilisi dəmir yolu və Cənub  Qaz Dəhlizinin ayrılmaz parçası olan TAP layihəsinin gerçəkləşməsinə yol açdı. Bu gün Azərbaycan, Türkiyə və Gürcüstanın həyata keçirdiyi birgə layihələr hər üç ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, həmçinin ölkələrimizin beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağı kimi əhəmiyyətinin artmasında mühüm faktor kimi çıxış edir. 

Azərbaycan və Gürcüstanın qarşılıqlı faydalı əməkdaşlığının, dostluq münasibətlərinin formalaşdırdığı təməl Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün də mühüm əhəmiyyətə malikdir. Bu müstəvidə cənab Prezidentin mətbuata bəyanatında səsləndirdiyi önəmli bir məqama da diqqət çəkmək istəyirəm. Azərbaycan Prezidenti öz nitqində qeyd etdi ki, Ermənistanla sülh sazişi bağlanacağı təqdirdə Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq. Dövlətimizin başçısı həmçinin bildirdi ki, Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və s. sahələrdə uğurlu əməkdaşlıq mümkündür. Göründüyü kimi, Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına bütövlükdə Cənubi Qafqazın inkişaf perspektivləri kontekstindən yanaşır və bölgənin inkişafı, təhlükəsizliyi üçün maneə yarada biləcək bütün amillərin aradan qaldırılmasını zəruri sayır. Əslində, ölkəmizin həm ziddiyyətlərə və onların aradan qaldırılmasına, həm ikitərəfli münasibətlərin, həm də bölgənin təhlükəsizliyinə yanaşmasını şərtləndirən amillər də, məhz dövlətimizin başçısının uzun illər boyu həyata keçirdiyi, hazırda öz nəticələrini daha qabarıq şəkildə göstərən strateji baxış bucağından qaynaqlanır.

Azər KƏRİMLİ,

millət vəkili.