Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı bütün məsələlər Azərbaycan tərəfi ilə birlikdə həll olunacaq.
"Respublika" xəbər verir ki, bu barədə Moskvada keçirdiyi brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O əlavə edib: “Qarabağda Rusiya sülhməramlılarının qalması müddəti və digər məsələlər həmin ərazidə vəziyyətdən asılı olaraq Azərbaycan tərəfi ilə birlikdə həll ediləcək”.
Rusiya XİN-in rəsmi nümayəndəsi Zəngəzur dəhlizi ilə bağlı suala cavabında bildirib ki, onun açılması üzərində işlər Baş nazirlərin müavinlərinin həmsədrliyi altında İşçi qrupu çərçivəsində davam edir.
M.Zaxarova deyib: “Ermənistanın Sünik vilayəti vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat dəhlizi ilə bağlı qərar layihəsi nəzərdən keçirilir. Bu layihənin həyata keçirilməsində İrəvan ilə Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə olunması üzrə böyük potensialın olduğunu görürük. Əlbəttə, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmalar əldə etməyə hazır olmasından asılıdır.