Məlum olduğu kimi, son dövrlərdə Gürcüstanda baş verən qalmaqallar ABŞ-ın Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmaq niyyətini bəlli edir. Ermənistan və Rusiya arasında soyuq küləklərin əsdiyi bir zamanda Gürcüstanda baş verən hadisələr sözügedən ölkədə Amerika kəşfiyyatının dövlət çevrilişinə hazırlaşmasının göstəricisidir.
Xatırladaq ki, Gürcüstan cari ilin sonuna kimi Avropa İttifaqına namizəd statusunun həll olunmasını gözləyir. Vəziyyətin bu cür mürəkkəb olduğu bir dövrdə ölkədə iğtişaş yaratmağa meyilli olan qüvvələr baş qaldırıb. Belə ki, sentyabrın 25-də USAID proqramı çərçivəsində Serbiya vətəndaşları Sinisa Sikman, Yelena Stoyşiç və Slobodan Cinoviçin Gürcüstana səfəri baş tutub.
İlk baxışdan adi görünən bu səfər maraqlı məqamlarla yadda qalıb. İlk olaraq, USAID-ın sözdə əsas vəzifəsi (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) uzunmüddətli iqtisadi və sosial inkişafa nail olmaqdır. Qurum, həmçinin kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardımlara da öz dəstəyini verir. Əslində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi USAID-dan öz əməliyyatlarını həyata keçirmək üçün istifadə edir. USAID-ın davamlı olaraq müxtəlif ölkələrdə üzə çıxması birbaşa həmin dövlətin daxili işlərinə, siyasi proseslərə müdaxilə etmək, hakimiyyət çevrilişlərinə cəhd məqsədi daşıyır. Ümumiyyətlə, USAID daxil ABŞ hökumətinə bağlı olan təşkilatlar siyasi proseslərin manipulyasiyasına xidmət edir.
Bir məqamı da qeyd edək ki, USAID tərəfindən dəvət edilən şəxslər də müəmmalıdırlar. Belə ki, Gürcüstanın xüsusi xidmət orqanları həmin şəxslərin 2003-cü ildə Gürcüstanda baş verən inqilabla əlaqəli olduğunu bəyan ediblər. Daha bir maraqlı məqam isə Gürcüstana dəvət edilən Sinisa Sikman, Yelena Stoyşiç və Slobodan Cinoviçin müxtəlif illərdə Serbiya, Ukrayna və digər dövlətlərdə baş verən analoji proseslərdə iştirak etməsi faktıdır. Onların həmin proseslərdəki əsas rolu etiraz əhvali-ruhiyyəsi yaratmaqdan ibarət olub. Həmçinin bu şəxslər USAID-ın dəstəyi ilə Gürcüstana səfər müddətində rəsmi olaraq mədəniyyət sahəsində çalışanlar üçün strateji qeyri-zorakı mübarizə mövzusunda təlim keçiblər. İlk baxışdan heç nə aydın olmasa da, işin əsli başqadır. Belə ki, oktyabr-dekabr aylarında Gürcüstanda iğtişaşlar planlaşdırılır ki, bu şəxslərin buradakı "missiyası" sözügedən iğtişaşlar üçün inqilabi gənclər qruplarını hazırlamaqdır.
Xatırladaq ki, Azərbaycanda USAID 1991-ci ildən fəaliyyət göstərməkdədir. Qurumun fəaliyyəti dövründə dəfələrlə eyni üsullar, eyni taktikalara əl atılsa da, bu planlar dövlətimizin xüsusi xidmət orqanları tərəfindən ifşa edilib və qarşısı alınıb. Əfsuslar olsun ki, USAID-ın Azərbaycana qarşı qərəzli əməlləri bu gün də davam etməkdədir. Bildiyimiz kimi, bu ilin sentyabrında Azərbaycanın Qarabağ iqtisadi regionunda başladığı lokal xarakterli antiterror tədbirlərindən sonra erməniəsilli sakinlərin könüllü olaraq Ermənistana köçü başlayıb. Belə bir məqamda USAID-ın rəhbəri Samanta Pauerin Ermənistana səfəri növbəti aranı qarışdırmaq cəhdi idi. Pauer səfər zamanı "qaçqınlar"a 2,5 milyon dollar yardım göstəriləcəyini bildirdi. Xatırladaq ki, bu qurumun rəhbərinin adının ilk dəfə qalmaqallarda hallanması deyil. Hələ 2006-cı ildə lentə alınan qondarma erməni soyqırımından bəhs edən filmdə türkləri faşist adlandıran Pauer soyqırımının tanınacağı günü özünün ikinci ad günü elan edəcəyini bildirməklə öz ermənipərəstliyini sübuta yetirmişdi.
Maraqlıdır, USAID-ın ölkəmizə qarşı bu cür mövqeyinin arxasında nə dayanır? Əslində cavab sadədir - Soros fondu. Xatırlatmaq yerinə düşər ki, vaxtikən Soros fondu Azərbaycanda hərc-mərcliklər yaratmaq istədiyi üçün ölkədən qovulmuşdu. Görünür, fond hələ də düşdüyü bu rəzil vəziyyəti həzm edə bilməyib və "törəməsi" USAID-ı işə salmaqla Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirmək xülyasındadır. Əslində, qurum təmsil etdiyi dövlətin xarici siyasətinə kölgə salır, başqa sözlə desək, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı sərsəm fikirlər söyləyir. Hətta BMT, ATƏT, Aİ kimi qurumların bu barədə danışmadığı halda USAID saxta erməni "etnik təmizləməsindən" dəm vurur. Bu isə ABŞ-ın yürütdüyü xarici siyasətlə üst-üstə düşmür.
Daha bir mühüm məqam isə USAID-ın vaxtilə Azərbaycanda "NİDA", "Dalğa" kimi təşkilatları maliyyələşdirməsidir. Həmin təşkilatlar isə Azərbaycanda hökumət əleyhinə qeyri-qanuni aksiyalar keçirməyə çalışırdı. Qurum öz çirkin fəaliyyətini pərdələmək üçün isə regionlarda müxtəlif layihələr reallaşdırırdı. Məsələn, qurum tərəfindən 2014-cü ildə Azərbaycanda "müstəqil medianın inkişafı" üçün 2,4 milyon dollar məbləğində qrant ayrıldı. Qalib isə USAID-ın günahına ortaq olan media orqanlarından biri idi. Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizin USAID-ın layihələrinə ehtiyacı yoxdur, çünki Azərbaycanın istənilən layihəni reallaşdırmaq üçün kifayət qədər resursu mövcuddur. Bununla belə, qurum öz qərəzli fəaliyyətindən əl çəkmək istəmir. Təsadüfi deyil ki, bir sıra müxalifətyönlü QHT-lərin əksəriyyəti də məhz USAID-dan, ABŞ Milli Demokratiya İnstitutundan (MDI/NDI) maliyyələşir. Qurumun 2023-2025-ci illərdə müxtəlif ölkələrdə "vətəndaş cəmiyyəti" quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırması bunu bir daha təsdiqləyir. Həmin qurumlar isə qarşılığında USAID-a lazım olan dəstəyi göstərirlər. Amma bütün baş verənlərə baxmayaraq, USAID-ın Azərbaycanda istənilən qərəzli planı fiaskoya uğrayır. Qurum, eləcə də onun havadarları mövcud reallığı dərk etməlidir. Əks halda, USAID-ın aqibəti heç də "Soros Fondundan" fərqlənməyəcək.
Nəzrin ELDARQIZI,
"Respublika".