Ermənilərin siyasi şousu davam edir
Gündəm

Ermənilərin siyasi şousu davam edir

Laçın yolu üzərində Ermənistanın siyasi şousu davam edir. Bölgədəki saxta “blokada” beynəlxalq ictimai nəzəri manipulyasiya etmə cəhdləridir. Digər tərəfdən, Laçın dövlət sərhədindən  öz çirkin əməlləri üçün istifadə edə bilməyən haylar “humanitar böhran” olduğunu iddia edərək iri tonajlı yük maşınlarının buradan keçirilməsinə nail olmağa çalışırlar. Xankəndi və onun ətrafında yaşayan erməni əsilli əhalinin talehinə gəldikdə isə onlar üçün heç bir maneə yoxdur. Buna baxmayaraq, bölgədə süni gərgin vəziyyətyaratma cəhdləri gün keçdikcə daha da, artmaqdadır. Yük maşınlarının planlı şəkildə dövlət sərhədinə gətirilməsi və Azərbaycan tərəfinin razılığı olmadan Laçın keçid məntəqəsindən yükdaşımanın reallaşdırılması cəhdləri növbəti riyakarlıq örnəyidir. Qeyd edək ki, bununla da kifayətlənməyən Ermənistan tərəfi məhz Xankəndi və onun ətrafında yaşayan əhalinin əraziyə yürüyüş təşkil etməsini də planlaşdırır.

Məsələ ilə bağlı “Respublika”ya açıqlama verən politoloq Fərhad Məmmədov bildirib ki, Azərbaycan tərəfi 10 noyabr bəyanatından sonra daim öz öhdəliklərini yerinə yetirib: "Lakin bizdən fərqli olaraq bu gün Laçın dövlət sərhədində baş verən siyasi şou Ermənistanın sözügedən bəyanata zidd addımlarının növbəti təsdiqidir. Qeyd etməliyik ki, Ermənistan və onun havadarları Laçın yolundan daim öz kirli məqsədləri üçün istifadə ediblər. Vardanyan layihəsi, diversantların yollanması, narkotik və silah-sursatın daşınması, beynəlxalq siyasi simaların əraziyə ziyarəti və bunlar hamısı Laçın yolu vasitəsilə reallaşa bilirdi. Məhz bunun məntiqi nəticəsidir ki, Azərbaycan Laçında nəzarət-buraxılış məntəqəsini qurdu və bölgədəki təhlükəsizliyin təmini üçün adekvat yanaşma sərgilədi. Bu, Azərbaycanın legitim hüququdur. Hansı ki, Beynəlxalq Ədalət Məhkəməsinində təsdiqlədiyi Laçın dövlət sərhəddindən artıq çirkin əməllər üçün istifadə mümkün olmayacaq. Bu qədər səs-küyün səbəbi də məhz budur. Bununla yanaşı, Qarabağda yaşayan erməni azlığına “humanitar yardım” göndərmək istəyən ölkələr, qüvvələr, əgər doğrudan da öz niyyətlərində səmimidirlərsə, Ağdam-Xankəndi yolundan istifadə edə bilərlər”.

Nurlan ABDALOV,

"Respublika".