"Son 30 ildə Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələrdən biridir. Bir sıra Qərb dövlətlərinin birbaşa himayəsi altında Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il ərzində Ermənistan Qarabağ və Şərqi Zəngəzura ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırmışdır. Minalanmanın yollar, qəbiristanlıqlar, mülki təyinatlı digər obyektlərdə tələ xarakterli həyata keçirilməsi prosesin sülh və insanlıq əleyhinə yönəldiyini, o cümlədən müharibə cinayətlərinin tərkib hissəsi olduğunu göstərir".
Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Qarabağda mina terroru ilə bağlı danışarkən bildirib: "Üstəlik, işğaldan azad olunmuş ərazilərimizdə yalnız ötən il ərzində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi sübut edir ki, münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəmişdir. Laçın sərhəd-buraxılış məntəqəsini təsis edildikdən sonra isə separatçılar mina terrorunu davam etdirmiş və sentyabrın ortalarında Qarabağda polislərimiz və yol təsərrüfatının işçiləri mina terrorunun qurbanı olmuşlar.
44 günlük savaşla regionda işğala, 23 saatlıq lokal antiterror tədbirləri ilə isə separatizmə son qoyulması bölgədə yeni və ümidverici situasiya yaradıb. Bu gün regionumuz sülhə heç vaxt olmadığı qədər yaxındır. Əslində dalana dirənən Ermənistan bu vəziyyətə şans kimi baxmalı, 30 il ərzində dövlət siyasəti çərçivəsində həyata keçirdiyi minalama prosesinin nəticələrinin aradan qaldırılmasında Azərbaycanla əməkdaşlıq etməlidir. Lakin İrəvan dəqiq mina xəritələrini hələ də təqdim etməməklə postmüharibə dövründə 300-dən çox insanın müharibə cinayətlərinin qurbanına çevrilməsinə, tələfatların isə gündən-günə artmasına səbəb olmaqdadır. Möhtərəm Prezidentimizin bu ilin may ayında ifadə etdiyi kimi, "Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər.
Ermənistanın bu cür "cəsarətli" davranışının kökündə, ilk növbədə beynəlxalq ictimaiyyətin Ermənistanın müharibə cinayətlərini görməzdən gəlməsi dayanır. Biz bu günə qədər heç bir beynəlxalq güc tərəfindən Ermənistanın mina xəritələrini təhvil verməsinə dair çağırış müşahidə etməmişik. Ayrı-ayrı psevdo siyasilərin müdafiəsinə qalxan, rüşvət qarşılığında separatizmə dəstək verən, korrupsiya yuvası Avropa Parlamenti bir dəfə də olsun İrəvanın müharibə cinayətlərinə münasibət bildirməyib. Əksinə, Fransanın, Almaniyanın, Avropa Birliyinin simasında biz Azərbaycanın suveren haqlarını görməzdən gələn ləyaqətsiz çağırışlar eşidirik ki, bu da Qərbin açıq formada terroru təşviq, müharibə cinayətlərinə isə ortaqlığı deməkdir. Lakin 44 günlük savaşda cənab İlham Əliyev göstərdi ki, Azərbaycanın qarşısında heç kim, o cümlədən heç bir şər ortaqlığı dayana bilməz.
Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa prosesini həyata keçirməkdə, Böyük Qayıdışı reallaşdırmaqdadır. Prosesin ləyaqətli və təhlükəsiz şəkildə təmini üçün isə mina təhlükəsinin aradan qaldırılması şərtdir və minatəmizləmə fəaliyyətinin 90 faizdən çoxu ölkənin daxili resursları hesabına aparılır. Lakin bu yalnız Azərbaycanın problemi deyil, bəşəri məsələdir və dünya ictimaiyyəti də aydın mövqe ifadə edərək, daha artıq diqqət yetirməyə borcludur. Prosesə təkan vermək üçün Prezident İlham Əliyev humanitar minatəmizləmənin BMT-nin Qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmiş, Azərbaycan humanitar minatəmizləməni Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan etmişdir".
"Respublika".