Ölkəmiz irimiqyaslı, beynəlxalq səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bunu iştirakçı olan bir çox dövlət və təşkilatlar da böyük məmnunluq hissi ilə qeyd edirlər. Bu, hər bir azərbaycanlı üçün olduqca qürurvericidir. Artıq tam şəkildə deyə bilirik ki, imzamız var imzalar içində.
Azərbaycan Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə oktyabrın 2-də Bakıda işə başlayan 74-cü Beynəlxalq Astronavtika Konqresi ayın 6-a kimi davam etdi. 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox qonağın iştirak etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycan üçün əhəmiyyəti olduqca böyükdür. Beş gün davam edən Bakı Konqresi dünya kosmos icmasına əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi, müasir dövrümüzdə gənclərin bu sahəyə cəlb olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycanda keçirilən bu konqres ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi, imkanların tanıdılması ilə yanaşı, yeni tərəfdaşlıq münasibətlərinin qurulması cəhətdən də təqdirəlayiqdir. Bu isə ölkəmizin müasir çağırışlara uyğun inkişaf yolu ilə irəliləyərək, innovativ cəmiyyət qurmaq uğrunda mühüm addımlar atmaqla daha böyük uğurlar qazanacağından xəbər verir.
Bakı ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi hüququnu 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı qazanıb.
Onu da qeyd edək ki, Azərbaycan ilk dəfə 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib, Sovet İttifaqında ilk və yeganə konqres o vaxt ulu öndər Heydər Əliyevin sayəsində Bakı şəhərində keçirilib. O dövrdə Konqres Sovetlər Birliyinin bir hissəsi hesab edilən Azərbaycanda keçirilirdisə, bu gün bu mötəbər tədbir müstəqil, suveren və azad Azərbaycanda reallaşdı. Düz 50 il sonra Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın bu mötəbər tədbirə müstəqil dövlət kimi yenidən ev sahibliyi etməsi rəmzi məna daşıyır.
Məlumat üçün bildirək ki, Beynəlxalq Astronavtika Federasiyası ilk dəfə 1951-ci ildə qeyri-kommersiya və qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayıb. Beynəlxalq Astronavtika Konqresinə hər il BAF milli cəmiyyətinin üzvlərindən biri ev sahibliyi edir. Bu il isə tədbir yenidən Bakı şəhərində baş tutdu. Konqresin keçirilməsi ölkəmizin kosmik sənayeyə, müasir texnika və texnologiyaya, innovasiya sektorlarının inkişafına və müasirləşdirilməsinə nə qədər böyük önəm verdiyini göstərir. Hələ 2022-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalını da bu önəmin təzahürü kimi qiymətləndirə bilərik. Artıq Azərbaycan on ildir beynəlxalq kosmik ailənin üzvüdür.
Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradır. Oktyabrın 2-də baş tutan Konqresin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Dövlətimizin başçısı və birinci xanım Türk Kosmik Agentliyinin, Səudiyyə Ərəbistanının Kosmik Agentliyinin, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA), Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının, "Israel Aerospace Industries" şirkətinin, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyasının, Çinin Astronavtika Cəmiyyətinin və digər şirkətlərin stendlərinə və 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresi və Azərbaycan haqqında nümayiş edilən videoçarxlara baxdılar. Prezident İlham Əliyev çıxışı zamanı Konqresin ölkəmiz üçün əhəmiyyətinə toxunaraq demişdir: "Azərbaycana, Bakıya xoş gəlmisiniz. Əlli ildən sonra Konqres burada yenidən keçirilir. İlk olaraq, Konqresin Azərbaycanda təşkil edilməsi şərəfinə layiq görüldüyümüz üçün Beynəlxalq Astronavtika Federasiyasına dərin minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda mütəmadi dəstəyə görə Beynəlxalq Astronavtika Akademiyasına və Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutuna təşəkkür edirəm".
Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mouri də açılış mərasimində çıxış edərək 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin astronavtlarla çəkdirdiyi, kosmosda nümayiş edildikdən sonra geri gətirilən fotoşəkil və digər atributlardan ibarət xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi. Konqresdə, həmçinin qardaş Türkiyədən olan nümayəndələr də iştirak edirdilər və türkiyəli nümayəndələr arasında kosmosa ilk dəfə uçan əslən azərbaycanlı olan Türkiyə astronavtı Tuva Cihangir Atasever də vardı. O, çıxışı zamanı qeyd edib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi dönəmində Astronavtika Konqresinin Bakıda keçiriləcəyini öyrənəndə hər kəs Türkiyənin özündə keçiriləcəkmiş kimi sevindi. Həm ölkəm adına, həm öz adıma deyə bilərəm ki, bu, çox sevindirici bir hadisədir. Ana Vətənim Azərbaycanda belə mötəbər tədbirin keçirilməsi və bir astronavt namizədi olaraq bura gəlməyim böyük xoşbəxtlikdir.
Bu mötəbər tədbirə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatıldı. Konqresdə 150 şirkət sərgi pavilyonunda təmsil olundu. Heydər Əliyev Mərkəzində texniki sessiyalarda olduqca maraqlı konfranslar və sərgilər də təşkil olundu. Hər gün xüsusi proqram çərçivəsində Bakının fərqli məkanlarında - universitet və məktəblərdə maraqlı görüşlər keçirildi. Eyni zamanda tədbir çərçivəsində BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə "Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar" adlı seminar və Kosmik Nəsil Konqresi də keçirildi.
Azərbaycan Respublikasının Kosmik Agentliyi - "Azərkosmos" konqres çərçivəsində bir sıra müqavilələr bağladı. Bunlar arasında ən əhəmiyyətlilərindən biri "Israel Aerospace Industries" (IAI) şirkəti ilə imzalanmış əməkdaşlıq müqaviləsi oldu. Həyata keçiriləcək "Azersky-2" proqramı iki yüksək ayırd etməli elektrooptik sensora malik Yerin məsafədən müşahidə peykinin hazırlanmasını əhatə edir. Peyklərdən biri azərbaycanlı mütəxəssislərin iştirakı ilə İsraildə, ikincisi isə şirkətin dəstəyi ilə Azərbaycanda hazırlanacaq. Konqresdə təşkil edilən sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın "Milli Aeronavtika və Kosmos Administrasiyası" (NASA), Yaponiyanın "JAXA" kosmik agentliyi, İtaliyanın "Agenzia Speziale Italiana" kosmik agentliyi, "AIRBUS" şirkəti, Kanadanın innovasiya mərkəzi "INO", Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi "CNES", Hindistanın kosmik agentliyi "ISRO", Türkiyənin "Türkiye Uzay Ajansı" kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb. "Azərkosmos" və ICESCO arasında bağlanmış əməkdaşlıq müqaviləsi isə bu sahədə ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi kosmos sahəsində ölkəmiz üçün son illərin ən prestijli, qlobal tədbirdir. Sevindiricidir ki, Bakı Konqresi ölkədə başlayan yeni texnoloji inkişaf prosesinə stimul verəcək. Prezident İlham Əliyev bunu tədbirdəki çıxışında xüsusi vurğuladı: "Bakıda keçirilən bu konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir".
Ramidə YAQUBQIZI,
"Respublika".