Fövqəladə Hallar Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib.
“Respublika” xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hikmət Şikarov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsna əhəmiyyətini vurğulayıb, bu sahədə FHN-nin Şimal-Qərb Regional Mərkəzi ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərildiyini diqqətə çatdırıb.
FHN-nin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin rəis müavini Gündüz Həmzəyev fövqəladə halların xəbərdar edilməsi ilə bağlı bu sahəyə cavabdeh qurumların koordinasiyasının təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
FHN-nin Şimal-Qərb Regional Mərkəzin rəis müavini Ceyhun Babayev və Mərkəzin Fövqəladə halların monitorinqi və proqnozlaşdırılması sektorunun müdiri Aqşin İbrahimli rayon icra hakimiyyəti ilə birgə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülmüş tədbirlər barədə məlumat verib, xüsusilə yaya aylarında tez-tez baş verən yanğın hallarının baş vermə səbəbləri və nəticələri, onların söndürülməsində yaşayış massivlərindəki qeyri-qanuni maneələrdən danışıblar.
Mikayıl QULUYEV,
“Respublika”