AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Gündəm

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Anadolu Agentliyi": Türkiyə Avropa Parlamentinin Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyib

Türkiyənin məşhur informasiya portalı "Anadolu Agentliyi" Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilə bağlı məlumat yayımlayıb. Məlumatda Türkiyə XİN-in Avropa Parlamentinin Qarabağla bağlı qərarına münasibət bildirərək, bəzi populist və ayrı-seçkilikçi deputatların ölkəmizi hədəf alan ritorikasına əsaslanan bu qərarı qınadığı qeyd olunub. Yazıda, həmçinin AP-nin qəbul etdiyi məcburi olmayan "qərar"ın məsuliyyətsizlik, qərəz və cəhalət simvolu olduğu vurğulanıb: "İllərdir Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar verən bir qrup populist Avropa Parlamenti üzvünün ölkəmizi hədəfə alan ritorikasına əsaslanan bu qərarı pisləyirik. Populizm, irqçilik, islamofobiya, multikulturalizmin və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifratları ilə özünü ifşa edir. Aİ-nin gələcəyi ilə bağlı diləyimiz səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, əhatəli və həssas nümayəndələrdən ibarət yeni tərkibdə olmasıdır", - sənəddə qeyd olunub.

"Kazinform": Azərbaycan son 6 ayda Qazaxıstan neftinin BTC vasitəsilə tranzitinin həcmini açıqlayıb

Aprel-sentyabr aylarında Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə tranziti 609 min ton təşkil edib.

"Kazinform" saytının verdiyi məlumata görə, bunu Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının I Enerji Forumunda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib. Nazir Ceyhan limanından dünya bazarlarına 493 min ton xam neft göndərildiyini qeyd edib. Bildirilib ki, ilin sonuna qədər Qazaxıstan neftinin BTC ilə tranzitinin ümumi həcmi 1,1 milyon tona çatacaq.

"Hürriyet": Şarl Mişel: Azərbaycan və Ermənistan arasında danışıqlar oktyabrın sonuna qədər keçiriləcək

Bu ay Avropa İttifaqının (Aİ) evsahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. Bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

Qranadada keçirilən 3-cü Avropa Siyasi Sammitində iştirak edən Aİ Şurasının Prezidenti Şarl Mişel açıqlamasında deyib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb.

"Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam", - deyə Şarl Mişel bildirib.

"Vestnik Kavkaza": Azərbaycan Xankəndi və Xocavənddə kənd təsərrüfatını inkişaf etdirəcək

Qarabağda və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı planlaşdırılır. Bu məqsədlə, Xankəndi və Xocavənddə aqrometeoroloji stansiyalar quraşdırılacaq.

"Vestnik Kavkaza" xəbər verir ki, Azərbaycan işğaldan azad edilmiş əraziləri bundan sonra da inkişaf etdirəcək, kənd təsərrüfatına xüsusi diqqət yetiriləcək, bunun üçün geniş imkanlar var.

Hazırda Qarabağ bölgəsində və Şərqi Zəngəzurda - Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Laçında 11 hidrometeoroloji, 5 meteoroloji stansiya fəaliyyət göstərir.

Bu ərazilərdə hidrometeoroloji şəbəkənin genişləndirilməsi işləri davam etdiriləcək, daha iki stansiya quraşdırılacaq.

"Ukrinform": Azərbaycan və Şimali Makedoniya bəzi Ukrayna məhsullarının satışı üçün yeni platforma açır

Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti Ukrayna istehsalı olan bəzi məhsulların Azərbaycan Respublikası və Şimali Makedoniya Respublikasına ixracına dair razılıq əldə edib.

O cümlədən Ukrayna tərəfi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə istehlaka hazır və istehlak üçün nəzərdə tutulmuş quş əti və süd məhsullarının ixracı üçün baytarlıq sertifikatının blankı razılaşdırılıb.