Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və "Heydər Əliyev İli" ilə əlaqədar olaraq "Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!" adlı tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, "91-lər"dən biri Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Milli Məclisin deputatları - Elnur Allahverdiyev, Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədri Elxan Hüseynov, Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ərazi partiya təşkilatının sədr, sədr müavinləri və rayonun fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq ideologiyasının banisi, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün əldə olunan nailiyyətlərin şah əsəri heç şübhəsiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardır. Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük müharibədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirilmiş, cari il sentyabr ayının 19-20-də keçirilmiş antiterror tədbirləri ilə Qarabağda separatizm yuvası məhv edilmiş, Azərbaycan öz ərazilərində konstitusion hüquqlarını bərpa etmişdi. Oktyabrın 15-də isə Xankəndi və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalandırılması tarixi Zəfərimizin zirvəsi oldu. Şübhəsiz, bütün bunların fövqündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi güclü, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ulu Öndər Heydər Əliyev parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yollarını müəyyən etmişdir. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderin siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir.
Çıxışlardan sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü və "Heydər Əliyev ili" çərçivəsində Partiyanın ictimai-siyasi həyatında səmərli fəaliyyəti ilə fərqlənən bir qrup üzvə fəxri fərmanlar təqdim olunub.
"Respublika".