Azərbaycanın relyefi və müxtəlif iqlim tipləri burada bütün növ kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişlidir. Lakin 1970-ci illərədək bu imkanlardan heç də səmərəli istifadə olunmamışdır. Belə ki, müəyyən səbəblər üzündən əkinəyararlı torpaq sahələrinin çox hissəsi əkin dövriyyəsindən kənarda qalmışdı.
1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyinatından sonra ölkədə bütün sahələrdə tərəqqi və inkişafın təməli qoyuldu. Hər tərəfdə xüsusi canlanma müşahidə olundu. Məlumdur ki, pambıqçılıq gəlirli və rentabelli bir sahədir. Həmin zamanlarda bu sahədə inanılmaz nailiyyətlər əldə olundu.
Elə həmin zamanlarda respublikanın digər yerlərində olduğu kimi, pambıqçılıq rayonlarında da insanların maddi-rifah halı yaxşılaşmağa başladı. Bölgələrdə köhnə, yararsız şəxsi evlərin yerində yeni, işıqlı fərdi evlərin tikintisi geniş vüsət aldı.
Azərbaycan öz müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra keçmiş iqtisadi əlaqələr qırıldığından digər sahələrdə olduğu kimi, aqrar sektor da özünün tənəzzül dövrünü yaşadı. Texnika çatışmazlığı, suvarmada mövcud olan problemlər və s. nəticəsində insanların pambıqçılığa olan marağını azaltdı.
Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev respublika iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun sürətli və dinamik inkişafı, əhalinin məşğulluğunun təmin olunması, ölkədə ərzağa olan tələbatın ödənilməsi, insanların aqrar sahəyə olan marağının artırılması, bir sözlə əhalinin yaxşı yaşamasına hesablanmış tədbirlərin həyata keçirilməsi üçün bir sıra vacib qərar və sərəncamlar imzaladı. Ən başlıcası isə "Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları" qəbul olundu və icrası uğurla yerinə yetirildi. Beləliklə, ölkəmiz üçün ənənəvi, lakin yaddan çıxmış sahələrin yenidən bərpasına böyük stimul verildi. Bu gün respublikada aparılan uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan idxal edən ölkədən ixracatçıya çevrilmişdir.
Qeyd etdiyimiz kimi, pambıqçılıq strateji əhəmiyyətə malik olan sahədir. Pambıq yağı ekoloji təmiz, qiymətli, eyni zamanda insan orqanizminə hədsiz faydalıdır. Bu qiymətli bitkinin çiyidi mal-qara kökəldilməsi üçün ən kalorili yem sayılır. Mahlıcdan alınan pambıq liflərindən toxunan parçaya dünya bazarında böyük tələbat var. Bu baxımdan pambıqçılığın inkişaf etdirilməsi üçün dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Əvvəllər mövcud olan problemlər bu gün tam aradan qaldırılmışdır. Dövlət tərəfindən fermerlərə verilən subsidiyalar, lizinq yolu ilə güzəştli şəkildə kənd təsərrüfatı texnikalarının satışı, vaxtlı-vaxtında suvarmanın təşkili, mineral gübrələrə, eləcə də digər kimyəvi preparatlara təminatın dövlət tərəfindən ödənilməsi nəticəsində pambıqçılıq bu gün inkişaf dövrünü yaşayır. Bununla yanaşı fermerlərin pambıq təhvilində heç bir problem yaşanmır.
Hazırda aran rayonlarında "ağ qızıl"ın aqrotexniki qaydada becərilməsi başa çatıb. Qarabağın qapısı sayılan Oğuz yurdu qədim Bərdədə tarixən tanınmış pambıq ustaları olmuşdur. Bu gün rayonda pambıqçılığın əvvəlki şöhrəti qaytarılmış, hər kəs bu sahəyə böyük maraq göstərir.
Bərdə DAİM-in direktoru Vüqar İsmayılov bizimlə söhbət zamanı bildirdi ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalında yüksək göstəricilərə nail olunur. Bir faktı qeyd etmək lazımdır ki, cari ildə Bərdə rayonunda hər hektardan orta hesabla 45,8 sentner buğda, 41,7 sentner arpa məhsulu əldə olunmuşdur.
2023-cü ildə 8742 hektar sahədə çiyid səpini aparılmışdır. Pambıqçılıqla məşğul olan şirkətlər fermerlərlə əvvəlcədən müqavilə bağlayır, şumlamadan başlayaraq şirkətlər bütün aqrotexniki tədbirləri öz üzərlərinə götürürlər.
Cari ildə Bərdədə "MKT İstehsalat Kommersiya" şirkəti ilə 3970 hektar, "Azərpambıq" MMC ilə 2500 hektar, "P-Aqro" MMC 1850 hektar, "Namaz" MMC 222 hektar, "Azər Təsərrüfat" MMC 200 hektar pambıq sahəsi üçün 231 nəfər pambıq istehsalçısı ilə müqavilə imzalanmışdır.
Pambıq yığımı yaxınlaşdıqca kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Şirkətlərdə pambıqyığan kombaynlar təmir olunaraq saz vəziyyətə gətirilir. Eyni zamanda pambıq daşıyan traktorların və qoşquların nasazlığı aradan qaldırılır. Pambığın alış qiyməti fermerləri qane edir.
Rayonun Əyricə kəndində fəaliyyət göstərən qabaqcıl fermer Zahir Əhmədov ötən təsərrüfat ilində hər hektardan 45 sentner yüksəkkeyfiyyətli pambıq əldə etmişdir. Bir neçə günə pambıq tarlaları ağ örpəyə bürünəcək. Mütəxəssislər cari ildə də Bərdədə yüksək məhsuldarlığın əldə olunacağını proqnozlaşdırırlar.
Vəli VƏLİYEV,
"Respublika".