İƏT Azərbaycanın strateji maraqlarına cavab verir
İqtisadiyyat

İƏT Azərbaycanın strateji maraqlarına cavab verir

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin siyahısına nəzər salaq. Bura  Azərbaycanla yanaşı, Əfqanıstan, İran, Mərkəzi Asiya ölkələri, Türkiyə və Pakistan daxildir. Azərbaycan həm də Türk Dövlətləri Təşkilatının üzvüdür və təşkilata üzv ölkələrdən Türkiyəni çıxmaq şərti ilə digərləri həm də MDB-nin tərkibində də yer alır.

İƏT-in  əhatə etdiyi coğrafiya bizim üçün olduqca çox əhəmiyyətlidir. Çünki bu ölkələr demək olar ki, qonşuluğumuzda yerləşir. Məsələn,  İran və Türkiyə ilə birbaşa quru sərhədlərimiz mövcuddur. Qazaxıstan və Türkmənistan arasında su yolu vardır və onlar  həm də bizə yaxın iqtisadi partnyorlardır.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa üstünlük verir və onu genişləndirmək üçün müxtəlif platformalarda müəyyən addımlar atılır. İstər MDB, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsindəki səmərəli fəaliyyət xüsusi əhəmiyyətə malikdir.

İran İslam Respublikası da iqtisadi baxımdan ölkəmiz üçün önəmli qonşudur. Cənub qonşumuzla ticari əlaqələrin səviyyəsini artırmaq üçün  böyük potensial var. Və bu amil Azərbaycanın maraqlarına tam uyğundur. Qardaş Türkiyə dövlətilə də bu çərçivədə fəaliyyətimiz uğurludur.

Sadaladığım ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi  Orta Dəhlizin işinə də müsbət təsir göstərir. Çünki Orta dəhliz Mərkəzi Asiyadan gəlib keçən yüklərin Azərbaycan üzərindən Gürcüstana ötürülməsini təmin edir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin önəmini də vurğulamaq lazımdır. Bu dəhlizin iki əsas aktoru Azərbaycan və İrandır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri ilə maraqlarımız üst-üstə düşür. Yəni təşkilatla həm ticarət, həm dəhlizlər, eləcə də, qarşılıqlı investisiya baxımından Azərbaycanın bütün strateji maraqlarına cavab verir.

Xalid KƏRİMLİ,

iqtisadçı-ekspert.