Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinə ayrılan dövlət vəsaiti bunu deməyə əsas verir ki, doğma Vətən əvvəlki çağlarına geri qayıdacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın milli prioritetidir. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar yurd yerlərinə qayıtsınlar. Qüdrətli Azərbaycan dövləti öz xalqının Vətən həsrətinə 44 gün ərzində son qoydu. Artıq bu yurdun doğma övladları suveren ərazilərimizdə qurub-yaratmaqdadırlar.
Hazırda Böyük Qayıdış planına uyğun olaraq yolların tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, beynəlxalq hava limanlarının inşası, yeni elektrik stansiyalarının istifadəyə verilməsi, "ağıllı kəndlər"in qurulması prosesi sürətlə gedir. Bu isə onu deməyə əsas verir ki, keçmiş məcburi köçkünlər tez bir zamanda öz ata-baba yurdlarına qayıda biləcəklər. Artıq Qarabağın, eləcə də Şərqi Zəngəzurun bərpası ilə bağlı çoxsaylı layihələrə imza atılıb. Qeyd edək ki, qələbəmizdən sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılmışdır. 2024-cü ilin dövlət büdcəsində isə görüləcək işlər üçün 4 milyard manat vəsait nəzərdə tutulmuşdur. Ümumilikdə, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 milyard manat vəsait olmaqla 2022-2026-cı illərdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.
İqtisadi və sosial sahədə işğaldan azad edilən ərazilərimizin potensialı olduqca böyükdür. Bu çərçivədə Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" və Ağdam sənaye parklarında əsaslı tədbirlər görülür. Belə ki, təkcə Ağdam və Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında indiyədək investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib. Sözügedən sahibkarlıq subyektləri tərəfindən ümumilikdə, 2 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhalinin məşğulluğunun təmin edilməsi, ticarət, nəqliyyat, logistika və digər sahələrin yaradılması dövlətimizin siyasətinin əsas prioritetlərindən biridir. Hazırda Qarabağ iqtisadi zonasının inkişafı və quruculuq işlərinin təşkili prosesində 5 əsas istiqamət müəyyən edilib və bu istiqamətlərdə həyata keçirilən layihələrin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılıb. Zəngəzur dəhlizinin bərpası üçün mühüm addımların atılması, Azərbaycanın Naxçıvan Muxtar Respublikası və qardaş Türkiyə ilə quru sərhədinin təmin edilməsi regional inkişafa əsaslı təsir göstərəcək.
Bununla yanaşı "İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılmasına dair Tədbirlər Planı"nda bərpaolunan enerji mənbələrinin inkişafı, enerji infrastrukturunun müasirləşdirilməsi və enerji səmərəliliyi ön plandadır. Dövlətimiz Qarabağ və Şərqi Zəngəzurun bərpasına, yenidən qurulmasına xüsusi diqqət ayırır. Zəruri infrastruktur üçün tələb olunan tikinti materiallarının Ağdam rayonunda yerləşən "Şahbulaq" əhəng daşı yatağının "dövlət-özəl" tərəfdaşlığı çərçivəsində istifadəyə verilməsi istiqamətində təqdirəlayiq işlərin görülməsi də bu qəbildəndir.
Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Şuşa şəhərlərində çoxmənzilli yaşayış komplekslərinin, eləcə də Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı, Füzuli rayonunun Dövlətyarlı yaşayış məntəqələrinin təməlinin qoyulması da quruculuq prosesinin uğurla davam etdiyini təsdiqləyir. Bununla yanaşı, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi salınır və kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir. Bu binalarda 712 mənzil olacaq. Plana əsasən bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq. Beləliklə, Cəbrayıl şəhərinin sakinlərinin 31 illik yurd həsrəti başa çatacaq.
Böyük Qayıdış prosesi ölkəmizin öz daxili maliyyə mənbələri hesabına reallaşır. Azərbaycanın qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası işləri və iqtisadi-sosial sahələrdə islahatların davam etdirilməsi dövlət siyasətinin başlıca istiqamətlərini təşkil edir.
Qısa müddət ərzində görülən işlərin nəticəsində artıq Şərqi Zəngəzurda və Qarabağda həyat canlanır, sakinlər öz ata-baba yurduna qayıdır. Həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Hazırda sakinlərimizin qayıtdıqları ərazilərdə Ermənistanın məhv etdiyi mədəni, dini abidlərimiz bərpa edilib, nəqliyyat infrasturukturu, elektrik şəbəkəsi, su təchizatı yenidən qurulub.
Xatırladaq ki, postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq layihələri çərçivəsində yol infrastrukturunun sürətlə qurulması diqqət mərkəzində saxlanılıb. İkinci Qarabağ savaşından dərhal sonra tikintisinə başlanan 28,5 kilometrlik Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun 2020-ci ildə 101,5 kilometrlik "Zəfər yolu"nun 2021-ci ildə inşa edilməsi bunu bir daha təsdiqləyir. Eyni zamanda Laçın şəhərinə daxil olmadan 22 kilometrlik yeni alternativ avtomobil yolunun tikintisi də başa çatdırılıb. Hazırda işğaldan azad olunan ərazilərdə 14 avtomobil yolu tikilir. Həmin yolların 8-nin çəkilişinin yaxın vaxtlarda yekunlaşması nəzərdə tutulur.
Nurlan ABDALOV,
"Respublika".