Müasir dövrün aktual məsələlərindən biri də enerji təhlükəsizliyidir. Çünki illər ötdükcə dünyadakı enerji ehtiyatlarının əhəmiyyəti durmadan artır. Bu gün strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən aparıcı faktorlardan birinə çevrilib. Həmçinin zəngin enerji qaynaqlarına sahib olan ölkələrin iqtisadi və geosiyasi baxımdan aparıcı mövqedən çıxış etməsi üçün əlverişli şərait yaranıb.
Enerji təhlükəsizliyi dedikdə müəyyən bir ölkənin və ya bütövlükdə dünya birliyinin kifayət qədər enerji ilə təmin edilməsi başa düşülür. Təhlükəsizlik tədbirlərinə gəldikdə isə enerji mənbələrinə çıxış, bu sahədə yeni texnologiyaların tətbiqi, enerjinin istehsalı, saxlanılması və ötürülməsi üçün kifayət qədər infrastrukturun yaradılması və s. məsələlər nəzərdə tutulur. Azərbaycan zəngin enerji ehtiyatlarına, inkişaf etmiş enerji infrastrukturuna malik ölkələrdəndir. Dövlətimizin enerji təhlükəsizliyi siyasətinin əsası 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə qoyulub. Zəngin enerji resursları nəinki ölkəmizin iqtisadi potensialını gücləndirir, həmçinin beynəlxalq müstəvidə əməkdaşlığın qurulmasına mühüm töhfə verir. Ümumiyyətlə, Azərbaycanın Avropaya təbii qaz, elektrik enerjisi ixrac etməsi iqtisadi məsələ olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması üçün ölkəmizə iri həcmdə investisiyanın yatırılmasına zəmin yaradır. Azərbaycanın iqtisadi inkişafına böyük təkan verməklə ölkəmizə bir sıra siyasi dividendlər qazandırır.
Avropanın enerji xəritəsini dəyişən iri layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük infrastruktur layihələrindəndir. Layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması Azərbaycan qazının Avropa məkanına çatdırılmasına şərait yaradıb. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcək perspektivlərdə ölkəmizin ixrac coğrafiyasını genişləndirmək məsələsi də yer alıb. Dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin tamamlanması layihədə iştirak edən dövlətlərin uğuru kimi qiymətləndirilir. Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı təqdirəlayiq məqamlardan biri onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutlarının öz töhfəsini verməsidir. Bunlara Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı daxildir. Layihə tamamlandıqdan sonra ölkəmiz beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracını artırıb. Məsələn, 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun 8,5 milyard kubmetri Türkiyənin, 7 milyard kubmetri İtaliyanın, yerdə qalanı isə başqa üzv ölkələrin - Gürcüstanın, Yunanıstanın və Bolqarıstanın payına düşüb. Əslində dünya bazarındakı göstəricilərə nəzər yetirsək, Azərbaycan qazına yüksək tələbatın olduğunu aydın şəkildə görmək mümkündür. Belə ki, xarici dövlətlərin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini ölkəmizdən alırlar. Bu göstəricilər zaman keçdikcə yüksəlir.
Xatırladaq ki, Azərbaycanla Aİ arasında Xəzər sahillərindən Avropaya daha böyük həcmlərdə mavi yanacaq daşınmasını reallaşdırmaq məqsədilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Bu prosesə TANAP və TAP seqmentlərinin ötürücülük imkanlarının artırılması da daxildir. TANAP-ın indiki ötürmə qabiliyyəti 16 milyard kubmetr, TAP-ın isə 10 milyard kubmetrdir. Həmin göstəricilərin gələcəkdə müvafiq olaraq 32 və 20 milyard kubmetrə qədər artırılması planlaşdırılır.
Xüsusi vurğulamaq lazımdır ki, bu gün ölkəmizin beynəlxalq aləmdəki nüfuzu ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu siyasət nəticəsində artır. Enerji resurslarından düzgün istifadənin tənzimlənməsi də prosesdə mühüm rol oynayır. Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi dünyanın qabaqcıl ölkələrindən birinə çevrilməsi məhz ulu öndərin zamanında atdığı məqsədyönlü addımların təzahürüdür.
Nəzrin ELDARQIZI,
"Respublika".