Dövrümüzün ən aktual problemlərindən biri də qlobal istiləşmə səbəbindən yaranmış iqlim dəyişikliyidir. Bu məsələ ekosistemə zərər yetirməklə yanaşı, cəmiyyətlərə, həmçinin iqtisadiyyata da öz mənfi təsirini göstərir. Bu məsələnin kökündə biri digərini kəskinləşdirən, bir-biri ilə əlaqəli problemlər dayanır. Əsasən qlobal temperaturun artması saysız-hesabsız zərərli təsirlərə səbəb olur. Qasırğalar, quraqlıqlar, daşqınlar və istilik dalğaları da daxil olmaqla ekstremal hava hadisələrinin artan tezliyi və intensivliyi insan, heyvan və bütün canlıların yaşayışına mənfi təsir göstərir, həmçinin infrastrukturu məhv edir.
İqlim dəyişikliyinin bir neçə səbəbi var. Bunlardan biri də enerji, nəqliyyat və sənaye sahələrində qalıq yanacaqların (kömür, neft və təbii qaz) yandırılması, karbondioksid (CO2), metan (CH4) və azot oksidi (N2O) kimi qazların havaya buraxılmasıdır. Səbəblərdən biri də meşələrin qırılmasıdır, belə ki, meşələrin azalması planetin bu emissiyaları udmaq qabiliyyətini azaldır. Qlobal çirklənməyə ən çox töhfə verən ölkələrə gəldikdə isə, tarixən Çin, ABŞ və Hindistan kimi dövlətlər, həmçinin Avropa birliyi ön sırada olublar. Bununla belə, yüksək enerji istehlakı və ya qalıq yanacaqlardan asılı olan kiçik ölkələr də əhəmiyyətli təsirə malikdir.
Qlobal istiləşmənin problemlər yaratdığı sahələrə kənd təsərrüfatı da aid edilir. Qeyri-sabit hava şəraiti səbəbindən məhsuldarlıq azalır, ərzaq təhlükəsizliyinə təsir edən pozulmalar yaranır. Problem həm də suların çirklənməsinə, quraqlıq səbəbindən balıqçılıq təsərrüfatına da mənfi təsir göstərir. Bundan əlavə, xəstəliklərin yayılması və biomüxtəlifliyin itirilməsi sağlamlığa ziyan vurur.
İqlim dəyişikliyinin iqtisadi nəticələri isə daha dəhşətlidir. İnfrastrukturun dağıdılması, kənd təsərrüfatı məhsuldarlığının aşağı düşməsi, səhiyyə xərclərinin artması və əhalinin yerdəyişməsi ilə bağlı xərclər dünya miqyasında iqtisadiyyata ciddi ziyan vurur. Bundan əlavə, qalıq yanacaqlardan asılı olan sənaye davamlı alternativlərə keçid edərkən çətinliklərlə üzləşir, bu da təsirə məruz qalmış icmalar üçün innovasiya və uyğunlaşma tələb edir.
İqlim dəyişikliyinin yaratdığı problemlərin həlli çevik və planlaşdırılmış fəaliyyət tələb edir. Enerji istehsalı və istehlakında əsaslı dəyişiklik, qalıq yanacaqlardan bərpaolunan və davamlı mənbələrə keçid çox vacibdir. Təmiz texnologiyaya, enerji səmərəliliyinə və təcrübələrə yatırılan investisiyalar istixana qazı emissiyalarının azaldılmasında mühüm əhəmiyyət kəsb edir. Qlobal əməkdaşlıq bu böhranın həllində dayaq nöqtəsidir. Paris sazişi kimi beynəlxalq müqavilələr qlobal temperatur artımının məhdudlaşdırılması istiqamətində kollektiv fəaliyyət üçün yol göstərir. Birgə səylər, bilik mübadiləsi və resursların bölüşdürülməsi isə xüsusilə vacibdir.
Bu prosesdə günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə keçid böyük əhəmiyyət kəsb edir. Hazırda bütün dünya ənənəvi enerji mənbələrindən "yaşıl enerji"yə keçid prosesini reallaşdırır. Neft, qaz və ya kömür kimi təbii sərvətlərlə zəngin olan ölkələrdə belə, bu məsələ enerji sahəsində dövlət siyasətinin prioritetidir. Artıq bəzi dövlətlər 2050-ci ilə qədər mədən yanacaqlarından bütövlükdə imtina etməyi və "yaşıl enerji"dən istifadəyə keçməyi nəzərdə tutur. Əminliklə və qürurla demək olar ki, Azərbaycan da bu siyahıdadır, hətta bu prosesin aparıcılarındandır. Ölkəmizin yeni enerji siyasətinin vacib məqamlarından biri də Avropanın başladığı dekarbonizasiya prosesində fəal iştirakı təmin etməkdir. Bununla Azərbaycan Avropanın yeni "yaşıl enerji" təchizatçısına çevrilməyi nəzərdə tutur.
Son statistikaya görə, Azərbaycanda 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialı mövcuddur. Bura 3 min meqavat külək enerjisi, 23 min meqavat günəş enerjisi, 380 meqavat bioenerji, 520 meqavat isə dağ çayları aiddir. Həmçinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkəmizdə "yaşıl enerji" istehsalının inkişafı məsələsinə də ayrıca diqqət ayrılıb, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə qaldırılması planlaşdırılıb.
Aydın görünür ki, Azərbaycanın 2024-cü ildə evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hesabatı üçün faydalı fəaliyyəti, "yaşıl enerji" layihələri mövcuddur. Ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə strategiya və təşəbbüslərini davam etdirsə də, gündəmi zəbt etmiş bu məsələnin həlli üçün qlobal miqyasda əməkdaşlığa ehtiyac var. Buna görə də COP29 xüsusi əhəmiyyətlidir. Əminliklə demək olar ki, COP29 "yaşıl enerji"nin inkişafı və ətraf mühitin qorunması istiqamətində beynəlxalq əhəmiyyətli bir tədbir kimi yaddaşlarda qalacaq. Birgə səylər, innovativ həllər və kollektiv qətiyyət sayəsində bəşəriyyət bu böhrandan da çıxa və parlaq gələcəyə doğru yol aça bilər.
Nurcan SÜLEYMANOVA,
"Respublika".