Enerji əməkdaşlığı üzrə 2023-2025-ci illəri əhatə edən Yol Xəritəsi imzalanıb
İqtisadiyyat

Enerji əməkdaşlığı üzrə 2023-2025-ci illəri əhatə edən Yol Xəritəsi imzalanıb

Azərbaycan ilə Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə dövlət başçılarının ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafını və bütün sahələrdə möhkəmləndirilməsini əks etdirən strateji kursundan bəhs olunub, bu siyasətin enerji əməkdaşlığının inkişafında yeni səhifə açdığı diqqətə çatdırılıb. Son dövrlərdə energetika sahəsində əməkdaşlıqla bağlı əldə edilmiş razılaşmaların icrası, bu çərçivədə İşçi qrupun bu yaxınlarda Daşkənd şəhərində keçirilən iclası, hər iki ölkənin müvafiq nazirlikləri, eləcə də neft-qaz və elektrik enerjisi sahələrində fəaliyyət göstərən strukturları arasında müxtəlif layihələrlə əlaqədar aparılan müzakirələr müsbət məqamlar kimi vurğulanıb.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan-Özbəkistan çoxistiqamətli enerji əməkdaşlığı üçün geniş imkanlar və hər iki ölkənin liderləri tərəfindən bu potensialın reallaşmasını dəstəkləyən güclü siyasi iradə mövcuddur. "İnanırıq ki, birgə səmərəli fəaliyyətimiz yaxın iki il ərzində çoxsaylı enerji layihələrinin həyata keçirilməsi ilə nəticələnəcək", - deyə o qeyd edib.

Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov da ölkələrimizin enerji sahəsində əməkdaşlığının yeni mərhələyə yüksəldiyini, bu xüsusda SOCAR-ın və "Özbəkneftegaz" ASC-nin birgə fəaliyyətinin, həmçinin elektrik enerjisi, xüsusilə "yaşıl enerji" ilə bağlı perspektiv işbirliyinin enerji tərəfdaşlığının güclənməsinə töhfə verəcəyini vurğulayıb.

Görüş çərçivəsində "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi" imzalanıb. On dörd istiqaməti əhatə edən Yol Xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, Azərbaycan və Özbəkistan bərpaolunan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrübə mübadiləsi üzrə də əməkdaşlıq edəcəklər. Həmçinin bu il iyulun 26-da "Özbəkistan Milli Elektrik Şəbəkəsi" SC ilə "Azərenerji" ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq hər iki ölkənin sistem operatorları arasında əməkdaşlığın davam etdirilməsi də əsas fəaliyyət istiqamətlərindən biri kimi Yol Xəritəsində əks olunub.