“Litva sağlamlıq və müalicə turizmi
İqtisadiyyat

“Litva sağlamlıq və müalicə turizmi"

Oktyabrın 9-da Landmark hotelində Litva səfirliyinin təşkilatçılığı ilə "Litva sağlamlıq və müalicə turizmi" adlı tədbir keçirilib. Tədbirdə Litvanın kurort mərkəzlərinin nümayəndələri iştirak ediblər. Litva Respublikasının müvəqqəti işlər vəkili Viktoras Dagilis tədbiri açıq elan edərək ölkəsinin turizm imkanları barədə məlumat verib. V.Dagilis qeyd edib ki, hər il Azərbaycandan xeyli sayda turistlər müalicə üçün Litvaya üz tuturlar

Daha sonra çıxış üçün söz Litva səfirliyinin müşaviri Castinas Bakunasa verilib.  O, tədbir iştirakçılarına Vilnüs şəhəri barədə danışıb: "Vilnüs  Baltikyanı ölkələrin ikinci ən böyük şəhəri hesab olunur. Şəhərin əhalisinin sayı 560 min nəfərə çatır. Vilnüs, həmçinin gəzməli-görməli yerləri ilə məşhurdur". C.Bakunas, eyni zamanda Litvanın təbiəti barədə fikirlərini bölüşüb, bildirib ki, bütün bunlar ölkədə müalicə turizminin inkişafına töhfə verir. Tədbir çərçivəsində Litvanın müalicə turizmi ilə məşhur əraziləri haqqında videoçarx da nümayiş etdirilib. Sözügedən videoçarxda Litvanın müxtəlif bölgələrindəki kurort imkanları əks olunub.

Həmçinin Druskininkayın vitse-meri Linas Urmanaviçius Litvadakı "Druskininkay" kurortu barədə məlumat verib. Əsasən mədə-bağırsaq və tənəffüs xəstəliklərinin müalicəsi ilə məşhur olan bu məkanın üstünlükləri diqqətə çatdırılıb: "Kurortun əsas təbii müalicəvi amilləri müxtəlif mineralizasiyaya malik mineral sular və torf palçığıdır. Kurort bir vaxtlar dənizi qurudan ayıran zolağın keçdiyi yerdə yerləşir". Qeyd edək ki, L.Urmanaviçius oktyabrın 7-8-də baş tutan "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin İnkişaf Strategiyası" mövzusunda beynəlxalq elmi-praktik konfransın plenar iclas və panel müzakirələrində də iştirak edib. L.Urmanaviçius konfransla bağlı xatirələrini çıxışı zamanı bölüşüb. O, bildirib ki, Naftalandakı müalicə turizminin inkişafı dünya standartları ilə müqayisə olunacaq qədər yüksəkdir. Tədbirdə, həmçinin Druskininkay şəhər şurasının üzvü, "Draugstyle" sanatoriyasının sağlamlıq direktoru Arvidas Balcius da çıxış edib. O, Litvadakı tibbi reabilitasiya barədə məlumat verib.

Tədbirdə sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının qiymətləndirilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması yolları qeyd olunub.

Nəzrin ELDARQIZI,

"Respublika".