Avropa bazarlarının etibarlı enerji təchizatçısı olan Azərbaycan Türkiyə, İtaliya, Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələrə təbii qaz ixrac etməklə biznes və nəticələrə hesablanmış enerji siyasəti həyata keçirir. Yeni yataqların kəşfi, müasir texnologiyaların tətbiqi sayəsində təsdiq edilmiş qaz ehtiyatları daha da artır ki, bu da Azərbaycanın xam neft, təbii qaz, neft-kimya, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkə olaraq əhəmiyyətini daha da artırır. Həmçinin respublikanın külək və günəş potensialından yararlanmaqla daha təhlükəsiz, dayanıqlı enerjinin əlçatanlılığının təmin edilməsi, eyni zamanda istifadə olunan enerji resurslarının karbonsuzlaşdırılması məqsədilə əhəmiyyətli layihələr reallaşdırılır, bərpaolunan enerji mənbələrindən maksimum səmərəli şəkildə istifadə edilir.
Qeyd edək ki, "yaşıl enerji" zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurun külək enerjisi potensialı təxminən 7200 meqavat, Günəş enerjisi potensialı isə 2000 meqavatdan çoxdur. Nəhəng neft-qaz ehtiyatları ilə yanaşı, ölkəmizin bərpaolunan enerji potensialına da malik olması dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirir.
Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edən Azərbaycanda bərpaolunan enerji mənbələrinin hesabına təbii qaza daha çox qənaət edilir. Avropanın enerji təhlükəsizliyinin təminatında bərpaolunan enerji hesabına enerjiyə qənaət və enerji təchizatının şaxələndirilməsi əsas istiqamət olaraq götürüldüyündən ölkəmizdə "yaşıl enerji" zonalarının yaradılması və bərpaolunan enerji mənbələrindən daha çox elektrik enerjisi istehsal etməklə təbii qazdan istifadənin azaldılması və qənaət edilən qazın Avropaya ixracının daha da artırılması üçün mühüm addımlar atılmışdır. Bununla əlaqədar olaraq Azərbaycan ilə Səudiyyə Ərəbistanının ACWA Power və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" enerji şirkətləri arasında iki mühüm bərpaolunan enerji layihəsi imzalanmış, dünyanın aparıcı bərpaolunan enerji şirkəti olan "Masdar" tərəfindən 230 MVt gücündə günəş elektrik stansiyası, ACWA Power tərəfindən 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyasının tikilməsinə başlanılmışdır.
Hər iki layihənin reallaşması sayəsində 2030-cu ilə qədər ölkəmizin enerji sistemində bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır.
Bu il fevral ayının 3-də keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirak edən ölkə başçımız bərpaolunan enerji ilə bağlı planlardan bəhs edərək bu istiqamətdə üç əsas enerji şirkəti arasında memorandum imzalandığını bildirmiş, ölkəmizdə həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəyini və bu həcmin 10 qiqavatının "Masdar", 12 qiqavatının "Fortescue" şirkətləri tərəfindən istehsal olunacağını vurğulamışdır. ACWA Power şirkətinin isə hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəyini diqqətə çatdırmışdır. Planlaşdırılan layihələrin artıq reallaşması ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm aktor olduğunu bir daha təsdiq edir. Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edən dövlət başçımız demişdir: "...bu gün üç investisiya sazişi imzalanacaq, lakin bizim planlarımız daha genişdir. Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir".
Dünya bazarlarına neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixrac edən Azərbaycan yalnız neft-qaz ixracında deyil, həm də "yaşıl enerji" istehsalında məqsədyönlü fəaliyyət həyata keçirir. Bu fəaliyyət külək və günəş elektrik stansiyalarının yaradılması ilə yanaşı, həmçinin işğaldan azad olunmuş ərazilərdə hidroenerji potensialının inkişafına yönəlib. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda 170 meqavat gücündə hidroelektrik stansiyalarının istismara verilməsi, ilin sonuna qədər bu rəqəmin 100 meqavata qədər artırılacağının hədəflənməsi atılan addımların uğurlu nəticəsidir. Yaxın iki-üç il ərzində hidroelektrik stansiyalarının gücünün 500 meqavat olacağı nəzərdə tutulur ki, bu da yaşıl enerjiyə keçid prosesinə ölkəmizin daha bir töhfəsi olacaq. Təmiz enerji sahəsində müəyyən edilmiş məqsədləri əlçatan etmək üçün irəli sürülən təşəbbüsləri reallaşdıran Azərbaycan bu istiqamətdə mühüm yeniliklərə imza atır. Dünyanın 40-dan çox ölkəsində bərpaolunan enerji layihələrini uğurla həyata keçirən "Masdar" şirkətinin bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırması və bununla da Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərinə doğru irəliləməsinə dəstək verməsi ölkəmizə olan inamın, etibarın göstəricisidir. 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir: "Mən "Masdar"ın heç bir layihəsini görməmişəm ki, dörd nazir və Birləşmiş Ərəb Əmirliklərinin ən yüksək səviyyəli nümayəndə heyətinin üzvləri eyni vaxtda iştirak etsin. Bu, həqiqətən də böyük bir ehtiramın, hörmətin və Sizin ölkənizlə əməkdaşlığımızın nümunəsidir" deməklə bunu bir daha təsdiq etdi.
Mehparə ƏLİYEVA,
"Respublika".