REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAF PROQRAMININ MÜƏLLİFİ
İqtisadiyyat

REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAF PROQRAMININ MÜƏLLİFİ

2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Azərbaycanın bu gün regional inkişafda əldə etdiyi uğurlar nəticəsində onun bölgələri dövlətdən dotasiya alan bir ərazidən ölkənin milli iqtisadiyyatının dinamik və davamlı inkişafına təkan verən aparıcı bir qüvvəyə çevrilmişdir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Son 20 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik, qətiyyətli və uzaqgörən siyasəti nəticəsində bütün sahələrdə yüksək nailiyyətlər, uğurlar əldə olunub, respublikamızın ərazi bütövlüyü, suverenliyi tam təmin edilib.

Ümummilli lider Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir və qüdrətlənir. Cənubi Qafqaz regionunun ən güclü və lider dövləti də məhz Azərbaycandır. Prezident İlham Əliyev 20 illik prezidentliyi dövründə bütün sahələr üzrə çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların, qələbələrin, zəfərlərin müəllifinə çevrilib.

Regionların sosial-iqtisadi inkişafı möhtərəm Prezidentimizin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. 2003-cü ilin oktyabr ayının 15-də Prezident seçilən İlham Əliyevin ilk fərmanlarından biri "Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" olmuşdur. Regionların iqtisadi, sosial, mədəni həyatının elə bir sahəsi yoxdur ki, bu proqramda öz əksini tapmasın.

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı olaraq həyata keçirilir. Artıq sayca dördüncü olan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019-2023-ci illər)" icra olunur.

Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurla icrası nəticəsində regionların davamlı və tarazlı inkişafı təmin olunmuş, iqtisadi potensial yüksəlmiş, infrastruktur təminatı, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti, biznes və investisiya mühiti, əhalinin güzəranı, maddi rifah halı yaxşılaşmışdır.

Bu gün ölkənin sürətli inkişafında, tərəqqisində paytaxtla yanaşı, regionlar önəmli rol oynayır. Bölgələrin sosial-iqtisadi və mədəni mənzərəsi 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Görülən işlərin nəticəsidir ki, artıq ölkənin bir sıra şəhər və rayonları büdcədən maliyyələşmir. Bu sırada paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Şəmkir və digər rayonların adları var. Növbəti illərdə bu sayın daha da artacağı gözlənilir.

Prezident İlham Əliyev dördüncü Dövlət Proqramının icrasına yüksək diqqət göstərərək bu günə qədər həll olunmamış məsələlərin tam şəkildə öz həllini tapacağını bildirmişdir: "Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır".

Aparılan çoxşaxəli və məqsədyönlü islahatlar və genişmiyaslı tədbirlər nəticəsində ölkəmizin hərbi gücü, qüdrəti daha da güclənmişdir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində çıxışı zamanı bu barədə demişdir: "Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.

Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik".

İşğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlara qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər görülür. Həmin ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmış, Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə iqtisadi rayonların sayı 11-dən 14-ə çatdırılmışdır. Fərmana uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur yeni iqtisadi rayonları yaradılmış, bəzi iqtisadi rayonların tərkibində müvafiq dəyişikliklər edilmişdir.

Qısa vaxtda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında irimiqyaslı tikinti, quruculuq və bərpa işləri geniş vüsət alıb. Bədnam, nankor qonşumuzun, tarixi düşmənimizin viran qoyduğu, xarabazara çevirdiyi rayonlarda yeni yaşayış massivləri salınır, məktəb, bağça, xəstəxana, vacib sosial obyektlər tikilir, magistral yollar, işıq, qaz, su xətləri çəkilir, yeni və müasir infrastruktur yaradılır.

Ölkə başçısının rəhbərliyi ilə Şuşa şəhəri əsaslı şəkildə yenidən qurulur. Füzuli və Zəngilan rayonlarında beynəlxalq hava limanları tikilib istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması nəzərdə tutulub.

İşğaldan azad edilmiş rayonlarda "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələri uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı, sənaye, turizm və digər sahələrin inkişafı üçün lazımi işlər görülür. Artıq qədim yurda, əzəli ata-baba torpaqlarımıza böyük qayıdış başlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin bölgələrinə müntəzəm səfərləri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Regionların inkişafı naminə uğurla reallaşdırılan Dövlət proqramları qeyri-neft sektorunun, sosial infrastrukturun yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və nəticədə rifah halının yaxşılaşmasına güclü stimul yaradıb. Regionlarda turizm potensialı sürətlə inkişaf edir. Kənd təsərrüfatı sahəsində irəliləyişlər göz önündədir. Yaradılmış münbit şərait, əlverişli imkanlar nəticəsində yerli və xarici investorlar bölgələrimizə sərmayə qoyur, yerli istehsalın artmasına layiqli töhfələr verirlər.

Möhtərəm Prezidentimizin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası bölgələrdə iqtisadiyyatın, kiçik və orta sahibkarlığın inkişafını sürətləndirir, biznes mühitinin yaxşılaşdırılması üçün geniş imkanlar açır. Həyata keçirilən tədbirlər regionların iqtisadi inkişafında mövcud olan fərqin aradan qaldırılmasını və regional tarazlığın əldə olunmasını təmin etməklə yanaşı, ölkəmizin iqtisadi gücünü, qüdrətini daha da artırır. Dövlətimizin başçısının qeyd etdiyi kimi "Aparılan siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır".

Əlisəfa HƏSƏNOV,

"Respublika".