Ölkəmiz Vətən müharibəsində işğal altındakı torpaqlarımızı azad etməklə, regionda yeni reallıqlar yaradıb. Bu geosiyasi dəyişiklik, Zəngəzur dəhlizinin açılması mövzusunda da ortaya çıxır. Dəhliz sadəcə Naxçıvan ilə Azərbaycanı deyil, Asiya ilə Avropanı birləşdirmək baxımından da beynəlxalq önəm daşıyır.
NATO Parlament Assambleyasının (PA) Madriddə keçirilən 68-ci sessiyasına təqdim olunan, Zəngəzur dəhlizi ilə bağlı təklif qəbul edilib. Türkiyənin Böyük Millət Məclisinin, NATO Parlament Assambleyasının (PA) - İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin üzvü, MHP sədrinin müavini, professor Mevlüt Karakaya bildirib ki, "Bir kəmər, bir yol" və Zəngəzur dəhlizi hazırda ən aktual məsələdir.
Millət vəkili ötən ilin noyabrında keçirilən sessiya zamanı təklif olunan və hesabata əlavə edilən bənddə əsas diqqəti açılacaq Zəngəzur dəhlizi mövzusuna yönəldib: "Təklifdə Azərbaycanın Avroatlantik regionun enerji təchizatında oynayacağı rolu və Zəngəzur dəhlizinin NATO müttəfiqlərinin enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulamışdıq. Bu, qəbul olundu. Zəngəzur dəhlizi regional təhlükəsizlik, əməkdaşlıq və iqtisadi tərəqqi baxımından mühüm əhəmiyyət kəsb edir".
Zəngəzur dəhlizinin açılması enerji təhlükəsizliyinin təmin edilməsi və iqtisadi tərəqqi cəhətdən önəmli olmaqla yanaşı, həm də türk dünyasını birləşdirmək baxımından əhəmiyyətlidir. Dəhlizin açılması ilə Azərbaycanın üçüncü tərəf ölkələrinə hava və dəmir yolu nəqliyyatından asılılığı azalacaq və Naxçıvan istiqamətindən birbaşa quru yolu ilə hərəkət təmin ediləcək. Bu isə regional əlaqələrin və ticarət imkanlarının artması deməkdir. Naxçıvana çıxışın asanlaşması malların, investisiyaların və insanların axınına təkan verəcək bununla da, regionda iqtisadi inkişaf təmin olunacaq. Bunu eyni zamanda, iş yerlərinin yaradılması və rifahın artması kimi qiymətləndirmək olar.
Dəhlizin açılması Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasına da müsbət təsir edəcək. Təkmilləşdirilmiş nəqliyyat əlaqələrinin təmin edilməsi mədəni mübadilə cəhətdən bölgədəki müxtəlif icmalar arasında əməkdaşlığı gücləndirəcək. Yəni bu yolun açılması həm də reinteqrasiya prosesinin sürətlənməsi deməkdir. Zəngəzur dəhlizinin açılması neft və təbii qaz kimi enerji resurslarının Azərbaycandan beynəlxalq bazarlara tranzitinə imkan yaratmaqla, ölkənin enerji təchizatçısı kimi rolunu artıracaq.
Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Azərbaycana rəsmi səfər edib. Naxçıvanda Prezident İlham Əliyevlə görüşündə iki qardaş ölkənin münasibətlərinin inkişafında rol oynayacaq sənədlərə imza atılıb.
Liderlərin görüşü zamanı İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Türkiyə Prezidenti səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində deyib: "Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur dəhlizini, həm də Laçın yolunu sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik".
30 ildən çoxdur ki, Naxçıvanın təbii qazı İran vasitəsilə alması muxtar respublikanın daimi və etibarlı şəkildə mavi yanacaqla təmin olunacağına əminlik yaratmırdı. İğdır-Naxçıvan qaz kəmərinin inşası ilə bu kimi məsələlər artıq öz həllini tapacaq, Naxçıvan əhalisinin hər iki mənbədən daimi qaz alması təmin ediləcək. Qeyd edək ki, Azərbaycandan Naxçıvana əsas nəqliyyat növü yalnız hava nəqliyyatıdır. İşğal müddətində muxtar respublikanı Azərbaycanla birləşdirən dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsinin sökülməsi ilə əlaqələr kəsilib. Bu səbəblə, Zəngəzur dəhlizinin açılması ən vacib məsələlərdən biridir.
Nurcan SÜLEYMANOVA,
"Respublika".