Yeni qlobal siyasi düzənin formalaşması ölkələrarası qarşıdurmalara səbəb olur. Belə ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS qruplaşması arasında da müharibə başlayıb. Müharibənin nə vaxt bitəcəyi isə hələlik məlum deyil. Amma tərəfləri savaşa sövq edən qüvvələrin aktiv olduğu müddətdə müharibənin daha da genişlənəcəyi ehtimal olunur. Əslində vəziyyəti dərindən təhlil etsək, münaqişələrin alovlandırılmasında Qərbin təsirini açıq şəkildə görmək mümkündür. Başqa sözlə, Qərbin "xaosdan zövq alan" ölkələri müxtəlif bölgələrdə hərbi toqquşma yaratmaqla həmin ərazilərə müdaxilə etmək məqsədi güdürlər. Bu məsələdə ABŞ-ın da izi görünür.
Cərəyan edən hadisələrdən görürük ki, rəsmi Vaşinqton HƏMAS-la İsrail arasında müharibə başlayandan bəri vəziyyəti stabilləşdirmək üçün heç bir addım atmayıb. Sadəcə, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan deyib ki, HƏMAS-ın atəşkəslə bağlı təklifləri var, amma onlar qeyri-realdır və qəbuledilməzdir. C.Sallivan təkliflərin nədən ibarət olduğu barədə açıqlama belə verməyib. Daha bir məqam isə əksər hallarda "sülh bələdçisi" rolunda çıxış etdiyini qələmə verən Ağ Evin bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərməsidir. Bu isə münaqişənin daha da qızışmasına gətirib çıxarır. Qərbin xain planlarının icraçısı rolunda Fransa da özünü büruzə verir. Rəsmi Paris "səlibçi yanaşması" göstərərək münaqişəyə öz müstəmləkə təfəkkürü ilə yanaşır.
Qərbin Yaxın Şərqdə münaqişələri alovlandırmaq istəyinin əsasında isə bir sıra xain niyyətlər dayanır. İlk olaraq, Qərb bununla süni şəkildə növbəti dünya müharibəsi yaratmaq məqsədi güdür. Bu baş verdikdə isə Qərb dünyanın və Avropanın xəritəsini dəyişəcəyinə ümid edir. Təsadüfi deyil ki, artıq dünyanın siyasi gündəmində Üçüncü Dünya müharibəsi təhlükəsi ilə bağlı mülahizələr yer alır. Hətta beynəlxalq səviyyədə nüfuz qazanmış siyasətçilər belə bu barədə fikir söyləyiblər. Bu siyasətçilər arasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş da yer alıb. Belə ki, o, Üçüncü dünya müharibəsinin yaxınlaşdığını bildirib. Eyni zamanda, Almaniyanın müdafiə naziri Boris Pistorius da Avropaya xəbərdarlıq edərək söyləyib ki, region yaranacaq hər bir təhlükəyə hazır olmalıdır.
Bütün bunlara əsaslanaraq yeni savaş təhlükəsinin günü-gündən aktuallaşdığını söyləyə bilərik. Şübhəsiz, bu məsələdə Qərbin münaqişəni qızışdırması daha qabarıq görünür. Dünyanın müxtəlif bölgələrindəki mövcud mürəkkəb vəziyyət də üçüncü dünya müharibəsi amilini ortaya qoyur. Çünki, hazırda aktiv olan münaqişələrdə ölkələri qızışdıran üçüncü tərəflər öz "xaos bombasını" işə salırlar. Görünən odur ki, mövcud müharibələr tez bir zamanda başa çatmazsa, təhlükənin qarşısını almaq mümkün olmayacaq. Bu, daha böyük güclərin, həmçinin müharibə iştirakçılarının müttəfiqlərinin münaqişələrə qoşulması ilə nəticələnəcək.
Qərbin bugünkü münaqişələrin alovlandırılmasındakı iştirakının arxasında isə təkcə hərbi yox, həm də siyasi və ideoloji maraqlar dayanır. Bunu uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsi fonunda da görmək mümkündür. Bu gün rəsmi Vaşinqton açıq şəkildə Ukraynadakı müharibədə fəal iştirak edir. ABŞ, həmçinin Ukraynaya dəstəyini də gizlətmir. Bu isə Qərb və Rusiya arasındakı maraqların toqquşmasından irəli gəlir. Daha dəqiq desək, Qərb Ukraynadan Rusiyaya qarşı istifadə edir. Hələ müharibənin ilk vaxtlarında Qərb daha ehtiyatlı hərəkət edirdi, indi isə tam əksinədir. Sonda isə deyə bilərik ki, əgər Qərb bu çirkin oyunlarına və ambisiyalarına davam etsə, yeni müharibə təhlükəsi realdır.
Nəzrin ELDARQIZI,
"Respublika".